Məhkəmə qərarları › İş №2(001)-2523/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2523/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2523/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2023-cü il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barəsində; övladları xx.xx.2023-cü il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək ananın saxlanılma xərci kimi hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh ilə xx.xx.2022-ci il tarixində, eyni tarixli, AZ-ll seriyalı, 490539 nömrəli X7 əsasında rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan 2 övladları olmuşdur. xx.xx.2023-cü il təvəllüdlü X4; xx.xx.2024-cü il təvəllüdlü X5. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatları davam etməmişdir. Hazırda ayrı yaşayırlar. Bu müddət ərzində əri, demək olar ki, hər gün səbəbsiz olaraq evdə sözsöhbət yaradır, ailə münasibətlərini gərgin vəziyyətdə saxlayırdı. Cavabdeh ailə münasibətlərinə etinadsız yanaşaraq, soyuq və sərt rəftar edir, ailənin gündəlik maddi tələbatlarını təmin etmirdi. O bütün olanlara uzun müddətdir ki, dözür. Daha dözümü qalmayıb. Rəsmi nikahda olduqları müddətin bir gününü normal ailə kimi yaşamamışlar. Dəfələrlə münasibətləri normallaşdırmağa çalışmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun olaraq izahat vermiş və bundan əlavə bildirmişdir ki, qarşı tərəfin ərzaq mağazası var və mağazanı atası işlədir. Gəliri kifayət qədər çoxdur, əlavə işləri və gəlir mənbələri var. Cavabdehin aldığı əmək haqqı məbləğindən məlumatı yoxdur. Özü subay vaxtı tibb bacısı işləyib, ailə qurandan isə işləməmişdir. Nikahın pozulması barədə iddia verməsə də, hazırda bunun üçün də, iddia qaldırmağı düşünür. Özü hazırda atasının evində qalır. Cavabdeh isə ailəsi ilə maraqlanmır, uşaqların müalicəsini anası və atası təmin edir. Uşaqların xəstəliyinə hazırda daha çox xərci çıxır. Cavabdehin anası ona zəng edib, “səni şərləyəcəm, başına oyun açacam” və başqa ifadələr işlədir. O da, baş verə biləcək təhlükələrə qarşı polisə müraciət etməli olmuşdur. Cavabdehin ailəsinə əlavə ev verilib. Uşaqları da, həmin evə qeydiyyatdadır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə rəsmi nikahlarından iki övladları var. Nikaha daxil olduqları vaxtdan cavabdehlə onun valideynlərinə məxsus evdə yaşamışlar. Övladlarının hər ikisi üç yaşından balacadır. Yüksək allergiyadan əziyyət çəkirlər və daimi müalicəyə ehtiyacları var. Həmçinin övladları 3 yaşına çatanadək cavabdeh aliment məbləğindən əlavə olaraq, onun saxlanılma xərclərini də ödəməlidir. Həmçinin nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət edəcək. O, hazırda işləmir və valideynləri ilə birlikdə yaşayır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir, iddia tələbini qəbul etmir. O, Fövqəladə Hallar Nazirliyində yanğın söndürən vəzifəsində çalışır. Boş vaxtlarında ailəsini dolandırmaq üçün ofisiant kimi fəaliyyət göstərir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən X7dən görünür ki, X1 ilə X8 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar.

8. 1 saylı Sumqayıt regional ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 889886 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. 2 saylı Sumqayıt ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-V seriyalı, 002514 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaqları vardır və tərəflər nikahları pozulmasa da, faktiki olaraq ayrı yaşayırlar, uşaqlar iddiaçının yanındadır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

12. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

17. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.

21. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, cavabdehin etirazının dəlillərinin alimentin müəyyən edilməsini istisna etmədiyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 246 manat məbləğində müəyyən edilməlidir.

22. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır.

23. Bundan əlavə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

24. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.

25. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2025-ci il üçün 400 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 246 manat aliment məbləği 2025-cü il üçün müəyyən edilən minimum əmək haqqının 0.615 mislini təşkil edir.

26. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

28. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

29. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.

30. 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

31. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.

32. Odur ki, Ailə Məcəlləsi arvada maddi cəhətdən kömək etməli olan ərdən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Bu baxımdan iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin bununla bağlı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da(Azemis elektron informasiya sistemindən sorğulanmış əmlak məlumatları) ərin maddi cəhətdən kömək etmək üçün zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

37. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

38. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

40. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar