Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2265/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları -24 may 2017-ci il təvəllüdlü X6, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində olmaqla 880(hər uşağa görə 220 manat olmaqla) manat alimentin tutulması, cavabdehdən uşaqları- 15 mart 2021ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay sabit pul məbləğində olmaqla 200(hər uşağa 100 manat olmaqla) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 avqust 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə həyata qurmuşdur. Bu nikahdan 24 may 2017-ci il təvəllüdlü X12, 02 noyabr 2019-cu il təvəllüdlü X11, 15 mart 2021-ci il təvəllüdlü X9 və 05 aprel 2022-ci il təvəllüdlü X10 adlı dörd övladları olmuşdur. Cavabdeh onu və körpə uşaqların ataraq, Bakı şəhərində onlardan ayrı yaşayır və uşaqların saxlanmasına heç bir maddi yardım göstərmir. Uşaqlarına baxması səbəbindən işləmək imkanı yoxdur və eyni zamanda o, dörd uşaqla kirayə evdə yaşayır. Buna görə də hazırda övladlarını yaxşı saxlamağa maddi vəziyyəti kifayət etmir, ona görə də aliment cavabdehdən aliment olaraq maddi yardım almaq zərurəti yaranmışdır. Cavabdehin aylıq qazancı barədə dəqiq məlumatı yoxdur, ona görə də aliment cavabdehdənsabit pul məbləğində tutulmalıdır. Eyni zamanda onunla bir yerdə yaşamış və işi barədə məlumatı olan bir şəxs kimi bildirir ki, cavabdeh “İstanbul” klinikasında təsərrüfat işləri ilə məşğul olur, bundan başqa onun şəxsi studiyası var, “Nurvin”, “Ayla”, “Gülüstan” və digər şadlıq saraylarında video çəkilişlər aparır və hər ay təxminən 2500-3000 manat gəlir əldə edir.Həmçinin uşaqları körpə olduğu üçün onun bütün vaxtı onlara baxmaqla keçir və bu səbəbdən maddi çətinliyi daha çoxdur. Buna görə də iki uşaqları üç yaşına çatana kimi o da cavabdehdən aliment tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş dəlillər tamamilə əsassızdır, formal mülahizələrə əsaslanır. Belə ki, o, iddia ərizəsidə onun iddiaçını və uşaqları atdığını və onlara baxmadığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, aralarında yaranmış çoxsaylı mübahisələr səbəbindən bir müddətdir ki, onlar ayrı yaşayırlar, lakin bu o demək deyildir ki, o, ailəsinə, uşaqlarına baxmır. Onlar pulunu hər ay onun ödədiyi evdə kirayədə qalırlar. Evin kommunal xərclərini o, verir, bazarlığını o, edir. İddiaçı onun bir neçə iş yerinin olduğunu və ayda 2500-3000 manat gəlir əldə etdiyini iddia edir. Lakin bu doğru deyil, onun rəsmi iş yeri “İstanbul” klinikasıdır,aylıq gəliri hazırda dövlətdə minimum əmək haqqı olan 350 manatdır, (məhkəməyə arayış təqdim edilmişdir.) Ailəsini saxlamaq üçün əlavə işlərlə zaman-zaman məşğul olmuş, lakin onların heç biri daimi deyil. O, ailəsinə baxmaqdan imtina etmir, hər ay övladları xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün aliment ödəməyə razıdır. Lakin iddia ərizəsində iddiaçı ondan hər uşağa görə 220 manat aliment istəyir. Onun hər ay 880 manat aliment ödəməsi qeyri-mümkün bir haldır. Bu məbləğ onun aylıq gəliri ilə uyğunsuzluq təşkil edir. O, hər ay uşaqlarının saxlanılması 300 manat aliment ödəyə bilər. Əlbəttə ki, bir ata kimi hər zaman onların yanındadır, heç zaman onları darda və köməksiz qoymaz, lakin tələb edilən alimentin onun tərəfindən ödənilməsi mümkün deyildir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1,78.2, 80, 88-ci maddələri). Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi dəlilləri sübut edə biləcək heç bir sənəd məhkəmə təqdim etməmişdir, lakin o, iş yerindən harda işləməsi və nə qədər aylıq gəlir əldə etməsi barədə sənəd təqdim edir.Ona görə də övladlarım xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan ümumilikdə 300 (üç yüz) manat alimentin tutaraq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiklərini və cavabdehin aylıq gəliri 330 manat təşkil etdiyindən, cavabdehdən uşaqlara görə cəmi 300 manat məbləğində aliment tutulmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 132206 №-li Nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 13 avqust 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 99 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 007662 №-li, AZ-İV seriyalı 516412 №-li, AZ- İV seriyalı 584310 №-li və AZ-İV seriyalı 767040 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 24 may 2017-ci il təvəllüdlü X6, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 123 №-li Arayışdan görünür ki, Cavabdeh"xxxx" MMC-də xx.xx.2020-ci il tarixindən təsərrüfat müdiri vəzifəsində işləyir və aylıq əmək haqqısı 330 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi, cavabdehin hər ay 4 uşağa görə cəmi 880 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 27 fevral 2023-cü ildə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi “cavabdehdən uşaqları - 15 mart 2021-ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay sabit pul məbləğində olmaqla 200(hər uşağa 100 manat olmaqla) manat alimentin tutularaq ona ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin, iddiaçı cavabdehdən 200 manat əlavə xərcin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, sonuncunun həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu 27 fevral 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 24 may 2017-ci il təvəllüdlü X6, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat miqdarında aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 92 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 24 may 2017-ci il təvəllüdlü X6, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X3 və 05 aprel 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2265/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2265/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver