Məhkəmə qərarları › İş №2(001)-2469/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2469/2022

06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2469/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 yanvar 2019-cu il tarixdən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, əvvəllər iddiaçı alimentin ödənilməsi ilə bağlı ona müraciət etməmişdir. Lakin iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq hər ay birgə nikahdan olmuş uşağın saxlanılması ilə bağlı 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun məbləğdə aliment ödəməyə razıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2006-cı il tarixdə qeydə alınmış, tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-266/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə rərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşaq iddiaçının yanında saxlanılmışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin bu barədə vəd verməsinə baxmayaraq, birgə nikahdan olmuş uşağın saxlanılmasına köməklik etmədiyini, bununla bağlı ona etdiyi şifahi müraciətlərin də nəticəsinin olmadığını bildirir və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismə qəbul edir, əvvəllər iddiaçının alimentin ödənilməsi ilə bağlı ona müraciət etmədiyini, lakin iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq hər ay birgə nikahdan olmuş uşağın saxlanılması ilə bağlı 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun məbləğdə alimenti ödəməyə razı olduğunu bildirir və iddianın qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında birgə nikahdan doğulmuş uşağa alimentin ödənilməsi barədə saziş yoxdur. İddiaçı alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Cavabdehin əmək fəaliyəti ilə məşğul olması, habelə aylıq müntəzəm gəlirə malik olması müəyyən edilməmişdir. Bu səbəbdən aliment sabit pul məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə, cavabdehin hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alaraq, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və uşağın valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2019-cu il tarixdən hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, ailə münasibətlərindən irəli gələn mübahisə olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Bununla da iddiaçı aliment almaq üçün tədbirlər görməyə başlamışdır. Bu tarixdən əvvəl, iddiaçının aliment almaq üçün tədbirlər görməsi, lakin cavabdehin aliment verməkdən boyun qaçırması nəticəsində aliment ala bilmədiyi məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, uşağın saxlanılmaı üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) (193 x 12 = 2.316) 2.316 manat olduğundan, ödənilməli olan dövlət rüsumu 43,16 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 43,16 (qırx üç manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar