Məhkəmə qərarları › İş №2(001)-2489/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2489/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2489/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı aliment məbləğinin azaldılması və ödəmə üsulunun qismən dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı aliment məbləğinin azaldılması və ödəmə üsulunun qismən dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5338/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə 24 yanvar 2017-ci təvəllüdlü qızı X1 üçün tutulan alimentin miqdarının azaldaraq, bütün qazancının yeddidə bir hissəsində tutulması və X1 üçün ondan tutulan alimentin 50%-nin qızının adına açılmış bank hesabına köçürülməsi, qalan 50%-nin isə cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5338/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən 11 iyun 2018-ci il tarixdən başlayaraq, cavabdehin xeyrinə 24 yanvar 2017-ci ildə anadan olmuş qızı X2 üçün bütün növ qazancının 1/4 hissəsi miqdarında ondan aliment tutulur. Alimentin tutulmasına dair məhkəmə qərarı tərəfindən tam icra edilir və ötən dövr ərzində aliment ilə bağlı heç bir gecikmələrə yol verilməmişdir, baxmayaraq ki COVİD-19 pandemiyası ilə əlaqədar hər yerdə olduğu kimi onun işində də müəyyən fasilələrə yol verilmişdir. Digər tərəfdən valideyn olaraq uşaqla bağlı məhkəmədə “valideynlik hüquqlarının həyata keçirilməsi ilə bağlı” tələb qaldırmış və məhkəmə qərarına əsasən hər ayın müəyyən günlərində uşaqla ünsiyyətini reallaşdıra bilir. Göründüyü kimi, valideyn olaraq uşaqla bağlı hüquq və vəzifələrimi tam icra edir. Qeyd edir ki, alimentin məbləği iş yeri üzrə onun əmək haqqının 1/4 hissəsinə yönəldilmişdir. Belə ki, alimentin tutulmağa başladığı 01 iyun 2018-ci il tarixdə onun əmək haqqı 2.212,17 manat (aliment məbləği 553 manat) təşkil edirdi. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat təşkil edirdi. O, həmin iş yerində işləməkdə davam edir və hazırda əmək haqqı yüksələrək 3.895 manat təşkil edir ki, ona nisbətdə də alimentin məbləği 875 manata yüksəlmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Göründüyü kimi, o, alimenti dövlətin uşaqlar üçün nəzərdə tutduğu minimum həddindən 3-4 dəfə çox ödəyir. Cavabdeh isə heç bir faydalı əmək ilə məşğul deyilidir və işləmir, belə olan halda onun öz maddi rifahı ilə yanaşı qızı Səbinənin maddi rifanı necə təmin etməsi böyük sual yaradır. Qızının saxlanılmasında onunla iddiaçı eyni həcmdə vəzifə və məsuliyyət daşımalıdır. Belə ki, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin də ona həvalə edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda uşağın saxlanması yükünün bütövlüklə onun üzərinə yönəldilməsi və müvafiq olaraq cavabdehin bu xərclərdə heç bir iştirakının olmaması, cavabdehin öz valideynlik vəzifələrindən yayınması kimi dəyərləndirilməlidir. O, 10 iyul 2020-ci il tarixdən yeni nikaha daxil olmuş və həmin nikahdan 26 noyabr 2021-ci ildə X11 anadan olmuşdur. Göründüyü kimi, alimentin ödəyən tərəf olaraq onun sonradan ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş və beləliklə xərcləri də həmin nisbətdə artmışdır. Belə olan halda qeyd edilənlərə əsasən məhkəmə onun tələbi üzrə ödədiyi alimentin müəyyən olunmuş miqdarını dəyişdirərək azaldılmaqda haqlı olardı. Həmçinin, onun övladına olan böyük sevgisi və məhəbbəti onun təminatlı gələcəyini də fikirləşməyə vadar edir. Belə ki, uşağın təminatlı gələcəyini təminatı kimi ödədiyi alimentin 50 faiz nisbətində məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək tələbi ilə çıxış edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)- 5338/20218 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Əliyeva (Çıraqova) Gülcahan Zəfər qızı arasında 11 may 2016-cı il tarixdə bağlanmış 1039 saylı qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahlarından olan 24 yanvar 2017-ci il təvəllüdlü X7 anası X4 himayəsində saxlanılması, 24 yanvar 2017-ci il təvəllüdlü X7 anası X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. AZ-İİ 403269 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X10 arasında nikah 10 iyul 2020-ci il tarixdə bağlanmışdır, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. AZ-İV 684923 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 noyabr 2021-ci il təvəllüdlü X8 atası İddiaçı, anası X9r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış elektron arayışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Texniki departamentinin proqramlaşdırma şöbəsinin aparıcı proqramçısı vəzifəsində çalışır və aylıq əmək haqqı 3.895 manatdır. 917251483 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iş üzrə tərəflərin birgə nikahlarından 24 yanvar 2017-ci il təvəllüdlü X12 doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-5338/20218 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşaq cavabdehin himayəsində saxlanmış və uşağın saxlanması üçün hər ay İddiaçı qazancının və digər gəlirlərinin ¼ miqdarında aliment cavabdehin xeyrinə tutulmuşdur. Daha sonra iddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. Hazırda iddiaçı ailə vəziyyətinin dəyişdiyini nəzərə alınaraq, ondan tutulan aliment miqdarının azaldaraq, bütün qazancının yeddidə bir hissəsində tutulmasını və tutulan alimentin 50%-nin qızının adına açılmış bank hesabına köçürülməsi, qalan 50%nin isə cavabdehin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının ailə vəziyyətində dəyişiklik baş vermiş və ikinci uşağı dünyaya gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən iki uşağa görə qazancın (başqa gəlirlərin) 3/1 hissəsində alimentin tutulur. Həmin alimenti iki uşaq arasında bölüşdürdükdə hər birinə 6/1 məbləğində aliment düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia alimentin miqdarının azaldılması hissəsində qismən təmin edilməli, 24 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(001)-5338/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği azaldılaraq hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə iddia tələbinin “tutulan alimentin 50%-nin qızının adına açılmış bank hesabına köçürülməsi, qalan 50%-nin isə cavabdehin xeyrinə tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əvvəl 553 manat məbləğində aliment ödədiyi təqdirdə, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra alimentin məbləği 649 (3.895 manat məbləğində əmək haqqının 6/1 hissəsi) manat təşkil edəcəkdir. Göründüyü kimi, qeyd olunan məbləğlər arasında fərq elə də yüksək deyil və 649 manat məbləğində alimentin 50%-nin tərəflərin birgə nikahından doğulmuş uşağın bank hesabına köçürülməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını qeyri-mümkün edəcəkdir. Bundan başqa, məhkəmə nəzərə alır ki, iddiaçıdan alimentin tutulması ilə bağlı çıxarılmış qətnamədən 4 ilə yaxın müddət keçmiş, həmin müddətdə uşağın yaşı da artmışdır. Bu isə öz növbəsində onun saxlanması xərclərinin artması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(001)-5338/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği azaldılaraq hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment İddiaçı tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 24 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıdan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(001)- 5338/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği azaldılaraq hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar