Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2192/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi ilə, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “digər şəxslərin hüquqlarının pozulmasına səbəb olan hərəkətlərin qarşısının alınması, hüquq müəyyənedici sənədlərin təqdim edilməsi və vurulmuş maddi zərərin tutulması” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “digər şəxslərin hüquqlarının pozulmasına səbəb olan hərəkətlərin qarşısının alınması, hüquq müəyyənedici sənədlərin təqdim edilməsi və vurulmuş maddi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən digərlərinin hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətlərin qarşısının alınması, istinad edildiyi, torpağa və üzərində inşa edilmiş tikililərə ilkin hüquq müəyyənedici (səlahiyyətverici) sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin sənədlərin hüquqi əsaslığı müəyyən edildikdən, cavabdehin faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə görə 6.721,200 manatın və itirilmiş faydaya görə 3360,20 manat olmaqla, ümumilikdə 6.724.560,20 manat vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən ünvan 1 ünvanında sahibkarlıq məqsədilə fəaliyyət göstərən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmış çıxarışa əsaslanaraq 1.1202 ha torpaq sahəsi üzərində, tikilinin sahəsi 6948,3 kv.m olan “Cratos” restoranı adlanan qeyri-yaşayış sahəsi ilə bağlı qanunla müəyyən edilmiş müvafiq sənədləşmənin aparılması məqsədilə müraciət edilsə də, cavabdeh tərəfindən buna əhəmiyyət verilməmişdir. Cavabdehlər tərəfindən qeydiyyata alınmış ölçülərin hüdudlarından da artıq torpaq sahəsi zəbt edilərək qanunsuz istifadə üçün mənimsənilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı qanunla qorunan hüquq və mənafelərinə vurulmuş zərərin aradan qaldırıması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Lakin Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil məhəkəməyə elektron ərizə ünvanlayaraq, mülki işin onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında 3 gün müddətində nizama salınması təklif edilmiş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə ünvanlanmış məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən ünvan 3 ünvanında Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin olması müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6948,3 kv.m, torpaq sahəsi 1.1202 ha olan 5 mərtəbəli qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu hüquq ona 29.03.2015-ci il tarixdə verilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2048/2012 saylı, 11.07.2012-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki 8B ünvanında yerləşən və yeni layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin 5435 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 112020,0 m2 torpaq sahəsinin 23.01.2015-ci ildə Cavabdeh2 tərəfindən alınmasına dair müqavilə imzalanmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1,1202 ha olan torpaq sahəsində cavabdehlər tərəfindən qeydiyyata alınmış ölçülərin hüdudlarından da artıq torpaq sahəsinin zəbt edilib qanunsuz istifadə edilərək mənimsənilməsini iddia edərək cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və s. tələblər irəli sürmüşdür. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqlarının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının mübahisəli torpaq sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Beləliklə, müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iş üzrə iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2192/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2192/2021
26.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver