Məhkəmə qərarları › İş №2(001)-2078/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2078/2021

14.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2078/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan ev obyekt kimi istifadə olunması formasında tikilmiş və tikilinin birinci mərtəbəsi tanışı olan şəxsə icarəyə vermiş, tikilinin ikinci mərtəbəsinin 240 kv.m. sahəsini isə 2020-ci ilin iyun ayında icarəyə vermək istəyərkən hazırkı cavabdeh iddiaçı ilə görüşərək həmin sahəni icarəyə götürmək istədiyini bildirmiş və aylıq icarə haqqı ilə maraqlanmışdır. İddiaçı həmin sahəni 1500 manata icarəyə verdiyini, bütün kommunal xərclərin, ödənişlərin, icarə haqqına ödəniləcək verginin də icarədar tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh həmin məbləğlə və şərtlərlə razılaşaraq obyekti çay evi, kafe odaraq işlədəcəyini və bütün məsələlərə özünün cavabdeh olduğunu bildirmiş, lakin şərti ondan ibarət oldu ki, onun təklif etdiyi işləri iddiaçı öz vəsaiti hesabına tez bir vaxta görərək başa çatdırsın, həmin işiər başa çatana kimi o, aylıq iddiaçıya 750 manat, bundan sonra isə 1500 manat ödəyəcəkdir. Cavabdeh obyektin açarlarını iddiaçıdan qəbul etmiş və təxminən 2-3 gündən sonra fəaliyyətə bağlamaq üçün avadanlıqlarını obyektə gətirdi. İddiaçı cavabdehlə razılaşdığı işləri 40-45 gün ərzində tam gördürərək başa çatdırmış, cavabdehin təklifi ilə obyektin ikinci mərtəbəsindəki 32 kv.m. balkonu təmir etdirmiş, sahəyə əlavə qapılar, pəncərələr qoydurmuş, yay-payız aylarında istifadə olunması üçün obyektin həyətinə 100 kv.m. tam olaraq metlax daşlar düzdürmüş, həyətdəki təmirsiz olan iki otağı təmir etdirmiş, əlavə bir otaq və sanitaq qovşağı tikdirərək təmir etdirdmiş, bu işlərin görülüb başa çatdırılmasına iddiaçının 20000 manat xərci çıxmışdır. Həmin vaxtlar cavabdeh obyekti işlədirdi və iddiaçı müəyyən materialların alınması üçün həmin vaxtlarda cavabdehdən bir-neçə dəfəyə olmaqla cəmi 1750 manat pul almışdır ki, icarə haqqını ödəyərkən hesablaşarıq. 2020-ci ilin sentyabr ayının əvvəlində iddiaçı cavabdehə bildirdi ki, aralarındakı münasibətlər rəsmiləşdirilməli və onlar notariat ofisinə gedərək 07.09.2020-ci il tarixdə müqavilə bağladılar. Müqavilənin müddəti üç il, icarə haqqı cavabdehin tələbinə əsasən 300 manat müəyyən edilmişdir. Cavabdeh bildirdi ki, həmin məbləğ formal olaraq qeyd olunur, o, razılaşdırdıqları məbləği iddiaçıya ödəyəcək. Eləcə də, əlavə etdi ki, hazırda pandemiyadır, işlər zəif gedir, düzələndə müqaviləni dəyişərlər. Cavabdehlə aralarında rəsmi icarə müqaviləsi bağladıqdan bir müddət sonra o, bildirdi ki, işlər yaxşı getmir, saat 9-dan sonra işləməyə imkan vermirlər, bəzən 2-3 gün işləmirlər və onlar razılaşdılar ki, pandemiya dövründə icarə haqqı kimi aylıq 750 manat ödənilsin. Cavabdeh iyul, avqust, sentyabr, oktyabr, noyabır aylarını tam, dekabır ayını isə ayın 14-nə kimi müəyyən fasilələrlə işləsə də, demək olarki 1 manat da olsun icarə haqqı ödəməyib, ona rəsmi olaraq icarəyə verilmiş sahədən başqa ikinci mərtəbədə olan əlavə 70 kv.m. sahəni də iddiaçının razılığı olmadan zəbt edərək istifadə etmiş, tam təmirli vəziyyətdə olan obyektdə iddiaçının razılığı olmadan əlavə kosmetik işlər və yenidən qurma işləri apararaq iddiaçının mülkiyyətini yararsız vəziyyətə salmış, işlədiyi dövrdə obyektin həyətində iddiaçının təmir etdirdiyi otaqda tanışı olan bir qadının qalmasını təmin etmiş, vergi orqanlarında qeydiyyata durmadığından dəfələrlə iddiaçı narahat olmuş, obyektdə musiqinin səsindən narahat olan qonşular iddiaçıya şikayət edərək obyektin bağlanmasını tələb ediblər. Əks təqdirdə polisə şikayət edəcəklərini bildirmişdirlər. İddiaçı dəfələrlə cavabdehdən qonşuların narahatlığına son qoymasını, vergi orqanı ilə işlərini yoluna qoymasını, orada saxladığı qadınları oradan uzaqlaşdırmasını, icarə haqqını ödəməsini tələb etsə də, cavabdeh iddiaçının dediklərinə əhəmiyyət verməmiş, sonuncu dəfə iddiaçı cavabdehə telefonda xəbərdarlıq edərək icarə müqaviləsini birtərəfli qaydada pozduğunu bildirmiş və ona məxsus əmlakların oradan götürməsini və iddiaçıya borclu qaldığı 2500 manat icarə haqqını ödəməsini tələb etsə də o, bundan imtina edərək iddiaçını hədələmiş, obyekti boşaltmayacağını, işlədəcəyini və iddiaçıya icarə haqqı ödəməyəcəyini bildirmişdir. Cavabdeh iddiaçının razılığı olmadan ona icarəyə verdiyi tam təmirli sahənin divarlarına müxtəlif rəngli, əsasən də, qara rəngli boyalar yaxaraq divarları eybəcər bir vəziyyətə gətirmişdir. Həmin sahəni təmir edərək əvvəlki vəziyyətə gətirmək üçün 2500-3000-manat vəsait tələb olunur. 08.01.2021-ci il tarixdə iddiaçı rəsmi olaraq cavabdehə müraciət edərək aralarında bağladıqları icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyimi, 10 gün müddətinə icarəyə götürdüyü sahən boşaldaraq ona qaytarmağını və borclu qaldığı icarə haqqını tam olaraq ödəməsini tələb etmişdir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ev 43H-nin cavabdehin avadanlıqlarının yerləşdiyi ikinci mərtəbəsini 2021-ci ilin yanvar ayından tikiş sexi kimi istifadə etmək üçün aylıq 1500 manata başqa şəxslər icarəyə götürmək istəyir, lakin cavabdeh həmin sahəni boşaltmaq istəmədiyindən iddiaçı mülkiyyətində olan obyekti icarəyə verə bilmir və cavabdehin bu hərəkəti iddiaçının mülkiyyətindən istədiyi kimi istifadə edərək gəlir əldə etmək hüququnu məhdudlaşdırır və iddiaçı hər ay cavabdehin təqsiri ucbatından 1500 manat gəlirdəm məhrum olur. Qeyd olunanlara əsasən iddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanının ikinci mərtəbəsinin 240 kv.m. sahəsi barəsində Cavabdeh ilə aralarında bağlanılmış 07 sentyabır 2021-ci tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş sahənin boşaldılaraq ona qaytarılması; cavabdehin iddiaçıya borclu qaldığı 2500 manat icarə haqqı və iddiaçının cavabdehə obyekti boşaltmaq üçün müraciət etdiyi 08.01.2021-ci il tarixdən sonrakı ayın, yəni 08.02.2021-ci ildən başlayaraq obyekti boşaldacağı günədək hər ay məhrum olduğu 1500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi təmir işlərini İddiaçı öz obyektində aparıb və həmin təmir işləri edilmədən obyekti icarəyə verə bilməzdi. Bundan əlavə iddiaçının icarə ilə bağlı vergi ödənişlərinin cavabdeh tərəfindən veriləcəyi qeyd etməsi həqiqətə uyğun deyil. Eyni zamanda iddiaçının cavabdehin əşyaları obyektdən çıxarılmadığından həmin sahəni icarəyə verə bilməməsi barədə dəlilləri də əsassızdır. Belə ki, iddiaçı obyekti dekabr ayından bağlayıb, açarı cavabdehə vermir, cavabdehin bütün müraciətləri cavabsız qalıb, cavabdeh heç bir halda əşyaları çıxarda bilməzdi. Həmçinin iddiaçı müqavilə predmeti olan daşınmaz əmlakda təmir işləri aparmış, lakin öz iddia ərizəsində İddiaçı bunu qeyd etməmişdir. Cavabdehin icarəyə verilmiş sahənin təmirinə çəkdiyi xərclər qiymətləndirilməyənə qədər və hər iki tərəfin kompensasiyası müəyyən edilmədən işin mahiyyəti üzrə baxılması mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, icarəyə verilmiş sahənin açarı cavabdehdən alınmamışdır. Sadəcə elektrik enerjisinin istifadəsinə görə xərclərin ödənilməməsi səbəbindən obyektə elektrik enerjisinin verilməsi dayandırıldığından, obyektin elektrik enerjisi ilə işləyən qapıları bağlanmışdır. Lakin cavabdeh icarəyə verilmiş sahənin boşaldılmasına bir dəfə də olsun cəhd etməmiş və iddiaçıya bildirmişdir ki, sahə onun tərəfindən boşaldılmayacaq və iddiaçı hələ çox maddi itkilərə məruz qalacaq. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçı ilə icarə müqaviləsini 07 sentyabr 2020-ci il tarixdə bağlamış və obyekti lazımi vəziyyətə gətirmək üçün ora 5000 manatdan çox xərc çəkmişdir. Həmin yerdə karaoke klub işlədəcəyinə görə, divarları xüsusi akustik materialla örtmüşdür. İcarə müqaviləsində icarə haqqı 300 manat göstərilsə də, iddiaçı ilə işlədiyi dövr üçün aylıq 1500 manat, pandemiya dövrü üçün isə aylıq 750 manat icarə haqqı ödənilməsi barədə razılığa gəlmişlər. Lakin pandemiya vəziyyətinin olması, müharibənin başlaması, komendant saatının tətbiq edilməsi onun işlərinin normal qaydada getməsinin qarşısını aldı. İddiaçıya iyul ayında beh kimi 1500 manat, sentyabr ayında 350 manat, oktyabr ayında 750 manat, noyabr ayında isə 400 manat ödəniş etmişdir. Həmin vaxtdan iddiaçıya hər hansı ödəniş etməmişdir. Bekı ki, əvvəl özü də həmin sahədə yaşasa da, dekabr ayından oradan çıxmış və ondan sonra obyekti işlətməmişdir. Özüdə də başa düşürdü ki, onların artıq hər hansı əməkdaşlıq etmələri mümkün deyil. Onun hal-hazırda əmlaklarını icarəyə verilmiş sahədən çıxarılmasına imkanı yoxdur. Belə ki, o, obyekti icarəyə götürdükdə, bütün əlində olanları ora qoymuş, hətta borc pul da götürmüşdür. İddiaçı ondan obyektin boşaldımasını fevralın əvvəllində tələb etmiş, lakin o, ona həmin vaxt da bildirmişdir ki, onun bunu etməyə pulu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 11.10.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 07.09.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. sahəsi Cavabdeh 07.09.2023-cü il tarixədək icarəyə verilmiş və icarə haqqı 300 manat müəyyən edilmişdir. İş materiallarında olan 08.01.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh bildirilmişdir ki, icarə müqaviləsinə birtərəfli qaydada xitam verilir və ondan icarəyə verilmiş sahənin boşaldılması tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 685.2-ci maddəsinə müvafiq olaraq, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Mülki Məcəllənin 686-cı maddəsinə görə, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında münasibətlər iyul ayından başlanmış, iddiaçı üzərinə obyektdə müəyyən təmir işlərinin aparılması öhdəliyini götürmüş, həmin işləri icra edərək obyekti cavabdehə təhvil vermiş və 07.09.2020-ci il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində icarə haqqı 300 manat müəyyən edilsə də, tərəflər arasında razılaşdırılmış icarə haqqı 1500 manat olmuşdur. Lakin pandemiya müddətində iddiaçı tərəfindən cavabdehə güzəşt edilmiş və 750 manat icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 750 manat tam həcmdə yalnız bir ay ödənilmiş, qalan aylar ərzində icarə haqqı hissə-hissə ödənilmiş və sonuncu dəfə ödəniş noyabr ayında olunmuşdur. Cavabdeh dekabr ayından icarəyə verilmiş sahədən çıxsa da, obyektin boşaldılaraq iddiaçıya qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, obyektdə quraşdırılan xüsusi avadanlıqlara 5000 pul xərcləmiş və həmin xərcləri iddiaçı tərəfindən qarşılanmalıdır. İddiaçı isə həmin pulu ödəməkdən imtina edir və imtinasını onunla əsaslandırır ki, qeyd olunan avadanlıqlar icarəyə verilmiş sahəyə onun xahişi ilə quraşdırılmamış və onlar ona həmin sahədə lazım deyil, əksində onların cavabdeh tərəfindən çıxarılıb aparılması onun da mülkiyyətindən maneəsiz istifadəsi üçün zəruridir. Məhkəmə icarə müqaviləsində icarə haqqının 300 manat müəyyən edilməsini və iddiaçının ona cavabdeh tərəfindən cəmi 1750 manat ödənilməsini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının hal-hazırda irəli sürdüyü ödənilməmiş 2500 manat icarə haqqı tələbi əsassızdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ilkin olaraq məhkəməyə müraciət edilərkən cavabdehdən hər hansı pul məbləği tələb olunmamış, həmin tələb cavabdehin məhkəmə iclaslarında nümayiş etdiyi mövqe əsasında formalaşmışdır. Belə ki, hazırkı iş məhkəməyə 25.01.2021-ci il tarixdə daxil olmuş, cavabdeh 09.02.2021-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasından başlayaraq bütün məhkəmə iclaslarda iştirak etmiş və birinci gündən iddia tələbinə qarşı çıxaraq, icarə haqqını ödəməsə belə, icarəyə verilmiş sahənin boşaldılmasına yalnız iddiaçı tərəfindən müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə razı olduğunu bildirmişdir. Bunu nəzərə alaraq, məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan sahənin qərəzli şəkildə iddiaçıya təhvil verməməkdən çəkindirmək məqsədilə ondan 08.02.2021-ci il tarixdən başlayaraq icarəyə verilmiş sahənin boşaldıcağı günədək hər ay 300 manat məbləğində pulun (əldən çıxmış fayda olaraq) tutulmasını zəruri hesab edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir: real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər”. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələ biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərər) ifadə edir. Burada zərər şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi izah edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, mülkiyyətçinin icarəyə verdiyi 240 kv.m. sahənin icarəsinə görə almalı olduğu icarə haqqını aylarla almamaqla və cavabdehin icarə haqqını ödəməsə də, icarəyə götürdüyü sahəni mülkiyyətçiyə təhvil vermədiyinə görə, sahəni digər şəxslərə icarəyə vermək hüqququndan məhrum olunmaqla müəyyən maddi itkilərə məruz qalması aşkardır. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsi mövcud olduğundan və həmin müqavilədə icarə haqqı 300 manat müəyyən edildiyindən, bir ay üçün əldən çıxmış fayda 300 manat olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli; 08.02.2021-ci il tarixdən başlayaraq və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. 08.02.2021-ci il tarixdən başlayaraq və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar