Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2351/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğa görə Baku Electronics” MMC ilə iddiaçı arasında bağlanmış 01 mart 2022-ci il tarixli, BL692287 saylı nisyə satış müqaviləsinin ləğv edilməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 01 mart 2022-ci il tarixli; BL692287 saylı nisyə satış müqaviləsinə əsasən, Cavabdeh MMCnin Şəmkir satış mağazasından 1 ədəd “CANON PİXMA G3415 EUM/EMB2 EB1” markalı printeri 9 ay müddətinə hər ay 59 manat ödəmək şərti ilə 529 manata almışdır. Malı alarkən ona zəmanət talonu verilmişdir. O, mal alan zaman mağazada yoxlanılmasını tələb etsə də, satıcılar printeri yoxlaya bilməycəklərini bildirdilər. Sonra o, printeri evə gətirmiş və evdə işləyib-işləməməsini yoxlayan zaman printerin katrici işləməmişdir. Bu səbəbdən malı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Şəmkir satış mağazasına geri qaytararaq satdıqları avadanlıqda qüsur olduğunu bildirmiş və bu barədə Cavabdeh MMCnin Şəmkir satış mağazasına yazılı ərizə ilə məlumat vemişdir. Mağazada printerin qüsurlu əşya kimi servis xidməti ondan təhvil alıb və ona bildirmişlər ki, avadanlıq Bakıya göndəriləcək, 24 iş günü müddətində ona məlumat veriləcəkdir. Bundan təxminən 2 ay sonra Cavabdeh MMC- nin Bakı şəhərindəki servis xidmətindən ona zəng vuraraq bildirmişlər ki, printerin katric sistemində problem var, onun təmir edilməsi üçün ya 120 manat ödəniş etməli, ya da printeri almaqdan imtina edə bilər. O, isə həmin avadanlığı almaqdan imtina etmək istədiyini bildirmişdir. Eyni zamanda ona izah edilmişdir ki, malı almaqdan imtina etmək üçün “Baku Electronics" MMC-nin baş ofisinə zəng edib bu barədə bildirməlidir. O, da baş ofisə zəng vuraraq malı almaqdan imtina etdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh MMC-nin Şəmkir şəhərində yerləşən servis xidmətindən ona zəng vuraraq prinetin gəldiyini bildirdilər. O, yenə də servisə yaxınlaşıb printerə baxış keçirmiş və məlum oldu ki, həmin avandlıq yenə də qüsurludur, katrici düzəlməyib. Ona görə də o, avadanlığı götürməkdən imtina etmişdir. Buna baxmayaraq Cavabdeh MMC 2 il sonra heç bir əsas olmadan həmin müqavilə onun guya öhdəliyi icra etmədiyini əsas gətirərək, 529 manat borcun ödənilməsi üçün Gədəbəy rayon notariat ofisinə müraciət edib icra qeydi almış və həminicra qeydi icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Hesab edir ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 01 mart 2022-ci il tarixli, BL692287 saylı nisyə satış müqaviləsinə əsasən, ona satılmış əşya qüsurlu əşya olduğundan Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən, müqavilənin icrasından imtina etmək və müqavilənin ləğvini tələb etmək hüququ vardır. Göstərdiklərini nəzərə alaraq hesab edir ki, cavabdeh əşyanın keyfiyyətinə aid tələbləri əhəmiyyətli dərəcədə pozulduğa görə Cavabdeh MMC ilə onun arasında bağlanmış 01 mart 2022-ci il tarixli, BL692287 saylı nisyə satış müqaviləsi ləğv edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) Nümayəndə izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Şəmkir filialından printer aldmışlar, mağazada yoxlanılmadı, evə gətirib yoxlayanda işləmədiyini aşkar etmişlər. Səhəri gün aparıb qaytarmışlar. Oradan isə Bakı şəhərinə servisə yoxlanışa göndərmişlər, ordan zəng vuraraq xarab olduğunu və təmir üçün 120 manat ödəniş etməyini təklif etdilər, o, isə həmin təklifdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2022-ci ildə kreditlə printer almışdır. Printeri yerində yoxlamağa imkan vermədilər. 1 gün sonra xarab olmuşdur. Səhəri gün aparıb qaytarmışlar. Oradan isə Bakı şəhərinə servisə yoxlanışa göndərmişlər. Rəydə qeyd olunur ki, kənar müdaxilə yoxdur. Bir müddət sonra servisdən maraqlanmış, oradan ona bildirmişlər ki, printerin katricində problem var. Həmçinin bildirdi ki, printeri aldıqdan sonra, onun katricini harada doldurması yadında deyil. Hesab edir ki, cavabdeh əşyanın keyfiyyətinə aid tələbləri əhəmiyyətli dərəcədə pozulduğa görə iddia tələbinin təmin edilərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış 01 mart 2022-ci il tarixli, BL692287 saylı nisyə satış müqaviləsi ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı 2022-ci ildə satılmış printerdə istehsal qüsuru yoxdur, sadəcə katric üçün nəzərdə tutulan boyanı səhv doldurublar. Əgər katric onlara məxsus məntəqədə doldurulmuş olsaydı, onda problem yaranmazdı. Göstərdiklərini nəzərə alaraq iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Cavabdeh MMC-nin adından etibarnamə əsasında çıxış edən X8 ilə X7 arasında bağlanmış BL692287 saylı, 01 mart 2022-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, “satıcı” bu müqaviləyə əsasən qiyməti 529,00 manat olan avadanlığı (printeri) “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib, 9 ay müddətində, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 59 manat olmaqla, avadanlığın qiymətini “satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin “Alıcı” ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində cərimə ödəyir. Zəmanət talonundan görünür ki, X5 PRİNTER CANON PİXMA G3415 EUM/EMB2 EB1 1 ədəd məhsula görə, 1 il müddətinə zəmanət verilmişdir. Servisdə Xidmət Qəbzindən görünür ki, satış tarixi xx.xx.2022-ci il olan PRİNTER CANON PİXMA G3415 EUM/EMB2 EB1 “vərəqi ağ çıxarır, kraska dağılır vərəqidə ləkələyir, müştəri bildirir ki, cihazı qoşan zaman yazılır parteci dəstəkləmir, məhsulun içində zakolka varidi. Müştəri maldan imtina edir məhsul servisde BSC YE göndərildi” qeyd yazılmış printerə baxış zamanı cihaz açılmadan (sökülmədən) qəbul edildiyi üçün 3-14 iş günü ərzində diaqnostika və təmi rməqsədi ilə açılandan sonra onun daxilində müşahidə edilən zərbə, maye və ya qeyri frofessional təmir izlərinə görə Servis Mərkəzi məsuliyət daşımır. Diaqnostika və təmir zamanı cihazın yaddaşında və hesabında (accaunt) olan məlumatların itməsinə, silinməsinə görə Servis Mərkəzi məsuliyyət daşımır. Cihazın proqram təminatı yeniləndikdə yaddaşında və hesabında (accaunt) olan məlumatlar silinəcək. Cihazın diaqnostika və təmiri 3-14 iş günü müddətində icra edilir. Ehtiyyat hissə olmadığı halda isə bu proses 30 iş gününədək uzana bilər. Cihazın yalnız servis tərəfindən verilən qəbz və ya cihazı təmirə təhvil verən şəxsin şəxsiyyətini təsdiq edən sənədlə müşətriyə təhvil verilir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-3/635 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş printerin üzərində trasoloji zədə, o cümlədən kənar təsir nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Həmçinin qərarda qeyd olunan PRİNTER CANON PİXMA G3415 EUM/EMB2 EB1 markalı printerin texniki cəhətdən saz olub-olmaması, əgər qüsurlar mövcuddursa həmin qüsurların nədən ibarət olması və qüsurların baş vermə və ya yaranma səbəbi (istehsalçı qüsuru və s.) texniki cəhətdən müəyyən edilsin məzmunlu sual məhkəmə-trasoloji ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olunmadığından həmin suala cavab vermək mümkün deyildir. “DiVi service mərkəzinin diaqnostikasının nəticəsindən görünür ki, printer mürəkkəbə bulaşıb, o səbəbdən çap başlığda nasazlıq aşkar olunub. DiVi şirkətinin zəmanət öhdəliklərinə əsasən, aşağıda göstərilən səbəblərə görə sıradan çıxmış məhsullara zəmanət şamil olunmur; - istismar qaydalarının tələblərinə uyğun olmayan istifadə zamanı ; - təlimatlarda göstərilən tələblərə əməl etmədikdə; - istehsalçı tərəfindən dəstək olunmayan istənilən konfiqurasiyada istifadə etdikdə; - istehlakçı tərəfindən aparatda dəyişiklik edildikdə; - məhsulla səliqəli davranmadıqda; - aparat təlimatda göstərilməyən gərginlikli cərəyan şəbəkəsinə qoşulanda; - mexaniki zədə olduqda; - səlahiyyəti olmayan şəxs tərəfindən təmir edildikdə; Aşağıdakı hallarda məhsula zəmanət şamil olmur: - orijinal zəmanət talonu olmadıqda; - Məhsul və zəmanət talonundakı məlumatlar düz gəlməyəndə; - zəmanət müddəti bitdikdən sonra. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Maddə 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Maddə 617.3. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğısatqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 617.4. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 14-cü maddəsinə əsasən 4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı ilk olaraq onu qeyd edir ki, iddiaçı tələbini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinə əsasən Cavabdeh MMC-nin Şəmkir satış mağazasından iddiaçı tərəfindən alınmış 1 ədəd “CANON PİXMA G3415 EUM/EMB2 EB1” markalı printerin qüsurlu olmasına əsasən irəli sürmüş və tələbinin maddi hüquq normaları qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-587-ci maddələrinə istinad etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 01 mart 2022-ci il tarixli; BL692287 saylı nisyə satış müqaviləsinə əsasən, Cavabdeh MMC-nin Şəmkir satış mağazasından 1 ədəd “CANON PİXMA G3415 EUM/EMB2 EB1” markalı printeri 9 ay müddətinə hər ay 59 manat ödəmək şərti ilə 529 manata almış, mal ona təhvil verilmişdir. İlk növbədə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə, müqavilədə satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi nəzərdə tutulmadığından satıcı tərəfindən əşyanı alıcıya təhvil verdiyi məqamda onun əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinin tələbləri baxımından əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski həmin andan iddiaçıya keçmişdir. Məhkəmə iddiaçının mal alan zaman onun mağazada yoxlanılmasını tələb etsə də, satıcılar printeri yoxlaya bilməycəkləri ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu halda iddiaçının ən azından malı qəbul etməkdən imtina etməsi və yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 617.3-cü maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməsi imkanı olmuş, lakin iddiaçı həmin anda buna etiraz etməmiş, yalnız printeri evə gətirdikdən sonra onun katricinin işləmədiyini bildirmişdir. Bununla yanaşı iş üzrə müəyyən edilmişdir ki, servisdə printerə baxış keçirilərək (iş materiallarında olan servisdə xidmət qəbzi) qeyd edilmişdir ki, “printer vərəqi ağ çıxarır, kraska dağılır vərəqidə ləkələyir, müştəri bildirir ki, cihazı qoşan zaman yazılır karteci dəstəkləmir, məhsulun içində zakolka vardi. Müştəri maldan imtina edir məhsul servisde BSC YE göndərilmişdir. Cihaz açılmadan (sökülmədən) qəbul edildiyi üçün 3-14 iş günü ərzində diaqnostika və təmir məqsədi ilə açılandan sonra onun daxilində müşahidə edilən zərbə, maye və ya qeyri frofessional təmir izlərinə görə Servis Mərkəzi məsuliyət daşımır. Diaqnostika və təmir zamanı cihazın yaddaşında və hesabında (accaunt) olan məlumatların itməsinə, silinməsinə görə Servis Mərkəzi məsuliyyət daşımır. Cihazın proqram təminatı yeniləndikdə yaddaşında və hesabında (accaunt) olan məlumatlar silinəcək. Cihazın diaqnostika və təmiri 3-14 iş günü müddətində icra edilir. Ehtiyyat hissə olmadığı halda isə bu proses 30 iş gününədək uzana bilər. Cihazın yalnız servis tərəfindən verilən qəbz və ya cihazı təmirə təhvil verən şəxsin şəxsiyyətini təsdiq edən sənədlə müşətriyə təhvil verilir.”. Bundan əlavə iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, tətqiqata təqdim edilmiş printerin üzərində trasoloji zədə, o cümlədən kənar təsir nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Daha sonra “DiVi Servis Center” Mərkəzinin diaqnostika üçün sifarişə alınmış iddiaçıya məxsus printerə baxışın və diaqnostikanın nəticəsindən müəyyən edilmişdir ki, printer mürəkkəbə bulaşıb, o səbəbdən çap başlığda nasazlıq aşkar olunmuşdur. Yuxarıda qeyd edilən rəylər onu deməyə əsas verir ki, mübahisə predmeti olan “CANON PİXMA G3415 EUM/EMB2 EB1” markalı printer iddiaçıya təhvil verilənədək onda hər hansı qüsurun (istehsal qüsuru) olması müəyyən edilməmişdir. Həmçinin iddiaçı məhkəmədə verdiyi izhatda da təsdiq etmişdir ki, printer alındıqdan sonra onun katricinin harada doldurulması yadında deyil. Bu isə ona dəlalət edir ki, qüsur məhz həmin katric boya ilə doldurulduqdan sonra əmələ gəlmişdir. Göründüyü kimi iddiaçı printerin ona verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməməklə yanaşı, işin məhkəmə araşdırılması ilə qüsurların əşya alıcıya verilənədək əmələ gəldiyi və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi də müəyyən edilmir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan printerin keyfiyyətinə aid tələblərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması iş üzrə sübuta yetirilmədiyindən iddiaçı ilə Cavabdeh MMC-nin Şəmkir filialı arasında bağlanmış 01 mart 2022-ci il tarixli, BL692287 saylı nisyə satış müqaviləsinin ləğvinə dair iddia əsaslı sayıla bilməz. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş 08 may 2024-cü il tarixli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi rədd edildiyindən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-iqtisad ekspertizalarının dəyəri olan 64 (altmış dörd) İddiaçı tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri olan 64 (altmış dörd) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev