Məhkəmə qərarları › İş №2(001)-2251/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2251/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2251/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər 2002-ci ildə faktiki nikah münasibətlərinə girmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin birgə münasibətlərindən 13.03.2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Uşağın doğulmasından sonra tərəflərin münasibətləri pozulmuş və tərəflər ayrılmışlar. Cavabdeh bu günədək övladı ilə maraqlanmamış, övladına nə maddi, nə də mənəvi qayğı göstərməmişdir. Cavabdeh illərdir ata kimi öz vəzifəsini yerinə yetirmir və uşağın bütün tələbatını iddiaçı təkbaşına ödəyir. Hazırda iddiaçı uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də tərəflərin faktiki nikahlarından olan 13.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.04.2009-cu il tarixli AZ-İ № 124354 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh 13.03.2009-cu ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.04.2009-cu il tarixli AZ - İİ № 245880 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2 13.03.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 869 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından 13.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. 01.02.2021-ci il tarixdən hesablanmaqla 13.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar