Məhkəmə qərarları › İş №2(001)-2545/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2545/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2545/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 12 avqust 1978-ci il təvəllüdlü oğlu Cavabdeh ona hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 avqust 1978-ci il təvəllüdlü oğlu Cavabdeh və 05 avqust 1984-cü il təvəllüdlü gəlini X7 15 mart 2019-cu il tarixində əşyaları ilə bir yerdə köçüblər, başqa yerdə yaşayırlar. Cavabdeh ona maddi köməklik etmir, özü işləmir, ehtiyacı var. Onun arvadı ikinci oğlu X1 yanında ünvan 1 ünvanında yaşayır. Cavabdehin ona baxması üçün aliment kəsdirməyə məcbur olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X8 etiraz ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin əsassız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı onun doğma atasıdır.İddiaçının odan əlavə bir oğlu da var. İddiaçı 327,21 manat məbləğində pensiya alır və onun maddi yardıma ehtiyacı yoxdur. Yəni iddiaçı Azərbaycan Respublikasına pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumdan artıq pensiya alır. O, isə ailə qurmuş və ailə qurduqdan sonra rəsmi qeydiyyatda olduğiu atasının evində yaşamışdır. Lakin atası məhkəməyə ona 10.000 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Eyni zamanda atası mülkiyyətində olan bağ evini qardaşı X2 bağışlamışdır. İddiaçı ondan aliment tələb etsə də, onun həmin alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalat şöbəsində aparıcı pirotexnik vəzifəsində işləyir. Aylıq əmək haqqısı 450 manat təşkil edir. Eyni zamanda maddi imkanı olmadığından "xxxx" ASC-dən 6620 manat məbləğində istehlak kredit götürmüş və 5574,57 manat məbləğində borcu qalmışdır.Ona görə də ondan aliment tutulmasına dair iddiaçının iddia tələbinin tamamilə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi(vəkili) X8 cavabdehlə eyni məzmunlu izahat verib,iddiaçının maddi imkanının olduğunu, Azərbaycan Respublikasına pensiyaçılar üçün müəyyən olunmuş199 manat məbləğində müəyyən olunmuş yaşayış minimumdan artıq məbləğdə, yəni 327,21 manat məbləğində təqaüd aldığını və cavabdehin qeydiyyatda olduğu ünvandan çıxarılması üçün 10.000 manat məbləğində kompensasiya təklif etdiyini, cavabdehin isə ailəli olduğunu və aylıq əmək haqqısının 450 manat təşkil etdiyini, "xxxx" ASC-yə 5574,57 manat məbləğində kredit borcunun olduğunu bildirərək, İddiaçı Cavabdeh qarşı aliment tutulması barədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 mart 2023-cü il tarixli arayışdan görünür ki, 13 mart 2023-cü il tarixdə, 14:30-15:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh nümayəndəsi X8 iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 03/2 №-li Arayışdan görünür ki, o, həqiqətən xx.xx.2019cu il tarixindən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalat şöbəsində aparıcı pirotexnik vəzifəsində işləyir. Aylıq əmək haqqısı 450 manat təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 245 №-li Arayışdan görünür ki, Cavabdeh adına "xxxx" ASC-də xx.xx.2022-ci il tarixində GTKR4716462A299 müqavilə nömrəli 6620 manat istehlak krediti rəsmiləşdirilmişdir. Hazırda xx.xx.2023-cü il tarixinə Cavabdeh qeyd edilən kredit üzrə 5574,57 manat borc öhdəliyi mövcuddur. İş materiallarında olan İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinin və həmin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin surətlərindən görünür ki, onun şəxsi mülkiyyətində olan ünvan 2 ünvanına cavabdeh 12 avqust 1978-ci il təvəllüdlü oğlu Cavabdeh 10 000 manat kompensasiya verilməsi şərti ilə və gəlini 05 avqust 1984-cü il təvəllüdlü X3 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri ZDSİK-nin 121829 nömrəli xx.xx.1974-cü il tarixli orderinə, xx.xx.2009-cu il tarixli forma-2 arayışına, X1 və X4 razılıq ərizələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, mənzil 81 İddiaçı adına xx.xx.2009-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda İddiaçı adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi , 417 saylı bağ evi qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 4Ə-269 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir və hazırda R.İddiaçı mülkiyyətindədir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı 327,21 manat məbləğində pensiya alır. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu pensiyaçılar üçün 199 (yüz doxsan doqquz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Beləliklə də, məhkəmə iclasında iddiaçı iddia tələbini heç bir yerdə işləməməsi və maddi ehtiyacının olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə isə iddia tələbinə etirazlarını iddiaçının 327,21 manat məbləğində təqaüd alması, cavabdehin isə ailəli olması və aylıq əmək haqqısının 450 manat təşkil etməsi və "xxxx" ASC-yə 5574,57 manat məbləğində kredit borcunun olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı Cavabdeh 220 manat məbləğində aliment tələb etsə də, bununla bağlı hər hansı bir sübutu, o cümlədən də cavabdehin tələb ediləm alimenti ödəməyə maddi imkanının olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və eləcə də iddia ərizəsində, eləcə də məhkəmə iclasındda bu hallar müvafiq qaydada əsaslandırılmamışdır. İddiaçının 327,21 manat məbləğində pensiya alması və eləcədə aliment tələb edilən cavabdehin əmək haqqının 450 manat təşkil etməsi, hal-hazırda 5574,57 manat məbləğində kredit borcunun olması- iddiaçı tərəfindən hazırki iş üzrə “cavabdehin aliment ödəməli olması” tələbinin sübuta yetirilməsini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda təsvir edilənlərə əsasən iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçının Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar