Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2471/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (anası) X6, Cavabdeh1, onun nümayəndəsi və vəkili X7, X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcmini Cavabdeh2 Oktay oğluna aid hissədə azaldaraq, onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (anası) X12 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, hazırda mübahisəli mənzildə yaşayır. İddiaçılar onun xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X10 uşaqlarıdır. O, uşaqların mübahisəli mənzilə köçüb yaşamasına etiraz etməzdi. Əgər uşaqların həqiqətəndə buna ehtiyacları olsa idi. Lakin həmin uşaqlar iddiada göstərildiyi kimi, xəstəliklərdən əziyyət çəkmir, onların ana nənələri olan X9 ilə hər hansı problemi yoxdur, o cümlədən hazırda yaşadıqları evdən çıxarılmırlar. X1 mülkiyyətində hazırda bir neçə mənzil, hətta qeyri-yaşayış sahəsi mövcuddur. Uşaqların mübahisəli mənzilə nə köçmək niyyəti, nədə ki, ehtiyacı var. Hazırki iddia ilə uşaqların anası, yəni onun qardaşı X3 həyat yoldaşı X12 onun mübahisəli mənzildə yaşamasına maneə yaratmaq istəyir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X13 iddianı qəbul etməyərək Cavabdeh1 mövqeyini müdafiə etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüş qardaşı X11 X12 ilə birgə nikahından olmuş uşaqlarıdır. Cavabdehin anası X16 xx.xx.2016-cı il tarixdə öldükdən sonra ondan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinin 1/3 hissəsinə iddiaçıların, 1/3 hissəsinə cavabdehin və 1/3 hissəsinə Cavabdeh2 (cavabdehin qardaşı) vərəsəlik qaydasında payı tanınmaqla həmin hissələrdə onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Cavabdeh2 öz payından cavabdehin xeyrinə imtina etmişdir. Hazırda qeyd edilən mənzilin 1/3 hissəsi iddiaçıların, 2/3 hissəsi isə cavabdehin mülkiyyətindədir. İddiaçılar cavabdehə qarşı iddia qaldıraraq, mübahisəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olduqlarını, həmin mənzilin əmiləri Cavabdeh2 kredit öhdəlikləri üçün "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyini, mənzili yüklülükdən azad etmək üçün kredit borcunun onlar tərəfindən götürülmüş digər kredit hesabına ödənildiyini və hazırda işləmək və hər ay 764 manat kredit ödəmək məcburiyyətində olduqlarını, hazırda ana nənələri olan X5 mülkiyyətində olan 41 kv.m. sahədən ibarət mənzildə yaşadıqlarını, nənələrinin buna dəfələrlə narazılıq etdiyini və mənzili tərk etməyi onlardan tələb etdiyini, mənzildən çıxarıldıqları halda başqa yaşayış yerlərinin olmadığını, səhhətlərində də xəstəliklərinin olduğunu, cavabdehin onların mülkiyyətlərində olan mənzilə köçməklərinə narazılıq etdiyini iddia edirlər və paylı mülkiyyətlərində olan mənzilə köçürülmələrini, habelə mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş edirlər. Cavabdeh iddianı qəbul etmir. Hazırda mübahisəli mənzildə yaşadığını, uşaqların iddiada göstərildiyi kimi, xəstəliklərdən əziyyət çəkmədiklərini, onların ana nənələri olan X9 ilə hər hansı problemlərinin olmadığını, o cümlədən hazırda yaşadıqları evdən çıxarılmadıqlarını, X1 mülkiyyətində hazırda bir neçə mənzilin, hətta qeyri-yaşayış sahəsinin olduğunu, uşaqların mübahisəli mənzilə nə köçmək niyyəti, nə də ki, ehtiyacının olduğunu, hazırki iddianın onun mübahisəli mənzildə yaşamasına maneə yaratmaq məqsədi daşıdığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən X6 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gülüstan” b/y, 2 saylı bağ evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır, lakin xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 15 saylı evin, 7 saylı mənzili xx.xx.2002-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə və Şabran rayonu, Daşlı Yataq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə X5 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Bununla belə, Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyası və buna uyğun olaraq İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında bu mövqedən çıxış edir ("Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı" və sair). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-i maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, iddiaçıların paylı mülkiyyətində olan mənzildən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçıların öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə onlar mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdilər. Bu səbəbdən iddiaçıların mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, bu məqsədlə onların həmin mənzilə köçürülməsi təmin edilməlidir. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçıların hər hansı xəstəlikdən əziyyət çəkib-çəkməməsi, habelə hazırda ana nənələrinə məxsus olan mənzildə maneəsiz yaşaması, habelə nənələrinin mülkiyyətində bir neçə yaşayış və qeyriyaşayış sahəsinin olması iddiaçıların bir mülkiyyətçi kimi öz mülkiyyət hüquqlarını həyata keçirməsinə, o cümlədən bu hüququn təminatı olaraq mənzilə köçürülməsinə əngəl törədən hal kimi qiymətləndirilə və qəbul edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənzildən istifadə qaydalarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar hazırda paylı mülkiyyətlərində olan əmlakda yaşamır və əmlakdan istifadə və ona sahiblik edə bilmirlər. Belə ki, cavabdeh onları həmin əmlaka buraxmır. Bu səbəbdən yalnız həmin əmlaka köçdükdən sonra cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçıların istifadə ilə bağlı çətinlikləri yarandığı təqdirdə bu hal belə bir tələbin irəli sürülməsi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə hazırki vəziyyətdə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 226.1-ci maddəsinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42a saylı evin, 181 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2471/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2471/2022
29.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver