Məhkəmə qərarları › İş №2(001)-2341/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2341/2021

07.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2341/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh tərəfindən ona işlədiyi dövr üçün ümumi olaraq cəmi 4.890 manat maaşın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 yanvar 2018-ci il tarixində müddətli əmək müqaviləsi üzrə Cavabdehndə sürücü vəzifəsində işə qəbul edilmiş və ona məlum olmayan səbəblərdən 04 fevral 2020-ci il tarixində işdən azad edilmişdir. İşdən azad olunma səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsidir. Lakin,o, işdən azad olunmağını sonradan bilmişdir. Xüsusi olaraq qeyd edir ki, cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən, aylıq əmək haqqı ilkin olaraq 180 manat olmaqla sonradan 250 manat kimi müqavilədə göstərilsə də o, indiyə qədər bir manat olsun əmək haqqı almamışdır. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı rəsmi qaydada müraciət etmişdir. Nəticədə müraciətinə baxılmış və əmək müqaviləsinə xitam verildikdən sonra haqq-hesabının düzgün hesablanıb ödənilməməsi və cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən ona işlədiyi dövr ərzində ümumi olaraq cəmi 4.890 manat əmək haqqı ödəməli idi. Lakin, bu günə kimi cavabdeh tərəfindən heç bir aylıq əmək haqqı almamışdır. Cavabdehin əmək qanunvericiliyinin tələblərinin kobud formada pozması barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunsa da, lakin onun əmək haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Nəticədə yaranmış problem ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi onun məhkəməyə müraciət etməyini izah etmişdir. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona cavabdeh şirkət tərəfindən cəmi iki dəfə, hər dəfə 174 manat olmaqla əmək haqqı ödənilmişdir. O, əmək haqqının ödənilməməsi səbəbi ilə özü ərizə yazaraq işdən çıxmışdır. O, işdən çıxma barədə ərizəsini yazdıqdan sonra işə getməmişdir. İddia ərizəsində isə bu barədə qeyd etdikləri vəkilin səhv başa düşməsi ilə əlaqədardır. 2018-2020-ci illər ərzində o, əmək haqqının ödənilməməsi ilə əlaqədar X2 müraciət etməsə də, işəgötürənə şifahi surətdə dəfələrlə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, 09 yanvar 2018-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanaraq, iddiaçı cavabdeh şirkətdə sürücü işinə qəbul edilmişdir. İddiaçı ilk dövrlərdə 180 manat əmək haqqı, daha sonra isə 250 manat əmək haqqı almışdır. Cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqları ayda bir dəfədən az olmayaraq, yəni hər ay vaxtıvaxtında ödənilmiş və tərəflər arasında hər hansı problem yaranmamışdır. 2020-ci ilin fevral ayında iddiaçı şəxsən özü ərizə ilə cavabdeh şirkətə müraciət edərək, işdən azad olunmasını xahiş etmişdir. Nəticə etibari ilə 04 fevral 2020-ci il tarixdə işçinin işdən azad olunma barədə ərizəsi əsasında əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin vaxt iddiaçı ərizəsində ona çatacaq əmək haqqlarını aldığını, bununla bağlı heç bir tələbi olmadığını bildirmişdir. Əgər iddiaçı 2018-2020-ci illərdə əmək haqqı almamışdırsa 2 il fasiləsiz olaraq hansı səbəbdən cavabdeh şirkətdə işləmişdir? 2 il az müddət deyil, əgər iddiaçıya həmin müddət ərzində əmək haqqı verilməsə idi o, bu barədə müvafiq qurumlara həmin vaxt şikayətlə müraciət edə bilərdi. Lakin, belə şikayət nə müvafiq qurumlara nə dəki işəgötürənə edilmişdir. Cavabdeh şirkətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimələnməsi isə son haqq-hesabın düzgün hesablanmamasına görə olmuşdur. Yəni, iddiaçı bu hala əsaslanıb 2 il üzrə əmək haqqı tələb etsə də, qeyd etmək lazımdır ki, X4 yalnız son haqq-hesabın düzgün hesablanıb ödənilməməsi ilə bağlı hala qiymət vermişdir. Daha aydın desək, həmin inzibati protokolun tərtib edilməsində son haqq-hesabın verilməməsi və ya əmək haqqının verilməməsi qeyd edilməmişdir. Sadəcə olaraq son haqq-hesabın düzgün hesablanmaması ilə bağlı cavabdeh şirkət inzibati tənbeh edilmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, onun hüquqları pozulmaqla işdən azad edilmiş, bundan iddiaçının xəbəri olmamış və daha sonra işdən çıxması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında tərəflərindən iddiaçının işdən çıxma barədə ərizəsi təqdim edildikdən sonra isə iddiaçı izahatını dəyişdirmiş və bildirmişdir ki, o, öz arzusu ilə işdən azad olunmuşdur. Başqa sözlə, o, işdən çıxması barədə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı bir-biri ilə ziddiyyətli izahatlar verməklə məhkəmə araşdırmasına süni maneələr yaradır. Eyni zamanda, iddiaçı əmək haqqının ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinidə ötürmüşdür. Belə ki, iddiaçının 2018-ci ilin yanvar ayından işə başlamış olduğu nəzərə alınsa, guya hüquqlarının pozulmasını hələ 2018-ci ildən bilməsinə baxmayaraq hansı səbəbdən vaxtında məhkəməyə müraciət etməməsinin əsl səbəbini ancaq özü bilir. Göstərilənlərə əsasən iddia əsassız olduğundan, habelə iddia müddəti də ötürüldüyündən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Cavabdehnə ünvanladığı 08 yanvar 2018-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, sonuncudan sürücü işinə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 09 yanvar 2018-ci il tarixli 01/049 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 yanvar 2018-ci il tarixdən etibarən sürücü vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 09 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi 09 yanvar 2018-ci il tarixdə sürücü peşəsinə qəbul edilməklə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 180 manat əmək haqqı ödənilir. 09 yanvar 2018-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdehndə vəzifəsi avtobus sürücüsü, aylıq əmək haqqının məbləği 180 manat (vaxtamuzd) təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı vaxt 09 yanvar 2019-cu ildir. 20 avqust 2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdehndə vəzifəsi avtobus sürücüsü, aylıq əmək haqqının məbləği 180 manat (vaxtamuzd) təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı vaxt 09 yanvar 2021-ci ildir. 01 oktyabr 2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdehndə vəzifəsi avtobus sürücüsü olmaqla, aylıq əmək haqqının məbləği 250 manat (vaxtamuzd) təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı vaxt 09 yanvar 2021-ci ildir. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi sürücü peşəsinə qəbul edilməklə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 250 manat əmək haqqı ödənilir. 27 dekabr 2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdehndə vəzifəsi avtobus sürücüsü, aylıq əmək haqqının məbləği 250 manat (vaxtamuzd) təşkil edir. Əmək müqaviləsinin müddətinin qurtardığı vaxt 27 mart 2020-ci ildir. İddiaçı Cavabdehnə ünvanladığı 04 fevral 2020-ci il tarixli ərizədən görünür ki, o, sonuncudan 04 fevral 2020-ci il tarixdən işlədiyi sürücü vəzifəsindən öz istəyi ilə azad olunmasını xahiş etmişdir. Həmçinin ərizə də qeyd edilmişdir ki, ona çatacaq əmək haqqını, son haqq-hesabı, işdən çıxma əmrinin surətini almışdır və heç bir tələbi yoxdur. Cavabdeh 04 fevral 2020-ci il tarixli, 265 nömrəli əmrindən görünür ki, İddiaçı 04 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əsas: işçinin işdən çıxış ərizəsi. 04 fevral 2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin elektron çıxarışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 04 fevral 2020-ci il tarixli əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası: 68.2a) tərəflərdən birinin təşəbbüsü. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 13 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və araşdırma zamanı Cavabdeh rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 04 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın düzgün hesablanıb ödənilməməsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 30 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh işçisi İddiaçı müraciətinə baxılarkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmiş, nəticədə X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 10 avqust 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 800 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, 09 yanvar 2018-ci il tarixdə tərəflər arasında əmək münasibətləri yaranaraq, iddiaçı cavabdeh şirkətdə avtobus sürücüsü işinə qəbul edilmişdir. 04 fevral 2020-ci il tarixdə isə iddiaçının işdən azad olunması barədə ərizəsi əsasında tərəflər arasındakı əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı 2018-ci il tarixdən 2020-ci il tarixə qədər olan dövr üçün ona ödənilməmiş əmək haqqlarını cavabdehdən tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının işlədiyi dövr ərzində əmək haqqlarını vaxtında aldığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi, iddiaçı 2018-ci ilin yanvar ayından 04 fevral 2020-ci tarixə qədər cavabdeh şirkətdən əmək haqqı almadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş ərizədən aydın olur ki, iddiaçı ona çatacaq əmək haqqlarını almış və bu barədə hər hansı tələbi olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin işəgötürənin barəsində inzibati protokol tərtib etməsi iddiaçının 2018-ci ilin yanvar ayından 04 fevral 2020-ci il tarixə qədər cavabdeh şirkətdən əmək haqqı almadığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunan idarə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib etmişdir. Həmin norma işçinin əmək və məzuniyyət haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi ilə bağlıdır ki, hazırki işdə də əmək müqaviləsinə xitam verilərkən məhz son haqq-hesabın düzgün hesablanıb ödənilməməsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Yəni, işçinin 2018-ci ilin yanvar ayından 04 fevral 2020-ci il tarixə qədər əmək haqqının ödənilməməsinin səbəbləri ilə bağlı hallar həmin materiallarda araşdırılmamışdır. Bu səbəbdən, məhkəmə iddiaçının hazırki tələblə bağlı irəli sürdüyü bu dəlilini mötəbər hesab etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə araşdırması zamanı əvvəl cavabdeh şirkətdən heç bir məbləğdə əmək haqqı almadığını bildirsə də, daha sonra məhkəmə iclasında ona verilmiş suala cavab olaraq cavabdeh şirkətdən cəmi iki dəfə əmək haqqı aldığını qeyd edərək, bir-biri ilə ziddiyyət təşkil edən izahatlar vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu səbəblərdən, məhkəmə iddiaçının hazırki tələblə bağlı irəli sürdüyü dəlillərini mötəbər, inandırıcı və ağlabatan hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli Qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd olunan normalara istinad edərək bildirir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qismən əsaslıdır. Belə ki, qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 il ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Hazırkı iddia tələbi üzrə iddiaçı bildirir ki, 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayının 4-nə qədər hər hansı məbləğdə əmək haqqı almamışdır, belə olan halda əmək haqqının işçilərə ayda bir dəfədən az olmayan müddətdə verildiyi, habelə tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay əmək haqqı ödənilməsinin qeyd edildiyi nəzərə alınarsa iddiaçı 2018-ci ildən etibarən hər ay əmək haqqının verilmədiyindən məlumatlı olmuşdur. Başqa sözlə, işçiyə hüququnun pozulduğu 2018-ci ilin yanvar ayından başlamaqla hər ay aşkar olsa da, o, 03 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, beləliklə də, 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər əmək haqqı tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Beləliklə, təsvir olunanlara əsasən, iddiaçının 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər əmək haqqı tələbi əsassız olduğundan, həmçinin iddia müddəti təbiq edilməklə təmin edilməməlidir. Lakin, iddiaçı 2020-ci ilin fevral ayı üzrə əmək haqqı tələb etmək hüququnu saxlamışdır, belə ki, hazırki iddia məhkəməyə 03 fevral 2021-ci il tarixdə verildiyinə görə iddia tələbinin bu hissəsinə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar