Məhkəmə qərarları › İş №2(001)-2130/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2130/2024

06.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2130/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutuna qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixli, 22/k nömrəli əmrlə "Bakımənzilkommunlayihə" Layihə İnstitutuna kontrakt əsasında gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə 2022-ci ilin oktyabr ayınadək ona təyin edilmiş əmək haqqları ödənilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə ona məxsus bank kartı işəgötürən tərəfindən bloklanmış və həmin tarixdən əmək haqqı verilməmişdir. O, dəfələrlə müraciət edərək, əmək haqqının ödənilməsini tələb etsə də, ona müxtəlif bəhanələr göstərilməklə əmək haqqının ödəniləcəyi bildirilmişdir. O, da ödəniləcəyinə ümid edərək gözləmişdir. O, 26/k nömrəli, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci bəndinə əsasən işdən azad edilmişdir. Lakin işdən azad edilərkən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddət üzrə əmək haqqı ödənilməmiş, son haqq-hesab verilməmiş, həmçinin 2023-cü il üzrə istifadə edilməmiş məzuniyyətlə bağlı pul əvəzi ödənilməmişdir. Belə ki, ona 2022-ci ilin oktyabr ayında 271.93 manat, 2022-ci ilin noyabr ayından 2023-cü ilin avqust ayınadək hər ay 326.12 manat əmək haqqı, 2023-cü ilin sentyabr ayında isə 444.97 manat əmək haqqı hesablanmışdır. Lakin qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulmuş, ona işdən çıxarkən işlədiyi müddət ərzində əmək haqqı, son haqq-hesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Ona ödənilməmiş əmək haqqları üzrə müddət 489 gün təşkil edir və o, hesab edir ki, qanunvericliyə uyğun olaraq cavabdeh tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi hesablanaraq ödənilməlidir. Belə ki, 489 gün üzrə əmək haqqının 1%-nin cəmi 1594 manat edir və bu məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. O, mediasiya prosesində iştirak etmiş, mediasiya prosesi ilə bağlı 60 manat ödəniş etmiş və xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh "Bakımənzilkommunlayihə" Layihə İnstitutu tərəfindən ödənilməmiş 3756.10 manat əmək haqqının və son haqq hesabın hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında, cəmi 1594 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "Bakımənzilkommunlayihə" Layihə İnstitutu tərəfindən ödənilməmiş 3978.11 manat əmək haqqının və son haqq hesabın hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsi, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında, cəmi 1512.64 manatın və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Bakımənzilkommunlayihə” Layihə İnstitutu ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı “Bakımənzilkommunlayihə” Layihə İnstitutunda əsas iş yeri kimi təsərrüfat-nəqliyyat şöbəsində gözətçi vəzifəsinə təyin edilmişdir. Əmək haqqının məbləği hər ay 220 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun direktoru əvəzi X1 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, 26/k nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən “təsərrüfat-nəqliyyat” bölməsində “gözətçi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.”1” – İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 27 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən verilmiş 3-52-1/2-09/2024 nömrəli 24 aprel 2024-cü il tarixli arayışdan görünür ki, həmin institutda gözətçi işləmiş İddiaçı İsaba oğlu işə qəbul olunduğu 2014-cü ildən 2022-ci ilədək bütün təqvim illərinin əmək məzuniyyətindən istifadə edib, istifadə etmədiyi bir təqvim ili – 2022-2023-cü təqvim ili üçün və işdən azad olunduğu xx.xx.2023-cü ilədək 27 təqvim günü məzuniyyət günü vardır. Ona ödənilməli əmək haqqı borcu - Oktyabr 2022-ci il – 271.93 manat, noyabr 2022-ci il – 326.12 manat, dekabr 2022-ci il – 326.12 manat, yanvar 2023-cü il – 326.12 manat, fevral 2023-cü il – 326.12 manat, mart 2023-cü il – 326.12 manat, aprel 2023-cü il – 326.12 manat, may 2023-cü il – 326.12 manat, iyun 2023-cü il – 326.12 manat, iyul 2023-cü il – 326.13 manat, avqust 2023-cü il – 326.12 manat, sentyabr 2023-cü il – 444.97 manat (o cümlədən 27 təqvim gününün kompensasiyası 288.81 manat, xx.xx.2023-cü ilədək əmək haqqı 156.16 manat), cəmi 3978.11 manat təşkil edir. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 yanvar 2024-cü il tarixli, MŞB/3/2023-01280 saylı arayışdan görünür ki, 08 yanvar 2024-cü il tarixdə, saat 10:30da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin “Bakımənzilkommunlayihə” Layihə İnstutu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısı, cənab Eldar Əzizova ünvanlanmış 02 fevral 2024-cü il tarixli məktubdan görünür ki, həmin institutun müvəqqəti direktoru A.H.Talıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı, cənab Eldar Əzizova məktub ünvanlamış, həmin məktubda göstərmişdir ki, işə başlayarkən ona məlum olmuşdur ki, institutun işçiləri 2022-ci ilin oktyabr ayından əmək haqqı almırlar, institutun həmin günə 150000 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, həmin məktubda institutun acınacaqlı vəziyyətdə olması barədə məlumat verilmişdir. İş materiallarında olan “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən verilmiş 3-52-1/2-14/2024 nömrəli 10 may 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən tələb edilən gecikdirilmiş hər gün üçün 1% əmək haqqı tələbinə münasibətdə bildirilmişdir ki, əmək məcəlləsinin heç bir maddəsində onun tələbinə uyğun müddəa yoxdur. Bundan başqa, 17 aprel 2023-cü il tarixdə instituta müvəqqəti direktor təyin edildiyi vaxtda institutun 80000 manatdan çox borcu var idi. Əvvəlki direktorun vaxtında institutun maliyyə imkanları sıfıra enmiş, onlar heç bir tenderdə iştirak edə bilmirlər, maliyyə bazaları sıfırdır. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işçinin əsas hüquqlarının arasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ təsbit olunmuşdur. (9-cu maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Əmək haqqının verilməsi müddətlərini müəyyən edən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun xx.xx.2014-cü il tarixli əmri ilə həmin tarixdən gözətçi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı ərizəsi əsasında “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, “Bakımənzilkommunlayihə” Layihə İnstitutu ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra “Bakımənzilkommunlayihə” Layihə İnstitutu tərəfindən İddiaçı 3978.11 manat məbləğində əmək haqqı ödənilməmiş, onunla son haqq-hesab aparılmamış və istifadə olunmamış əmək məzuniyyətinin əvəzi ödənilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan 3978.11 manat ödənilməmiş əmək haqqı, son haqq-hesab və istifadə olunmamış əmək məzuniyyətinin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında pul vəsaitinin” ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, əmək haqqının verilməsinin gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş verməmiş, cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun maliyyə vəziyyəti həddindən artıq pis olduğundan və maliyyə balansı sıfıra bərabər olduğundan təkcə hazırki iş üzrə İddiaçı əmək haqqının verilməsi gecikdirilməmiş, ümumilikdə həmin müəssisədə işləyən digər şəxslərində əmək haqqları məhz bu səbəbdən ödənilməmişdir. Bununla əlaqədar olaraq, institut tərəfindən tərkibində olduğu Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, lakin hər hansı bir müsbət nəticə əldə edilməmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan ödənilməmiş əmək haqqının əvəzi olan 3978.11 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan istifadə edilməmiş əmək məzuniyyətinə görə nəzərdə tutulmuş 27 təqvim günü üçün pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən 60 manat mediasiya xərcinin 50%-i, yəni 30 manat cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 30 manat iddiaçıya aid edilsin. İddia tələbi qismən təmin edildiyindən ödənilməli olan 59.78 manat dövlət rüsumunun 50%-i, yəni 29.89 manat cavabdeh “Bakımənzilkommunlayihə” Layihə İnstitutundan, qalan 50%-i, yəni 29.89 manat İddiaçı tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar