Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2091/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün 500 manat məbləğində aylıq alimentin təyin edilməsi və valideynlik borcunu yerinə yetirmədiyi əvvəlki illər üçün ödəmədiyi aliment məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2010-cu il tarixində hər ikisinin razılığı ilə aralarında kəbin kəsdirərək ailə həyatı qurmuşlar. Birgə evliliklərindən xx xxxxxxxx 2013-cü il tarixdə oğluları X3 anadan olmuşdur. Birgə yaşadıqları müddətdə ailə münasibətləri normal olub. Onlar bir-birilərini başa düşmüş, aralarında heç bir narazılıq olmamışdır. Lakin bir müddət keçdikdən sonra münasibətləri tədricən soyumuş, nəhayət Samir uşağın 1 il 6 aylıq yaşı olan zaman onları tərk etmiş, hal-hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan oğuları onun himayəsindədir. Cavabdeh onları tərk etdiyi vaxtdan hazırki vaxta qədər uşağın saxlanılması, maddi ehtiyaclarının təmin edilməsi üçün heç bir kömək göstərməmiş, maraqlanmamış, ümumiyyətlə onlarla heç bir əlaqə saxlamamışdır. O cavabdehə aliment tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini müxtəlif yollarla bildirmişdi. Halbuki, qüvvədə olan qanunvericiliyə görə, bu onun valideynlik borcudur. İndiyə qədər oğularını öz hesabına saxlasa da, hazırda maddi imkanı azaldığından, artıq bu işlərin öhdəsindən təklikdə gələ bilmir. Bu isə öz növbəsində azyaşlı Mübarizin rifah halının mənfi istiqamətdə pisləşməsinə öz təsirini göstərmişdir. Məlumat üçün onu da əlavə edir ki, onların ailə qurmaqları yalnız dini kəbinlə təsdiqlənsə də qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmasa da, oğuları X3 doğulduqdan sonra verilmiş doğum haqqına şəhadətnaməyə əsasən sənəd mətninin valideynlərə aid hissəsində ata yerində onun adı, ana yerində isə özünün adı qeyd edilib. Bu hal cavabdehin uşağın atası olması faktını rəsmi qaydada təsdiq edir. Cavabdeh ev tikintisi üzrə ustadır, birgə yaşadıqları dövrdən aldığı məlumata əsasən onun orta aylıq gəliri 2.000 manat təşkil edir və bu illərlə həmin səviyyədə olub. Cavabdeh hazırda da həmin fəaliyyət növü ilə məşğul olduğu üçün, onun bu qədər qazancının olmasını hesab edir. Belə bir imkanlarının olmasına baxmayaraq, cavabdehin öz uşağı barədə valideynlik vəzifəsini yerinə yetirməkdən faktiki olaraq boyun qaçırması, onun dolanacaq xərclərinin qarşılanmasında illərlə iştirak etməməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd olmaqla, heç bir çərçivəyə sığmır. Bu barədə tərəfindən cavabdehə dəfələrlə şifahi olaraq bildirilsə də, hazırki vaxta qədər bir faydası olmamışdır. Bu mənfi hal nəhayət ki, aradan qaldırılmalı, cavadeh öz uşağının dolanacaq xərclərinin qarşılanmasında iştirak etməli, uşağın mənafeyi naminə bu məqsədilə məhkəmə qaydasında ona aylıq olaraq sabit məbləğdə aliment təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, uşağı saxlamaqdan boyun qaçırmır və qanunvericiliklə müəyyən edilmiş məbləğdə aliment ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 276218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 318 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin ailə münasibətlərindən doğulmuş xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 iddiaçının himayəsindədir və cavabdeh uşağın saxlanılmasında iştirak etmir. Həmçinin iddiaçı cavabdehin orta aylıq gəlirinin 2.000 manat təşkil etdiyini və tələb edilən alimentin ödənilməsinə maddi imkanının çatdığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin valideynlik borcunu yerinə yetirmədiyi əvvəlki illər üçün ödəmədiyi aliment məbləğinin tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görüldüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2091/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2091/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver