Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2274/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 28 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 24 sentyabr 2018-ci il təvəllüdlü X3 və 23 noyabr 2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İddiaçı cavabdehə qarşı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında saxlanmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, habelə ona məxsus, ümumi çəkisi 38,8 qram, dəyəri 4800 manat olan qızıl-ziynət əşyalarının dəyərinin, yəni 4800 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(001)- 1693/2023 saylı qərardadına əsasən, “qızıl-ziynət əşyalarının dəyərinin tutulması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikaha daxil olanadək cavabdeh və valideynləri tərəfindən iddiaçıya dəyəri 1100 manat, çəkisi 7,5 qram olan nişan üzüyü, dəyəri 2100 manat, çəkisi 17,5 qram olan üzük-qolbaq-sırğa dəsti və dəyəri 1600 manat, çəkisi 13,8 qram boyunbağı hədiyyə olunmuşdur. Cavabdeh həmin qızıl-ziynət əşyalarını iddiaçı ilə məsləhətləşmədən banka girov qoyub pul götürmüşdür. Həmin qızılların aqibəti məlum deyil. Qızılların birkaları iddia ərizəsinə əlavə edilmiş, oradan əyarı, çəkisi və dəyərini müəyyən etmək mümkündür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, izahatında göstərdi ki, tərəflər arasındakı ailə münasibətləri 03 noyabr 2022-ci il tarixdən faktiki olaraq bitmişdir. Həmin tarixdə iddiaçı uşaqları ilə birlikdə cavabdehin evindən çıxmışdır. 03 fevral 2023-cü il tarixdə iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsnin 19 iyun 2023-cü il tarixli, 2(001)-1693/2023 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikahın pozulması və s. qərara alınmışdır. Sözügedən qızıl-ziynət əşyaları cavabdeh tərəfindən girov qoyularaq, əvəzində kredit götürülmüş, nə həmin kreditin xərclənməsindən iddiaçının məlumatı olmamış, nə də qızıllarının girov qoyulmasına razılığı olmamışdır. Hazırda həmin qızılların aqibəti məlum olmadığından iddiaçı cavabdehdən onların dəyərini tələb edir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə istər yaşayış yeri üzrə poçt vasitəsilə, istərsə də adına qeydiyyata alınmış mobil telefon nömrələrinə “Elektron məhkəmə informasiya sistemi”nin köməkliyi ilə SMS vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. - 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Sadalanan maddələrin tələbləri baxımından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının bibisiqızıdır. İddiaçı ilə cavabdehin nişan və toy məclislərində iştirak etmiş, nişan mərasimində iddiaçıya üzük taxılmış, toy mərasimində isə qarnitur dəst (üzük, sırğa, bilərzik, boyunbağı) verilmişdir. Eşitdiyinə görə qızılların dəyəri 5000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 ayrı-ayrılıqda digər şahid Leyla Alıyarovanın ifadəsinə uyğun ifadə verdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. - 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. - 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 31.2-ci maddəsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 31.3-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür (Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələri). Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi ədəddə və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir. Lakin cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz təqdim edilməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdırıb, iş materialların olan DVD diskə baxış keçirərək hesab edir ki, iddiaçıya nişan-toy mərasimlərində iddia ərizəsində adları göstərilən qızıl-ziynət əşyalarının verilməsi sübuta yetirilir. Qanunvericiliyin tələblərinə əsasən, həmin əşyalar iddiaçıya məxsus əşyalar hesab edilir. Onun iradəsi ziddinə həmin əşyalarla bağlı sərəncamverici hərəkətlərin edilməsi əşyaların və ya onların dəyərinin iddiaçıya qaytarılması öhdəliyini yaradır. Eyni zamanda, iddiaçı qızıl-ziynət əşyalarının əldə olunması ilə bağlı qəbzləri sübut olaraq məhkəməyə təqdim etmiş, həmin qəbzlərdə qızılların əyarı, çəkisi və qiyməti göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz iddiasını kifayət qədər sübuta yetirə bilmişdir, buna görə də, iddia təmin edilməli, qızıl-ziynət əşyalarının dəyəri kimi 4800 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 68 manat məbləğində pul vəsaiti ödənilməli dövlət rüsumunun əvəzi kimi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının dəyərinin tutulması” tələbinə dair iddiası təmin edilsin. Qızıl-ziynət əşyalarının dəyəri kimi 4800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 68 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2274/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2274/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver