Məhkəmə qərarları › İş №2(001)-2289/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2289/2022

09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2289/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi, artıq tutulmuş alimentin geri qaytarılması və aliment miqdarının həcminin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixdən aylıq qazancından artıq tutulmuş aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması və ödəməli olduğu aliment məbləğinin həcmini azaldaraq əmək haqqının 1/3 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 3 uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan aralarında münasibətlər pozulmuş, cavabdeh heç bir ciddi əsas olmadan övladlarını götürərək ata evinə getmişdir. Daha sonra nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment hər ay İddiaçı qazancının yarısının tutulması, tutmanın xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Lakin qızları Nərgiz Ağayeva autizim xəstəliyindən əziyyət çəkdiyindən cavabdeh onu aparmamış, digər övladları Uğur və Laləni isə özü ilə aparmışdır. Nərgiz Ağayeva xəstə olduğundan psixoloji mərkəzlərə aparılmalı, pedaqoqlarla görüşməli, müayinə və müalicə olunmalıdır. Xəstəlikdən əziyyət çəkən uşaqların xüsusi ana qayğısına ehtiyacı vardır. Anası isə uşağa əziyyət çəkmək istəməyərək asan yola əl ataraq onu iddiaçının yanında qoyaraq getmişdir. Lakin iddiaçı uşağın anasız böyüməməyini düşünərək uşağı anasının yanına göndərmiş, o, isə uşağı aparan şəxsə “mənim gedən yerim var, onu apar evlərinə” cavabını vermişdir. Nərgiz Ağayeva ilə iddiaçı, nənəsi və babası baxır, onun qayğısına qalır, uşağı psixoloji mərkəzlərə, loqopedə, müxtəlif həkimlərə, baxçaya aparır, onun bütün madi ehtiyaclarını qarşılayırlar. O, bir ata kimi qızının sağlam olması üçün əlindən gələn hər şeyi edir. Həmçinin alimentin tutulması hissəsində iddiaçı birdirmişdir ki, uşaq onun yanında qalsa da, uşağın bütün xərcləri onun tərəfindən qarşılansa da, əsassız olaraq hər ay cavabdehə pul ödənilir. O, isə alimenti alaraq xərcləyir. Bununla bağlı iddiaçı icra məmuruna müraciət etsə də, məhkəmə qətnaməsi olduğundan alimentin azaldılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, iyun ayında Qəyyumluq Komissiyasının iclasından sonra cavabdeh Nərgizi onun yanına göndərmiş, hal-hazırda da onun yanındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında nəvəsinə onların baxdığını, uşağın müalicə və müayinəsi üçün bütün maddi tələbatlarını ödədiklərini, uşağın onların yanında qaldığı zaman müalicə nəticəsində xəstəliyinin xeyli azaldığını qeyd edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, qızını atmadığını, qızı atası üçün darıxdığından müəyyən müddətə onun yanına göndərdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 297 nömrəli körpələr evi-uşaq baxçası tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdən bağçaya qəbul olunmuş və ilk gündən etibarən Nərgiz Ağayeva atası Vüsal, ata nənəsi və ata babası tərəfindən bağçaya gətirilib-aparılıb. - Yetkinlik yaşına çatmayanın reabilitasiya və sağlamlığının bərpası xidmətlərinin göstərilməsinə dair 15/21XM saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Nərgiz Ağayeva PM Akademiyada ("xxxx" MMC) xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ABA Terapiya xidməti növündə müayinə və müalicədə olub. - PM Akademiya tərəfindən verilmiş Psixoloji Xidmət və X14 X3 əsasən, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz Ağayevanın xronoloji yaşı 54 ay olsa da, ümumi inkişaf yaşı 30 aylıq göstərməkdədir. Müayinə və müalicələrdən sonra isə xronoloji yaşı 57 ay, ümumi inkişaf yaşı 47 aylıq göstərməklər, 17 ay irəliləmə müşahidə olunmuşdur. - mədaxil qəbzlərinə əsasən, "xxxx" MMC-yə Nərgiz Ağayevanın müalicə və müayinəsinə görə, 2021-ci ilin iyul ayı üçün 510 manat, avqust ayı üçün 331 manat, sentyabr ayı üçün 350 manat ödəniş edilmişdir. Həmçinin 2021-ci ilin iyun ayında Fetal Mərkəzdə müayinə üçün 90 manat ödəniş edilmişdir - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 27 mart 2015- ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 696 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 09 sentyabr 2015-ci il təvəllüdlü X12, 29 noyabr 2016-cı il təvəllüdlü X8 və 08 sentyabr 2018-ci il təvəllüdlü X11 adlı uşaqların anaları Cavabdeh yanında saxlanmaları müəyyən edilmiş, 09 sentyabr 2015-ci il təvəllüdlü X12, 29 noyabr 2016-cı il təvəllüdlü X8 və 08 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcı 07 yanvar 2021-ci il tarixdən hesablanması qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/895 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58 və 60-cı maddələrini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2016-cı il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, körpə yaşlarından uşaqların daha çox ana qayğısı və sevgisinə ehtiyacları olduğu bir zamanda ana tərəfindən üç ay davamlı onları ata himayəsində qoyması, eyni zamanda 1 ilə yaxın müddətdə səhhətində problemi olan övladı – Nərgizi ata və onun valideynlərinin himayəsində qoymaqla, səhhəti ilə maraqlanmaması, sağalması üçün tədbirlər görməməsi, onun valideynlik bacarıqlarının zəif olmasına dəlalət edir. Hal-hazırda Nərgizin yaş həddi məktəbəqədər hazırlıq dövrünə aiddir. Bu yaşda uşaqların fiziki və psixi inkişafında kifayət qədər dəyişikliklərin, inkişafın baş verdiyi və məktəb həyatında hazırlıqların edildiyi dövrdür. Nərgizin məktəb həyatına tam hazır olması, yaşına uyğun inkişafının təmin edilməsi üçün səhhəti ilə bağlı görülən tədbirlərin davam etdirilməsi, əvvəllər yaşadığı, öyrəşdiyi mühitdə yaşamasının təmin edilməsi məqsədilə onun atasının himayəsinə verilməsi uşağın maraqlarına daha uyğundur. - 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin müayinə aktında Cavabdeh sözlərinə əsasən qeyd edilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 problemlər olduğu üçün o, baş verənləri başa düşmür, uşaq atası ilə ünsiyyətdə olmaq istədiyi üçün onu atasının yanında göndəriblər. - 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı qızının ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin aktda qeyd edilmişdir ki, ünvanda olarkən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 atasının evində olması müəyyən edilmişdir. İddiaçının atası Nümayəndə sözlərinə görə, xx.xx.2022-ci il tarixdə keçirilən Komissiya iclasından bir neçə saat sonra böyük nəvəsi Uğur Ağayev heç bir məlumat vermədən bacısı Nərgizi onlara gətirib vermiş, həmin gündən uşaq onlarda qalır, uşağın anası isə övladı ilə maraqlanmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. -61.1 və 62.2-ci maddələrini əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarlar ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Avropa Məhkəməsi “Xanamirova Rusiya Federasiyasına qarşı” 14 iyun 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, uşağın valideyinlərdən birinin himayəsinə verilməsi tələbinə dair işlərə baxılarkən uşağın Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqları və manefeyi nəzərə alınmalıdır.(“P.P. Polşaya qarşı iş üzrə” AM-nin 08 yanvar 2008-ci il tarixli qərarı; “Xokkanen Finlandiyaya qarşı” iş üzrə qərar; “İqnakkolo-Zenide Ruminiyaya qarşı” iş üzrə qərar. “Vorojba Rusiya Federasiyanıan qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı(şikayəti № 57960/11)) “Olsson İsveçə qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə həmçinin tələbin aliment miqdarının azaldılması hissəsində hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, həmin maddənin 76.1.2-ci bəndinə görə 2 (iki) uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə iddiaçının artıq ödənilmiş alimentin geri qaytarılması tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulması məhkəmə qətnaməsinə əsasən həyata keçirilmişdir (xx.xx.2016-cı il təvəllüdlü X2 Aysel Namiq qızının himayəsində saxlanılmışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 sentyabr 2015-ci il təvəllüdlü X9 və 08 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödəniməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. İddiaçı 09 sentyabr 2015-ci il təvəllüdlü X9 və 08 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin dəyişdirilmiş hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar