Məhkəmə qərarları › İş №2(001)-2374/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2374/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2374/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyaları” tələbinə dair iddia ərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında, Bakı şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl zinət əşyaları” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona toy hədiyyəsi verdiyi İtaliya istehsalı olan 750 əyarlı kolye, qolbaq, sırğa və üzük dəsti - qiyməti 4500 manat, İtaliya istehsalı olan 750 əyarlı brilyant qaşlı üzük (bəxt üzüyü) - qiyməti 1000 manat, Türkiyə istehsalı olan 583 əyarlı sirkon qaşlı üzük - qiyməti 300 manat, ümumilikdə 5800 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx xxxxxx 2016-cı ildə el adəti ilə toy edərək ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2019-cu ildə Dilarə adlı bir uşaqları doğulmuşdur. Ona hədiyyə kimi verilmiş qızıl zinət əşyalarını toydan bir ay sonra cavabdehin anası ondan alaraq “ver mən saxlayım, sən uşaqsan, bu qızılların qədrini bilməzsən” demişdir. Hətta onun toy çəkilişini,toy albomunu, hətta ümumi sənədlərini ondan almışlar. Cavabdehin valideyinləri onların ailə münasibətlərinə müdaxilə etmiş, onun valideynləri ilə münasibətini tam kəsmişlər. Onu qəsdən incitməyə başlamışlar. Son dəfə xx xxxxxx 2019-cu ildə cavabdehin onu döyməsinə dözməyərək gecə valideyini X2 zəng edib “ata mən döyülməkdən yorulmuşam, intihar edəcək həddə çatdırıblar məni” demişdir. O, evdən kənara çıxmaq ixtiyarında olmamışdır. O cavabdehlərin evində əsir kimi saxlanılmışdır. Körpə uşaqla, valideyni onu aparmağa gələndə onu cavabdeh David hədsiz döymüş, şokda olmuşdur. Onu atası uşağı ilə birlikdə gecə Salyana öz ata evinə aparmışdır. Atası 1 ay çalışıb şəxsiyyət vəsiqəsini və sənədlərini 102-xidmətinə zəng edib məlumat verəcəyini Davidin xalası oğluna bildirərək onun köməyi ilə almışdır. Cavabdehlər ona evdə yaşamaq hüququ da verməmişlər. O, cavabdehlərin evindən köhnə geyimdə, ayaq yalın çıxmış, çıxarkən özü ilə nəinki qızılzinət əşylarını, hətta özünün və uşağının geyimlərini, cehiz əmlakını da götürə bilməmişdir. Məhkəmə gedişatında tərəflə cehiz əmlakın götürülməsinə razılıq əldə edilmiş və cehiz əşyalar götürülmüşdür. Qızıl-zinət əşyaları isə hələ də ona qaytarılmamışdır. Qeyd olunanlara əsasən tələbin təmin edilməsi, Cavabdeh ona toy hədiyyəsi verdiyi İtaliya istehsalı olan 750 əyarlı kolye, qolbaq, sırğa və üzük dəsti - qiyməti 4500 manat, İtaliya istehsalı olan 750 əyarlı brilyant qaşlı üzük (bəxt üzüyü) - qiyməti 1000 manat, Türkiyə istehsalı olan 583 əyarlı sirkon qaşlı üzük - qiyməti 300 manat, ümumilikdə 5800 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, dəst kolye, sırqa, üzük, qolbaq İtalya istehsalıdır, 750 əyar, 38 qramdır, bəxt üzüyü İtalya istehsalıdır, 750 əyar, 7 qramdır, sirkon qaşlı üzük isə Türkiyə istehsalıdır, 583 əyar, 4,5 qramdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı oğlu Davidlə xx xxxxxx 2016-cı ildə ailə qurmuşdur. Birgə nikahdan onların xx xxxxxx 2019-cu ildə Dilarə adlı bir uşaqları doğulmuşdur. Toydan öncə iddiaçıya bir sıra qızıl zinət əşyaları hədiyyə kimi verilsə də, sonradan lombarda qoyularaq iddiaçının müalicəsi üçün xərclənmişdir. Belə ki, iddiaçının hamiləliyi ağır keçmiş, müayinə və müalicəsi üçün xeyli miqdarda pul tələb olunmuşdur. Bu məqsədlə onlar iddiaçıya toydan öncə hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarını qeyd edilən formada sataraq satışdan əldə edilmiş pulu onun müalicəsinə sərf etmişlər. Qızılların qiyməti isə iddia ərizəsində qeyd edilən kimi deyil, daha az olmuşdur. Dəsti qiyməti 1800 manat, bəxt üzüyü 300 managt, digər üzük isə 100 manat olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı ilə Cavabdeh 2016-cı ilin dekabr ayında qeyri-rəsmi formada ailə qurub evlənmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. İşin qətnamənin təsviri hissəsində sadalanmış hallarından həmçinin görünür ki, tərəflər arasında iddia ərizəsində göstərilən növdə və sayda qızıl-zinət əşyalarının toydan əvvəl iddiaçıya məhz cavabdeh tərəfindən hədiyyə verilməsi barədə mübahisə də yoxdur. Bununla belə, cavabdeh iddianı həmin hissədə qəbul etmir və bildirir ki, qızıl-zinət əşyaların qiyməti şişirdilmişdir, eyni zamanda iddiaçının hamiləliyi ağır keçdiyindən onun müayinə və müalicəsi üçün xeyli miqdarda pul tələb etmiş, bu məqsədlə onlar iddiaçıya toydan öncə hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarını sataraq satışdan əldə edilmiş pulu onun müalicəsinə sərf etmişlər. İddiaçının azyaşlı uşağı ilə birlikdə yaşadığı ər evindən çıxma şəraiti də, yəni atasına zəng edərək dözülməz şəraitilə bağlı məlumatından sonra sonuncunun gələrək onu azyaşlı uşağı ilə bağlı evdən aparması mübahisə edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyi (iddia ərizəsində göstərdiyi) qızıl-zinət əşyalarının həqiqətən də ona hədiyyə kimi verilmiş olduğunu kifayətedici aydınlıqla sübut edə bilmişdir. Cavabdeh həmin əşyaların hədiyyə kimi verildiyini qəbul etməklə sonradan, yəni iddiaçının ağır keçən hamiləliyi ilə əlaqədar satıldığını bildirsə də, öz etirazının əsası kimi bildirdiyi həmin halları məhkəmə iclaslarında mötəbər dəlillərlə sübut edə bilməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli KTM hamilə haqqında məlumatda İddiaçı hamiləliyinin ağır keçməsi barədə məlumatlar yoxdur, Doğum evinin zahı haqqında 2019-cu il avqust tarixli məlumatda isə doğuşun gedişinin fəsadsız keçməsi, doğuşdan sonrakı dövrün normal olduğu qeyd edilmişdir. Qızıl-zinət əşyalarının iddiaçının səhhətinə görə satılmasının cavabdeh tərəfindən birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaratmaqla mülki hüquq münasibətlərinin iştirakçısı olan iddiaçıya məxsus qızıl-zinət əşylarının cavabdehdə olması və qaytarmaqdan imtina etməsi ehtimalını gücləndirir. Cavabdeh tərəf isə, yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və qızıl-zinət əşyalarının iddiaçının səhhətinə görə satılması haqqında arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə iddia tələbini qızıl-zinət əşylarının qaytarılması hissəsində əsaslı hesab edir. Cavabdehin nümayəndəsinin izahatına və yazılı etirazına münasibətdə məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdehin qızıl-zinət əşylarının qiymətinin şişirdilməsi barədə etirazı ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/3080 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, İtaliya istehsalı 750 əyarlı, 38 qram kolye, qolbaq, sırğa və üzük dəstinin ümumi qiyməti 3420 manat, İtaliya istehsalı 750 əyarlı, 7 qram brilyant qaşlı üzüyün ümumi qiyməti 630 manat, Türkiyə istehsalı 583 əyarlı, 4,5 qram sirkon qaşlı üzüyün ümumi qiyməti 315 manat beləliklə də, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4365 manat müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən sözügedən ekspert rəyini sübut növü kimi qəbul edir və hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya hədiyyə kimi alınmış İtaliya istehsalı olan 750 əyarlı, 38 qram kolye, qolbaq, sırğa və üzük dəsti – qiyməti 3420 manat, İtaliya istehsalı olan 750 əyarlı, 7 qram brilyant qaşlı üzük – qiyməti 630 manat, Türkiyə istehsalı olan 583 əyarlı, 4,5 qram sirkon qaşlı üzük – qiyməti 315 manat, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 22,5 (iyirmi iki manat əlli qəpik) manat əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, həmçinin 100 (bir yüz) manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə uyğun 75,2 (yetmiş beş manat iyirmi qəpik) manat hissəsi cavabdehdən, 24,8 (iyirmi dörd manat səksən qəpik) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus İtaliya istehsalı olan 750 əyarlı kolye, qolbaq, sırğa və üzük dəsti qiyməti 3420 manat, İtaliya istehsalı olan 750 əyarlı brilyant qaşlı üzük (bəxt üzüyü) qiyməti 630 manat, Türkiyə istehsalı olan 583 əyarlı sirkon qaşlı üzük - qiyməti 315 manat qızıl-zinət əşyaları, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 22,5 (iyirmi iki manat əlli qəpik) manat əvəzi cavabdehdən alınaraq iddiaçıya verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 75,2 (yetmiş beş manat iyirmi qəpik) manat hissəsi cavabdehdən, 24,8 (iyirmi dörd manat səksən qəpik) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar