Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2110/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il tarixdən Cavabdeh Əliabbas oğlu ilə qeyri-rəsmi nikahda yaşamış və həmin faktiki nikahdan xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X11 anadan olmuşdur. Artıq cavabdehlə birgə yaşamırlar. Azyaşlı övladları da iddiaçının himayəsindədir. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə ünsiyyət saxlamır, onların tərbiyəsində, psixi, fiziki, mənəvi inkiaşafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda övladlarımını iddiaçı tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Ancaq maddi cəhətdən çətinlikləri olduğundan onların saxlanılmasında əziyyət çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, oğlu olan cavabdeh iddia ərizəsini qismən qəbul edir və hər uşaq üçün 100 manat ödəməyə razıdır. Oğlu oruc tutub gecələr yatmadığına görə məhkəmə iclaslarında iştirak edə bilmir. Hal-hazırda işləmir, alimenti də o özü təqaüdündən ödəyəcək. Oğlunun birinci nikahından da uşaqları var və onlara da aliment ödəyir. Belə olan halda ondan bu iş üzrə 440 manat aliment tutula bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 atasıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1633/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X10 arasında xx.xx.2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 556 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Cavabdeh yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X4 yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, valideynin az gəlir əldə etməsi, ümumiyyətlə işləməməsi və valideynin digər nikahdan uşaqlarının olması valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Lakin bununla belə məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hər uşağa görə ölkə üzrə uşaqlar üçün yaşayış minimumuna uyğun 220 manat deyil, 200 manat məbləğində aliment tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşaqların mənafeyini əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2110/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2110/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver