Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2519/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hər ikisindən ayrı-ayrılıqda onun saxlanılması üçün aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda onun 63 yaşı vardır, əlil olduqdan sonra övladları ona heç bir maddi yardım göstəməmişlər. Halbuki o, sağlam olan vaxtı onlara ev bağışlamışdır. Hazırda maddi cəhətdən çətinlikləri vardır. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdirlər ki, iddiaçı xx.xx.2001-ci il tarixdə evdən çıxıb getmiş, xx.xx.2001-ci il tarixdə tanımadıqları bir şəxs vasitəsi ilə onlarla əlaqə saxlayaraq Bakı-Moskva qatarı ilə yola düşdüyünü bildirib izini itirmişdir. İddiaçı getməmişdən əvvəl xırda ticarət ilə məşğul olmuş, Cavabdeh1 özü ilə birgə çalışdırmışdır. Çıxıb gedərkən birgə əldə edilmiş gəliri də özü ilə götürüb getmişdir. İddiaçının onların üzərində heç bir haqqı olmadığını, Cavabdeh1 işləyib özünü və ailəsini saxladığını, iddiaçı çıxıb getdikdən sonra 25 il müddətində onların həyatında heç bir rolu olmadığını bildirirərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Cavabdeh2 həmçinin himayəsində iki az yaşlı övladı olduğu üçün hal-hazırda işləmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin övladlarına 16 il baxdığını, onların da ən azı 15 il ona baxmalı olduqlarını bildirmişdir. İddiaçı əvvəlcə cavabdehlərin hər ikisindən aliment tələb etdiyini bildirsə də sonradan Cavabdeh2 iki övladı olduğu üçün ondan pul tələb etmədiyini, lakin digər cavabdehdən aliment tutulmasını tələb etdiyini, alimentin məbləğini iddia ərizəsində özü qeyd etmədiyini, minimum aliment məbləğinə, yəni 100-150 manat məğləğin müəyyən edilməsinə razı olduğunu bildirdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, himayəsində iki az yaşlı övladı olduğu, hazırda uşaqlara baxdığına görə işləyə bilmədiyini, uşaqların saxlanılması üçün özü aliment aldığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, iddiaçının ata kimi onlara qayğı göstərmədiyini, uşaq vaxtından ailəni onun dolandırdığını bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Mülki işin materialları:
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, İddiaçı müddətsiz üçünçü dərəcəli əllildir, yüngül işlərdə işləyə bilər.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-8420/2025 saylı arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşqulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
9. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı əlilliyə görə 393,33 manat və İ qrup əlilliyi olan şəxslərə quluğa görə 100 manat pensiya alır.
10. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 Heydər Əliyev adına Neft Emalı zavodunda xilasedici işləyir və əmək haqqı 981 manat təşkil edir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
11. 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
12. 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
13. 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
14. 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
15. 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
16. 82.6-cı maddəsinə əsasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
17. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir.
24. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Valideynlərinin saxlanılmasından boyun qaçıran yetkinlik yaşına çatmış övladlar bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
25. Qanunun mənasına görə valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi daşıyan yetkinlik yaşına çatmış övlad əmək qabiliyyətli olmalı, valideyn isə maddi yardıma ehtiyacı olan şəxs olmalıdır.
26. Hazırki mülki işdən də görünür ki, xeyrinə aliment tələb edən İddiaçı 63 yaşındadır, cavabdehlərin atasıdır və müddətsiz üçünçü dərəcəli əllildir. Cavabdehlərdən Cavabdeh1 Heydər Əliyev adına Neft Emalı zavodunda xilasedici işləyr və əmək haqqı 981 manat təşkil edir, Cavabdeh2 himayəsində iki yetkinlik yaşına çatmayan övladları olduğu üçün hal-hazırda işləmir və uşaqların saxlanılması üçün aliment alır.
27. Məhkəmə iclasında İddiaçı cavabdehlərdən Cavabdeh2 ailə vəziyyətini nəzərə alaraq ondan aliment tutulmasını istəmədiyini, digər cavabdehdən isə təxminən 100-150 manat aliment tutulmasını xahiş etdiyini bildirdi.
28. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçının saxlanılması üçün aliment tutulması məqsədəmüvafiq deyildir. Belə ki, müəyyən edildi ki, Cavabdeh2 hazırda heç bir yerdə işləmir, iki uşağının saxlanılması üçün sabiq ərindən aliment alır, bundan başqa onun heç bir gəliri yoxdur. Məhkəmə hesab edir ki, ona görə də iddia tələbi ona dair hissədə təmin edilməməlidir.
29. Məhkəmə işin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələbinə əsasən hesab edir ki, Cavabdeh1 iddiaçının saxlanılması üçün aliment tutulmalıdır.
30. Müəyyən edilmişdir ki, İddiaçı əlilliyə görə 393,33 manat və İ qrup əlilliyi olan şəxslərə quluğa görə 100 manat pensiya alır, Cavabdeh1 isə 981 manat əmək haqqı alır.
31. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, tərəflərindən diqqətəlayiq digər maraqları, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladı Cavabdeh1 maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyni olan İddiaçı saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində həddində aliment müəyyən edilməklə tutulması ədalətli olar.
32. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, alimentin təyin edilməsi məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində aliment Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
37. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 32 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh1 İddiaçı saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 misli məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova