Məhkəmə qərarları › İş №2(001)-2092/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2092/2022

26.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2092/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı cavabdeh “M X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7, X10 və X11 cəlb edilməklə) zaminlik müqaviləsinin ləğv edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “M X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı zaminlik müqaviləsinin ləğv edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 29 may 2015-ci il tarixli 0501-034532-01/01 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi və zaminliyə xitam verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 may 2015-ci il tarixində cavabdeh ilə X11 arasında 0501-034532-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müaviləyə əsasən cəmiyyət tərəfindən X8 illik 35% ödənilməsi şərti ilə 24 ay müddətinə 4.900 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, cavabdeh ilə o, X10 və X7 arasında bağlanmış 29 may 2015-ci il tarixli 0501-034532-01/01 nömrəli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs, yəni X11 təşkilat qarşısında öz öhdəliklərini tam yerinə yetirməsinədək onunla birlikdə cəmiyyət qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. X1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə onun cavabdehə 3.645,80 manat əsas, 2.051,80 manat faiz və 251,50 manat cərimə borcu olmaqla, ümumilikdə 5.949,10 manat borcu yaranmışdır. Bundan başqa cavabdeh 27 fevral 2018-ci il tarixdə əmr qaydasında məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(049)-1420/2018 saylı əmri ilə tələb təmin edilmişdir. Daha sonra X6 Lənkəran Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(049)-1420/2018 əmrinə vermiş olduğu etiraza əsasən həmin məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə iclaslarına cavabdehin nümayəndəsi gəlmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(049)-1420/2018 qərardadı ilə iddia ərizəsi baxılmamış qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(049)-1420/2018 saylı qərardadından şikayət verilməmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. O, 2021-ci ilin oktyabr ayında şəxsi işi ilə əlaqədar olaraq kredit götürmək üçün bir neçə bank və kredit təşkilatlarına müraciət etsə də, ona həmin bank və təşkilatlardan bildirmişlər ki, onun cavabdeh qarşısında zaminlik müqaviləsi olduğuna görə onlar ona kredit verə bilmirlər. Lakin həmin müddətdən artıq 3 ildən artıq vaxt keçməsinə baxmayaraq onun adı X14 Kreditlər Reyestrində qalmışdır. Onunla bağlanmış zaminlik müqaviləsi 29 may 2015-ci il tarixli 24 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsi üzrə ödəliyin icra müddəti 29 sentyabr 2021-ci il tarixdə başa çatmışdır. Buna görə də, o, “Mol X17 Kredit Təşkilatı” MMC ilə aralarında bağlanmış 29 may 2015-ci il tarixli 0501-034532-01/01 nömrəli zaminlik müqaviləsinin 3.3.2-ci bəndinin tələbinə əsasən (Əgər kreditor kredit müqaviləsi üzrə zaminliklə təmin olunmuş icranın başlanması tarixindən 3 il ərzində zaminlərə qarşı iddia qaldırmayıbsa bu müqavilə qüvvədən düşür) həmin müqavilənin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı cavabdehə yazılı təklif göndərmişdir. Həmin təklifi 25 oktyabr 2021-ci il tarixində cavabdehin nümayəndəsi “Əhmədova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin onun göndərdiyi təklifin üzərindən 1 aydan çox vaxt keçsə də, cavabdeh tərəfindən təkifinə heç bir cavab verilməmişdir. Belə olan halda o, məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki qeyd etdiyi kimi, hazırda heç bir bank və kredit təşkilat cavabdehlə aralarında bağlanmış 29 may 2015-ci il tarixli 0501-034532-01/01 nömrəli zaminlik müqaviləsinə görə ona kredit vermir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, yol məsrəfinin və maddi durumunun nəzərə alınmasını, 26 may 2022-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan X11, zaminlər X7, X10 və İddiaçı arasında bağlanmış 29 may 2015-ci il tarixli, 0501-034532-01/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər MMC ilə borcalan X11 arasında bağlanmış 0501-034532-01 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin (24 ay müddətinə, illik 35% dərəcəsi ilə verilmiş 4.900 manat məbləğin kreditin qaytarılması) yerinə yetirməsi ilə bağlı tam məsuliyyət daşımaq öhdəliklərini öz üzərinə götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən Bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilənə qədər bu müqavilə qüvvədə qalacaqdır. Bu müqavilə aşağıdakı hallarda qüvvədən düşür. 3.3.1 bu müqavilə üzrə zaminliklə təmin olunmuş öhdəliklərin tam icrasından etibarən; 3.3.2 əgər kreditor kredit müqaviləsi üzrə zaminliklə təmin olunmuş icrasının başlanması tarixindən 3 il ərzində zaminlərə qarşı iddia ərizəsi qaldırmasa. Bu müqaviləyə uyğun olaraq zaminlər kredit müqaviləsi üzrə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində o cümlədən onun qüvvədə olma müddəti uzadıldıqda (prolonqasiya) həmin uzadılmış müddət ərzində kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı zaminlər kimi öhdəlikləri öz üzərinə götürürlər. Lənkəran Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(049)-1420/2018 saylı məhkəmə əmrindən görünür ki, borclular X3, X4, İddiaçı və X2 əsas borc üzrə 3.645,8 manat, faiz borcu üzrə 2.051,8 manat, cərimə borcu üzrə 251,5 manat cəmi 5.949,1 manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(049)-1420/2018 saylı qərardadından görünür ki, X1 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(049)-1420/2018 saylı məhkəmə əmrindən etiraz verildiyindən, məhkəmənin 17 aprel 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddiaçı “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X8, X9, İddiaçı və X5 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 11 oktyabr 2021-ci il tarixli təklifdən görünür iki, onunla sonuncu arasında bağlanmış 29 may 2015-ci il tarixli, 0501-034532-01 saylı zaminlik müqaviləsini qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsi sonuncuya təklif edilmişdir. 18 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında 29 may 2015-ci iı tarixli 0501-034532-01 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə, illik 35% dərəcəsi ilə verilmiş 4.900 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin MMC ilə borcalan və zaminlər İddiaçı, X10 və X7 arasında 29 may 2015-ci il tarixli, 0501-034532-01/1 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər MMC ilə borcalan X11 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyət daşımaq öhdəliklərini öz üzərinə götürmüşlər. Lənkəran Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(049)- 1420/2018 saylı məhkəmə əmri ilə cəmi 5.949,1 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu borclulardan MMC-nin xeyrinə tutulsa da, sonradan həmin məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddiaçı “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X8, X9, İddiaçı və X5 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 may 2015-ci il tarixli, 0501- 034532-01/1 saylı zaminlik müqaviləsinin 3.3.2-ci bəndinə əsasən əgər kreditor kredit müqaviləsi üzrə zaminliklə təmin olunmuş icrasının başlanması tarixindən 3 il ərzində zaminlərə qarşı iddia ərizəsi qaldırmasa, zaminlik müqaviləsi qüvvədən düşür. Göründüyü kimi, tərəflər arasında müqavilənin qüvvədən düşməsi ilə bağlı şərt razılaşdırılmış, zaminliklə təmin olunmuş kredit müqaviləsinin icrasının 29 may 2015-ci il tarixdə başlanmasından 3 il müddət ərzində cavabdeh tərəfindən zaminlərə qarşı iddia qaldırılmadığına görə zaminlik müqaviləsi qüvvədən düşmüşdür. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan zaminlik müqaviləsi artıq qüvvədən düşdüyünə görə və qüvvədən düşmüş müqavilənin sonradan məhkəmə qadyasında ləğv edilməsi də qeyrimümkün olduğuna görə iddia tələbi “zaminlik müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, zaminlik müqaviləsi qüvvədən düşdüyünə görə zaminin öhdəliklərinə, yəni zaminliyə də xitam verilmişdir və artıq qanunvericiliyin tələblərinə əsasən xitam verilmiş zaminliyə məhkəmə tərəfindən yenidən xitam verilə bilməz. Odur ki, iddia tələbi “zaminliyə xitam verilməsi” hissəsində də təmin edilə bilməz. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, “Mol X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti borclular X8, X9, İddiaçı və X5 qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsi təmin edilsə də, daha sonra məhkəmə qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılaraq iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. İddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31.03.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “M X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7, X10 və X11 cəlb edilməklə) zaminlik müqaviləsinin ləğv edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdeh “M X17 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7, X10 və X11 cəlb edilməklə) zaminlik müqaviləsinin ləğv edilməsi və zaminliyə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar