Məhkəmə qərarları › İş №2(001)-2488/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2488/2020

07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2488/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxxx 2011-ci il təvəllüdlü X2, xx xxx 2014cü il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü Məmmədli Röya Vüsal qızı adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə evlənərək faktiki ailə münasibətlərində yaşamış, xx xxxx 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 yetkinlik yaşına çatmamış uşaqları vardır. Cavabdeh ailəsinə və uşaqların təlim-tərbiyəsinə, onların fiziki cəhətdən sağlam böyümələrinə, hərtərəfli qayğı ilə əhatə olunmalarına və maddi təminatlarına diqqət göstərmir. O, cavabdehin bu xoşagəlməz hərəkətlərindən təngə gələrək bu barədə iradını bildirsə də, cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Cavabdehin ailəsinə biganəliyi ucbatından münaqişələr baş verir ki, bu da uşaqların psixikasına, sağlamlıqlarına mənfi təsir göstərir. Lakin o, ailəsinin dağılmasını istəmədiyindən uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçı və uşaqlar ilə birlikdə yaşayır, uşaqların, eləcə də arvadının maddi təminatlarını qarşılayır. Aylıq 510 manat ödəməyə isə maddi imkanı yoxdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: AZ-İ seriyalı, 955430 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Mustafayeva (Məmmədova) Tərgül Lətif qızı xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İ seriyalı, 192599 nömrəli “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Ramal Vüsal oğlunun atası Cavabdehdur. AZ-İ seriyalı, 249908 nömrəli “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxx 2014-cü il tarixdə doğulmuş Ramil Vüsal oğlunun atası Cavabdehdur. AZ-İİİ seriyalı, 915051 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə doğulmuş Məmmədli Röya Vüsal qızının atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı, eləcə də digər xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği 170 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X2, xx xxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü Məmmədli Röya Vüsal qızının 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar