Məhkəmə qərarları › İş №2(001)-2453/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2453/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2453/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 27.07.2013-cü il təvəllüdlü X3 və 01.03.2015-ci il təvəllüdlü X4 ilə Cavabdeh tərəfindən ünsiyyətə yaradılmış maneələrin aradan qaldırılması və hər həftənin bazar günü saat 12.00-dan saat 17.00-dək müddətdə uşaqlarla görüşmələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladları X6 ilə Cavabdeh 2012-ci ildə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar və onların birgə nikahından 27.07.2013-cü il tarixdə X3 və 01.03.2015-ci il tarixdə X4 anadan olmuşlar. X1 12.01.2020-ci il tarixdə vəfat etmişdir. Oğlanları vəfat etdikdən 4 ay sonra cavabdeh uşaqlarla birlikdə yaşadıqları evi tərk edərək daimi yaşamağa valideynlərinin yanına getmiş, həmin vaxtdan da onların nəvələri ilə ünsiyyətinə şərait yaratmamışdır. Onlarla yaşadıqları dövrdə nəvələrinə qayğı ilə yanaşmış, münasibətləri yaxşı olmuşdur. Lakin cavabdeh onların nəvələrilə ünsiyyətdə olmaq hüququnun olmasını nəzərə almayaraq, məqsədli şəkildə ünsiyyətdə olmalarına maneələr yaratmış və nəticədə hüquqları pozulmuşdur. Binəqədi rayon İcra Hakimiyyətinin 19/2020 saylı, 09.10.2020-ci il tarixli qərarı ilə 27.07.2013-cü il təvəllüdlü X3 və 01.03.2015-ci il təvəllüdlü X4 ilə ünsiyyətə yaradılmış maneələrin aradan qaldırılması və hər həftənin bazar günü saat 12.00-dan saat 17.00-dək müddətdə görüşməyin təmin edilməsi qərara alınmışdır. Lakin cavabdeh müvafiq orqanın qərarının icrasından imtina etmişdir və onların uşaqlarla görüşmələrinə imkan verməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişlər. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, Covid-19 pasportu olmadığına görə məhkəmə iclaslarında üzürlü səbəblərdən iştirak edə bilmədiyinə görə, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, uşaqlar nənə və babaları ilə görüşmək istəmədiklərindən iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 09 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh tərəfindən ərizəçi İddiaçı1 nəvələri 27.07.2013-cü il təvəllüdlü X3 və 01.03.2015-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmasına yaratdığı maneələrin aradan qaldırılması, vətəndaş İddiaçı1 nəvələri X3 və X4 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək müddətdə görüşünün təmin edilməsi qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 09 sentyabr 2021-ci il tarixli uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə rəyindən görünür ki, komissiya iddiaçıların izahatını, həyat şəraitinin müayinə edilməsinin nəticəsini, ünsiyyətə mane olan halların mövcud olmamasını, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58, 60, 62-ci maddələrini nəzərə alaraq, uşaqların mənafelərinin üstünlüyü baxımından iddiaçılar İddiaçı1 Pəna qızı və İddiaçı2 nəvələri X3 və X4 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək müddətdə görüşməsini məqsədəmüvafiq hesab edir. Rəyə əlavə edilən həyat şəraitinin müayinə aktından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə və mənzil-məişət şəraiti nəvələri ilə görüşmələri üçün əlverişlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh birgə nikahından 27 iyul 2013-cü il təvəllüdlü X3 və 01 mart 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. X6 vəfat etmiş, uşaqlar analarının – cavabdehin himayəsində yaşamaqdadır. İddiaçılar nəvələrinin inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadırlar. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə iddiaçıların nəvələri ilə ünsiyyətdə olması uşaqların hüquq və mənafeyinə uyğun hesab edilmişdir. 08 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 62.1-62.4-cü maddələrinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. 73.1-73.2-ci maddələrinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 10-cu bəndinə əsasən, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə iddiaçıların nəvələri ilə ünsiyyətdə olmaq hüququna malik olduğunu, onların uşaqların fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini, eləcə də uşaqların babaları, nənələri ilə ünsiyyət hüququ olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların nəvələri ilə ünsiyyət hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri, 27 iyul 2013-cü il təvəllüdlü X3 və 01 mart 2015-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olma qaydası hər həftənin bazar günləri saat 12:00-dan saat 17:00-dək müəyyən edilməli, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri, 27 iyul 2013-cü il təvəllüdlü X3 və 01 mart 2015-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaq hüquqları təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri – 27 iyul 2013-cü il təvəllüdlü X3 və 01 mart 2015-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olma qaydası hər həftənin bazar günləri saat 12:00dan saat 17:00-dək müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar