Məhkəmə qərarları › İş №2(001)-2524/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2524/2025

09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2524/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh mediasiyaya ödənilmiş 60 (altmış) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixli 737 saylı qeyd edilmişdir. Birgə nikahdan tərəflərin 2 (iki) uşağı- xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. Hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. Əldə etdiyi məlumata əsasən, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, N nömrəli hərbi hissədə hərbi qulluqçudur. Cavabdeh işləməsinə baxmayaraq uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Maddi yardım göstərməməklə bərabər uşaqları ilə maraqlanmır. Uşaqların bütün maddi və mənəvi ehtiyaclarını o, təkbaşına qarşılayır. Lakin tək qadın olaraq uşaqların bütün maddi ehtiyaclarını təmin etmək ona çox ağırdır. Bundan əlavə Cavabdeh indiyə qədər ailəli olduğu və kirayədə qaldığı üçün ona verilən əmək haqqından əlavə dövlət tərəfindən 400 manat məbləğində pul vəsaiti almışdır. Lakin qeyd edilən məbləğ Cavabdeh tərəfindən ailəsinə xərclənməmiş, ailəsi ilə birlikdə kirayədə belə qalmamışdır. Aliment tələbi ilə əlaqədar onun tərəfindən Abşeron 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2024-00160 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Beləliklə o, uşaqların maddi ehtiyaclarının qarşılanması məqsədi ilə aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün əmək haqqının 1/4 hissəsi həcmində aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, ərizəsində göstərilən məzmunda izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-T seriyalı 036740 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Tovuz rayon Qeydiyyat Şöbəsində, 13 oktyabr 2012ci il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 737 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı 036255 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ- İİİ seriyalı 582926 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Abşeron 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 74/14 №-li arayışından görünür ki, çavuş Cavabdeh xx.xx.2019-cu il tarixdən N nömrəli hərbi hissədə xidmət edir və müvafiq tutulmalar aparıldıqdan sonra onun orta aylıq pul təminatı (əmək haqqı) 931 manat 87 qəpik təşkil edir. “Azemis” X1 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, İddiaçı X6 adlı sahibkarın yanında “xadimə” vəzifəsində işləyərək 400 manat əmək haqqı alır. “Azemis” X1 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, cavabdehin daimi iş yeri olmaqla, gəlirinin müntəzəm olmasını və uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki iddiaçının aliment tələbi barədə ərizəsi 18 fevral 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 18 fevral 2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, tərəflər dövlət rüsumunu ödəməkdən azaddırlar. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar