Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2546/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızı-ziynət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə 20 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X4 onun himayəsinə verilməsi, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 750 əyarlı, dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı, dəyəri 1800 olan nişan üzüyünün, ümumilikdə 7800 manat dəyərində olan və ya onların qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1868/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması, aliment və qızıl-ziynət əşyalarının geri alınması” tələbinə dair mülki iş üzrə “qızılziynət əşyalarının geri alınması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(001)-1868/2024 saylı qətnaməsi iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 16 mart 2022ci il tarixdə xx.xx.2022-ci ildə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 738 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2023cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, iddianın digər hissədə rədd edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, nikaha daxil olduğu vaxtdan valideynlərinin mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar. Ona və cavabdehə məxsus bütün əşlar həmin ünvanda olmuşdur. Toy günü ona qayınanası tərəfindən 750 əyarlı dəyəri 6000 manat olan 1 dəst komplekt (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyü hədiyyə edilmişdir. (fotoşəkillər qoşmaya əlavə edildi). Övladının doğuşunda vaxtında əvvəl yaranmış problemlə bağlı müalicə məqsədiylə o, xx.xx.2023-cü il tarixədək müvafiq tibb müəssisəsində olmuşdur. Müalicəni bitirdikdən sonra xx.xx.2023-cü il tarixdə övladı dünyaya gəldi və küveysə salındı. xx.xx.2023-cü il tarixdə o, müvafiq tibb müəsisəsini tərk edib evinə gəldikdə cavabdehin artıq oranı tərk etdiyi məlum oldu. Evə baxış keçirərkən qayınanasının toy günü ona hədiyyə etdiyi 750 əyarlı dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünün yerində olmadığı müəyyən edildi. Bunu aydınlaşdırmaq üçün dərhal qayınanası ilə əlaqə saxlamış, o da evi tərk edərkən cavabdehin onu götürdüyünü bildirmişdir. (səs yazısı sübut kimi qoşmaya əlavə edildi). Bu əşyaların geri qaytarılması ilə bağlı mediasiya prosesində cavabdeh tərəflə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilməmişdir. Qanunun tələbi üzrə iddiaçı olaraq o, xx.xx.2023-cü il tarixdə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı 11 saylı mediasiya sessiyasına müraciət etmiş, qarşı tərəf ilkin mediasiya sessiyasında iştirak etdi, ancaq mübahisənin mediasiya vasitəsi ilə həllinə razı olmamışdır. Odur ki, 750 əyarlı, dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünün, ümumilikdə 7800 manat dəyərində olan qızıl-ziynət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək göstərmişdir ki, tərəflər nikaha daxil olduqdan sonra Nərimanov rayonunda yerləşən mənzildə yaşamışlar və bütün qızıl-ziynət əşyaları kimi hazırda mübahisə olunan 750 əyarlı, dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyü həmin mənzildə olub. İddiçı hamilə olduğu vaxt xəstəxananın stasionarında olmuş, uşaq xx.xx.2023-cü il tarixə kimi xəstəxanada olub. İddiaçı xəstəxanadan çıxıb evə qayıdanda, qızıl əşyaları artıq evdə olmayıb. Hesab edir ki, qızıllar cavabdeh tərəfindən götürülüb, dəfələrlə iddiaçı cavabdehdən qızıllarını tələb edib, o, isə qaytarmaqdan imtina edib. Sonuncu dəfə mediasiya təşkilatında cavabdeh bildirib ki, mən evə xərc çəkmişəm, ona görə də qaytarmıram. O, həmçinin İddiaçı ilə cavabdehin anasının səs yazısını əks etdirən diski məhkəməyə təqdim edərək, orada cavabdehin anasının hazırda mübahisə edilən 750 əyarlı, dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünü Cavabdeh götürdüyünü etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh könüllü evdən çıxıb gedib və evdən gedərkən nə özünə məxsus, nə də hazırda iddia tələbində mbahisələndirilən iddiaçıya məxsus qızıl ziynət əşyalarını götürməmişdir. Bir ildən çoxdur ki, hüquqlarını müdafiə etdiyi şəxs evdən çıxıb, hazırki vaxtadək niyə iddia qaldırılmayıb. Hesab edir ki, iddia tələbi əsassızdır. O, həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən sübut kimi təqdim edilmiş iddiaçı ilə cavabdehin anasının səs yazısını əks etdirən diskə münasibət bildirərək kimin səsi olduğu bilinmir, bəkə başqa şəxsin səsidir. Ona görə də qeyd edilən diskin sübut kimi qəbul edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: - Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1/2, mənzil 7 (yeni qaydalarla: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 266,M4,m5) xx.xx.2021-ci il tarixdə X1 mülkiyyəti kimi qeydiyyatda alınmışdır. - iki ədəd fotoşəkildən görünür ki, İddiaçı boynunda və barmaqlarında qızıl-ziynət əşyaları var. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 225.1-ci ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında iddia ərizəsində tələb olunan əşyaların cavabdeh evdən gedərkən götürmədiyini bildirməsi, eləcə də Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində İddiaçı həm özünün, həm də ona məxsus olan çəkisi 6.5 qram olan, qiyməti 1500 manat olan brilyant qaşlı üzüyünün ona qaytarılmasını xahiş etməsi, hazırki iddia tələbinin predmeti olan qızıl-ziynət əşyalarının mövcudluğunu istisna etmir. Lakin onların cavabdehdə olması ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddia tələbi ilə müyyən edilmişdir ki, tərəflər nikaha daxil olduqları vaxtdan iddiaçının valideynlərinin mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar. Tərəflərə məxsus bütün əşyalar həmin ünvanda olmuşdur. Toy günü ona qayınanası tərəfindən 750 əyarlı dəyəri 6000 manat olan 1 dəst komplekt (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyü hədiyyə edilmişdir. Tərəflərin birgə nikahlarından övladlarının doğuşu vaxtından əvvəl yaranmış problemlə bağlı müalicə məqsədiylə iddiaçı xx.xx.2023-cü il tarixədək tibb müəssisəsinə yerləşdirilmişdir. Müalicə bitirdikdən sonra xx.xx.2023-cü il tarixdə övladı dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı müvafiq tibb müəsisəsini tərk edib evinə gəldikdə cavabdeh artıq sözü gedən mənzili tərk etmişdir. İddiaçı evə baxış keçirərkən qayınanasının toy günü ona hədiyyə etdiyi 750 əyarlı dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünün yerində olmadığını müəyyən etmişdir. Bunu aydınlaşdırmaq üçün dərhal qayınanası ilə əlaqə saxlamış, o da evi tərk edərkən cavabdehin onu götürdüyünü bildirmişdir. Həmçinin iddiaçı hazırki iddia tələbi ilə bağlı müxtəlif vaxtlarda çəkilmiş üzərində qızıl ziynət əşyaları olan iki ədəd fotoşəkil və (deməsinə görə özü ilə qaynanasının səsini əks etdirir) səs yazısını əks etdirən bir ədəd disk təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sübutlarla bağlı qeyd edir ki, müxtəlif vaxtlarda çəkilmiş həmin iki ədəd fotoşəkillərdə görüntülənən qızıl-ziynət əşyalarının toy günü iddiaçıya hədiyyə edilməsi cavabdeh tərəfindən inkar edilmədiyindən, onların iddiaçıya aid olması işin mübahisəsiz halıdır. Yəni onların mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sübutun təqdim edilməsinə zərurət yoxdur. Digər sübut kimi təqdim edilmiş bir ədəd diskdə olan danışığın isə iddiaçıya və cavabdehin anasına məxsus olması ilə bağlı hər hansı bir sübut olmadığından, məhkəmə hesab edir ki, həmin diskdə istinad edilərək iddia tələbinin təmin edilməsi qanunsuzdur. Göründüyü kimi İddiaçı qeyd edilən qızıl-ziynət əşyaları ilə bağlı nə iddia ərizəsində, nə də məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə yönəlmiş tutarlı sübutlar təqdim etməmişdir. Başqa sözlə iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Məhkəmə həmçinin qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarında göstərilmişdir ki, (3.9.) ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. (3.10.) Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. (3.11.) Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Hazırda isə İddiaçı toy günü ona qayınanası tərəfindən hədiyyə edilmiş 750 əyarlı dəyəri 6000 manat olan 1 dəst komplekt (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünü Cavabdeh birgə yaşadıqları ünvan 1 ünvanından gedərkən özü ilə aparmasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızı-ziynət əşyalarının geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “qızı-ziynət əşyalarının geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2546/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2546/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver