Məhkəmə qərarları › İş №2(001)-2074/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2074/2023

23.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2074/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 09 oktyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 100000 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 23-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 7670 manat manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə "xxxx" ASC arasında X3 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovdadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın "xxxx" ASCdə yerləşdirilmiş əmanətinə yonəldirilmişdir. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 100000 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də, kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, o, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X4 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə olan öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 09 oktyabr 2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, 158 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, halhazırda ödəniş etmək iqtidarında deyil, mənzil üçün olan borcunu ödəyə bilməyəcək. Ona görə də, mənzilin MTK-ya qaytarılmasını istəyir, iddia ərizəsinin təmin edilməsinə, müqavilənin ləğv edilməsinə və mənzilin iddiaçıya qaytarılmasına razıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında məhkəməyə bildirdi ki, o, hal-hazırda uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Gedəsi bir yeri yoxdur. Dəfələrlə cavabdehə təklif edib ki, mənzili özləri satıb borcu bağlasınlar, lakin cavabdehlə hər hansı ortaq məxrəcə gəlmək mümkün deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(009)-1374/2022 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə ünvan 1, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbədə yerləşən 158 saylı mənzilə görə birgə nikah dövründə ödənilmiş 56.653 manatın ½ hissəsini təşkil edən 28.326 manat məbləğində pulun tutulması qət edilmiş, lakin həmin pul cavabdeh tərəfindən ona hələ də ödənilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, İddiaçı pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan 1ci binasında 2-ci blok, 11-ci mərtəbə, 158 nömrəli 2 otaqlı mənzili tikib Cavabdeh mülkiyyətinə verməyi; Cavabdeh isə mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında İddiaçı birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda İddiaçı "xxxx" ASC və Cavabdeh arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn Cavabdeh öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.11-ci bəndinə müvafiq olaraq, Cavabdeh tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Cavabdeh qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış X3 saziş çərçivəsində "xxxx" ASC Cavabdeh 240 ay müddətinə kreditdən istifadəyə görə illik 10% ödəmək şərtilə 100000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti qaytarmağı və ona hesablanmış faizləri "xxxx" ASCyə ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038-K.A saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038 saylı Kredit müqaviləsindən irəli gələn pul tələbləridir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçınə yönəlmiş xx.xx.2022-ci il tarixli, 1604 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, 038 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış Zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönləndirilmişdir. İş materiallarında olan Mənzil kreditinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022ci il tarixli, 22-21557/2022 saylı Cavabdeh və İddiaçınə ünvanlanmış bildirişdən görünür ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038 №-li Təminatlı Kredit müqaviləsinə əsasən Bank Cavabdeh 100000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 23-ü tarixindən gec olmayaraq ödəməli idi. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 7670 manat təşkil edir və bununla da o müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit Müqaviləsinin 13.2-ci bəndinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit Müqaviləsinin 13.9-cü bəndinə əsasən Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2019-cu il tarixli 038 №-li "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, bina 1, blok 2, mərtəbə 11, mənzil 158, 75.2 kv.m., 2 otaqlı mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Yuxarıda göstərilənləri nəzərə alaraq, 5 iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 7670 manat məbləğində borc ödənilməsə, ABB borcu tələb etməklə 038 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini "xxxx" MTK-ya müraciət edəcək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəh, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, bina 1, blok 2, mərtəbə 11, mənzil 158, 75.2 kv.m., 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda aşağıdakılar göstərilmişdir: “ ... həqiqətən "xxxx" ASC Daxili ipoteka krediti seqmenti üzrə “Səbail” filialının müştərisi olan fiziki şəxs Cavabdeh Rəfael oğlu (********************) 23 oktyabr 2019-cu il tarixli 038 №-li Kredit Müqaviləsinə əsasən xx.xx.2039-cu il tarixinədək, illik 10%-lə 100000 manat məbləğində kredit verilmişdir. Hal-hazırda "xxxx" ASC Daxili ipoteka krediti seqmenti üzrə “Səbail” filialı qarşısında Cavabdeh Rəfael oğlunun 23 oktyabr 2019cu il tarixli 038 №-li Kredit Müqaviləsinə əsasən 11 may 2023-cü il tarixinə əsas borc 94468,76 manat, faiz borcu 10583,75 manatdır. 11 may 2023-cü il tarixinə gecikmə borcu 10705,89 manatdır”. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1374/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü İbrahim və xx.xx.2019-cu il təvəllüdlü Mikayıl adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə olduqları zaman İddiaçı MTK Azadlıq 2 filialı tərəfindən inşa edilmiş ünvan 1, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbədə yerləşən, 2 otaqlı, 158 saylı mənzili əldə etmək məqsədi ilə MTK ilə müqavilə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MTK Azadlıq 2 filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli payçı müqaviləsinə əsasən MTK inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbə, 158 saylı 2 otaqlı mənzili cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə ümumi dəyəri 129.344 manat olan, ilkin ödənişi 29.344 manat ödənilən, qalan 100.000 manatı isə MTK və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar birgə nikah dövründə mübahisəli mənzilə görə ilkin ödəniş kimi 29.344 manat, sonradan isə hazıradək 27.309 manat olmaqla, cəmi 56.653 manat məbləğində pul vəsaiti ödəmişlər. Bu səbəbdən o, mübahisəli mənzilə görə birgə nikah dövründə ödədikləri 56.653 manatın yarısının, 28.326 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbədə yerləşən 2 otaqlı 158 saylı mənzilin tərəflərin birgə nikah dövründə olduqları zaman əldə edilməsi ilə bağlı İddiaçı MTK Azadlıq 2 filialı ilə müqavilə bağlandığından və həmin mənzilin pay haqqı kimi ilkin olaraq 29.344 manat, sonradan isə hissə-hissə 27.309 manat olmaqla, cəmi 56.653 manat pul vəsaitinin ödənilməsi müəyyən edildiyindən, həmin daşınmaz əmlakın əldə edilməsinə görə ödənilmiş pul vəsaiti tərəflərin ümumi birgə mülkiyyəti hesab edilir. Məhkəmə qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilməli, tərəflərin birgə nikahda olduqları zaman əldə etmək məqsədi ilə bağladıqları müqaviləyə əsasən daşınmaz əmlaka görə ödənilmiş 56.653 manatın ½ hissəsi - 28.326 manat cavabdehdən (*Cavabdeh) tutularaq iddiaçıya ödənilməlidir”. Göründüyü kimi, uşaqları ilə birlikdə mübahisəli mənzildə hal-hazırda yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mübahisəli mənzilə münasibətdə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş, həmin qətnamənin icrası hər hansı faktların baş verməsi ilə şərtləndirilməmiş, məhkəmə qətnaməsi ilə Cavabdeh X1 xeyrinə 28.326 manat məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 598.2-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 598.4-cü maddəsinə müvafiq olaraq, əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı Payçı müqaviləsi ləğv edilməli; Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbə, 158 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçınə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı Payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbə, 158 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə qaytarılsın. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə göndərilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar