Məhkəmə qərarları › İş №2(001)-2419/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2419/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2419/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə bildirdi ki, cavabdehlə nikahın pozulmasını istəyir. Belə ki, onların nikahları formal xarakter daşıyır və ailənin qorunubsaxlanılması mümkün deyil. Hal-hazırda bir evdə yaşayırlar, birgə təsərrüfat aparırılar, lakin cavabdeh demək olar ki, uşaqlara baxmır. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh izahatında məhkəməyə bildirdi ki, nikahın pozulmasına, uşaqların ananın yanında saxlanılmasına və 350 manat məbləğində aliment ödəməyə razıdır. Lakin məhkəmədən nəzərə alınmasını xahiş edir ki, o, uşaqları üçün televizor və noutbuk almış, həmin əşyalar üçün hal-hazırda kredit ödəyir, eyni zamanda oğlunu kursa yazdırıb və onun üçün də ödənişləri o edir. Bundan əlavə, iddiaçı ilkin olaraq aliment ödənilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət etsə də, bu günədək onlar birgə təsərrüfat aparırlar və o, uşaqların saxlanılmasında iştirak edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təkrar nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanılmış, bu barədə 449 nömrəli qeyd icra edilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh nikahın pozulmasına, uşaqların ananın yanında saxlanılması və 350 manat aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda ... nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə, həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda … məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflər arasında uşaqların kimin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması uşaqların mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəf izahatlarında məhkəməyə bildirmişlər ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman (xx.xx.2021-ci il) onlar bir evdə yaşayaraq, birgə təsərrüfat aparmış və cavabdeh iddiaçının istədiyi həcmdə olmasa da, uşaqların saxlanılmasında iştirak etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan deyil, qətnamə qəbul edildiyi vaxtdan tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmalı və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 449 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar