Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2395/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1 qarşı birgə nikah dövründə əldə olunmuş əşyaların bölünüb ona verilməsinə, 8750 manat pulun və ona məxsus sənədlərin geri qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1 qarşı birgə nikah dövründə əldə olunmuş əşyaların bölünüb ona verilməsinə, 8750 manat pulun və ona məxsus sənədlərin geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər uzun müddət birgə yaşamış, son zamanlar isə münasibətləri pozulmuşdur. Tərəflər nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə iddiaçının anası tərəfindən verilmiş pullar nəticəsində bir sıra əmlaklar əldə etmişlər. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr aylarında tərəflərin evlərində olan 429 manat dəyərində 81-82 diaqonal Samsung markalı televizor, 2200 manat dəyərində LG markalı televizor, 290 manat dəyərində ceyran peçi, 650 manat dəyərində kondisioner, 385 manat dəyərində mətbəxdə qaz və aspirator, 650 manat dəyərində Beko markalı paltaryuyan, 110 manat dəyərində tozsoran, 70 manat dəyərində sokçəkən, 1500 manat dəyərində divan və 2 kreslo, 1000 manat dəyərində 2 ədəd pərdə, 450 manat dəyərində xalça, 180 manat dəyərində ətçəkən, 110 manat dəyərində elektrik sobası, 70 manat dəyərində çudo peçka tava, 50 manat dəyərində par ilə elektrik qazanı, 350 manat dəyərində 4 ədəd Tefal markalı mətbəx qazan dəstləri, 40 manat dəyərində elektrik ütüsü, 100 manat dəyərində süfrə, 1000 manat dəyərində İndesit markalı soyuducu, Embawood çarpayı və dolabdan ibarət yataq otağı mebel dəsti, su qızdırıcı, televizor antenası cavabdeh tərəfindən başqa ünvana aparılmışdır. Cavabdehin apardığı bütün əşyalar bölünməli və iddiaçının payına düşən hissə qaytarılmalıdır. Cavabdeh həmçinin iddiaçının anası tərəfindən maşın almaq üçün iddiaçıya verilmiş 8750 manat pulu və iddiaçıya məxsus diplom, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi, hərbi bilet, əmək kitabçası və evin sənədlərini də götürüb aparmışdır. Ona görə də cavabdeh tərəfindən aparılmış əşyaların bölünüb iddiaçıya verilməsinə, 8750 manat pulun və iddiaçıya məxsus sənədlərin geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi əşyaların ona anası tərəfindən verilən pul vəsaiti hesabına alınmasını, 8750 manat pulun və ona məxsus sənədlərin cavabdeh tərəfindən aparılmasını yalnız şahid ifadələri ilə təsdiq edə bilər. Əşyaların alınmasını təsdiq edən heç bir sübutu yoxdur. Məhkəmə iclasında cavabdeh X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə 2007-ci ildə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyindən onların ailə nikah münasibətləri pozulmuş, 2019-cu ildə isə nikahları ləğv olunmuşdur. Yaşadıqları mənzildə olan kondisioneri, çilçırağı, xalçanı, televizoraltını və digər əşyaları iddiaçı sataraq əldə olunan vəsaiti narkotik vasitələrin alınmasına sərf etmişdir. O, məcbur olub cehiz gətirdiyi əşyaları mənzildən çıxarmışdır. İddiaçının pis vərdişinə görə onlar birgə nikah dövründə heç bir əşya əldə etməmiş, pul vəsaiti toplamamışlar. İddiaçının anası onlara pul verməmişdir. O, mənzildən gerkən yalnız özünə və övladına məxsus əşyaları götürmüş, pul vəsaiti və iddiaçıya məxsus sənədləri götürməmişdir. Əksinə iddiaçı ona məxsus olan sənədləri bir müddət girov qoymuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, oğlu İddiaçı ailəsi ilə birlikdə onların Xırdalanda olan evlərində yaşamışdır. O, əri T.Ağayevlə birlikdə Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 1A saylı evin 32 saylı mənzilində yaşayır. Oğlunun yaşadığı evə kondisioneri onun əri almışdır. S.S.Abuşova cehiz olaraq kiçik televizor gətirmişdir. O, sonra daha böyük televizor alıb onlara vermişdir. Bundan başqa o, dəfələrlə S.S.Abuşovaya pul vermiş, sonuncuda həmin pula məişət əşyaları almışdır. 2020-ci ilin avqust ayında S.S.Abuşova iki böyük maşın gətirərək evdəki əşyaları aparmışdır. Cavabdeh əşyaları aparmasını ona qonşu Nailə xəbər vermiş və o, DİN-in 102 xidmətinə zəng vurmuşdur. İddiaçı sözlərindən ona S.S.Abuşovanın evdən gedərkən 7850 manat pulu və oğluna məxsus diplomu, hərbi bileti, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, evin sənədlərini də aparması məlum olmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, dostu R.T. Ağayevin evində 3-4 dəfə olmuşdur. Ona görə də həmin evdə televizor, soyuducu, mebel, kondisioner kimi əşyaların olmasını görmüşdür. Həmin əşyaların kim tərəfindən alınması ona məlum deyildir. İddiaçı və Ə.B.Ağayevanın sözlərindən evdə olan bütün əşyaların S.S.Abuşova tərəfindən aparılması, hazırda evin boş olması ona məlumdur. Evdə pulun olması, pulun aparılması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində birgə nikah dövründə alınmış əşyaların, 8750 manat pulun və ona aid sənədlərin cavabdeh tərəfindən götürülüb aparılmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutunu, yəni əşyaların həqiqətən mövcud olmasına, həmin əşyaların birgə nikah dövründə alınmasına, hansı qiymətə alınmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibət bildirib qeyd edir ki, iddiaçının anası və yaxın dostu olan şahidlərin məhkəmə iclasında verdikləri ifadələr mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, bu şahidlər ifadələrində göstərdiklərinin onlara iddiaçının, iddiaçının anasının, qonşunun sözlərindən məlum olmasını bildirmişlər. Cavabdeh tərəfindən əşyaların aparılması faktı isə həmin əşyaların birgə nikah dövründə, iddiaçının valideynlərinin vəsaiti hesabına alınan, iddia ərizəsində qeyd olunan əşyaların olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1 qarşı birgə nikah dövründə əldə olunmuş əşyaların bölünüb ona verilməsinə, 8750 manat pulun və ona məxsus sənədlərin geri qaytarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2395/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2395/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver