Məhkəmə qərarları › İş №2(001)-2618/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2618/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2618/2020 17.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçınin nümayəndəsi və vəkili X20 iştirakı ilə, İddiaçı Cavabdeh1nə (MMC) və Cavabdeh2 MMC-yə qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-də və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ******* (altı milyon) manat məbləğində pul vəsaitinin vurulmuş mənəvi zərərin əvəzi kimi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məkhəmə baxışı zamanı iddiaçının nümayəndəsi X28 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 MMC-də sürücü işləmiş X29 xx xxx 2010-cu il tarixdə, saat 05:45 radələrində idarə etdiyi, Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C457” markalı, AZ**-JT-*** qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən yol hərəkəti qaydalarına əməl etməməsi səbədindən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfərin ölümü, bir neçə nəfərin isə yaralanmasına səbəb olmuş, ölən şəxslərin arasında iddiaçının arvadı X9 və qaynanası X25 da olmuşdur. X11 Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(101)-1477/2010 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət hadisəsini törətmiş şəxs Cavabdeh1 MMC-nin işçisi olmaqla sərnişindaşımanın təşkilində Cavabdeh2 MMC də məsuliyyət daşıyır. İddiaçının arvadı və qaynanasının faciəvi şəkildə ölməsi iddiaçını çox sarsıtmış, mənəvi iztisab, depressiya, əzablara məruz qoymuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda T.R.Əmənov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən edilməlidir. Belə ki, iş materiallarında olan: Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(101)-1477/2010 saylı hökmündən görünür ki, X29 xx xxx 2010cu il tarixdə, saat 05:45 radələrində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C457” markalı, AZ**-JT-*** qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində, avtomobili icazə verilən sürət həddindən artıq sürətlə idarə edib Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun sürətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol-nəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamaqla, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətə heç bir maneə olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X16 təmir etdiyi “Kamaz-5320” markalı, AZ**-CK-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan təmir işləri ilə məşğul olan X16, onun köməkçisi X13, eləcə də avtobusda olan sərnişinlər X10, X17, X4 və X14 ölümünə, sərnişinlər X18, X21, X5, X15, X1 ağır, X19, X23, X2 az-ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Əlövsət Nürəddin oğlunun arvadıdır. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 və X25 xx xxx 2010cu il tarixdə ölmüşlər. AB seriyalı, 443546 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz C457” avtobus markalı, AZ**-JT-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 MMC-nin məhkəməyə ünvanlandırdığı xx xxxx 2020-ci il tarixli iddia ərizəsinə etirazdan görünür ki, MMC xx xxxxxx 2016-cı il tarixdə yaradılmış, xx xxxxxx 2018-ci il tarixdə mülkiyyətçi “xxxxxxxxxxxx” MMC ilə bağlanmış icarə müqaviləsinə əsasən Bakı Beynəlxalq Avtovağzal Kompleksini icarəyə götürmüşdür. Cavabdeh1 MMCnin və X22 əməllərinin Cavabdeh2 MMC-yə aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məlum yol-nəqliyyat hadisəsini törətmiş X29 Cavabdeh1 MMC-nin işçisi olması qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin yol-nəqliyyat hadisəsi törədilən zaman F.Q.Qafarov və Cavabdeh1 MMC ilə heç bir əlaqəsi olmamışdır, buna görə də iddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Məhkəmənin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət hüququnda zərərçəkmiş şəxs dedikdə, cinayət qanunu ilə qorunan ictimai münasibətlərin subyekti qismində çıxış edən və cinayət qanunu ilə nəzərdə tutulan fiziki, əmlak, mənəvi və digər ziyan vurulmuş şəxs başa düşülür. Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses iştirakçısı nəzərdə tutulur. Cinayət hüquqi mənada cinayətdən zərər çəkmiş şəxs anlayışı cinayət-prosessual hüquqi mənada zərər çəkmiş şəxs anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər cinayət nəticəsində və ya hər hansı başqa səbəbdən ölmüş şəxsi özündə ehtiva edir. Qüvvədə olan Cinayət Prosessual Məcəlləsinin (CPM) 87.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Həmin normanın məzmunundan göründüyü kimi, törədilmiş cinayət nəticəsində ölmüş şəxs təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin müvafiq qərarı ilə cinayətprosessual mənada “zərər çəkmiş şəxs qismində” tanınmasa da o, zərərçəkmiş şəxsdir və öldüyinə görə onun qanunla nəzərdə tutulan hüquqlarını yaxın qohumları (hüquqi varisi) həyata keçirirlər. (son redaksiya - Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir.) Cinayətdən zərər çəkmiş şəxs vəfat etdikdə onun bir qayda olaraq, bir neçə yaxın qohumu olur ki, onlara da həmin cinayət nəticəsində maddi-mənəvi ziyan dəymiş olur və onların bir neçəsinin və ya hamısının hüquqi varis kimi tanınması üçün müraciət etmək və tanınmaq hüququ vardır. Həmin yaxın qohumlardan birinin zərər çəkmiş şəxs qismində tanınması digərlərinin bu hüquqdan istifadə etmək və müraciət etmək hüququnu məhdudlaşdırardı. Bəzi hallarda hüquqi varis kimi tanınmış şəxsin mövqeyi ilə hüquqi varis kimi tanınmağa hüququ olan şəxslərin mövqeləri üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs” və 87.1-ci maddəsinin “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını və müvafiq qaydada şəxsin zərər çəkmiş şəxs qismində tanınmasını və ya tanına bilməsini ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, “Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən ******* manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin mənəvi zərərin mövcudluğu ilə əlaqədar məhkəmə yuxarıda göstərilən plenum qərarında əks olunmuş mövqeyi nəzərə alaraq qeyd edir ki, işin halları ilə iddiaçının arvadı və qaynanasının ölümü nəticəsində mənəvi sarsıntıya məruz qalması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən, məhkəmə hesab edir ki, İddiaçı cinayət əməlindən zərərçəkmiş şəxs kimi iddia hüququ yalnız mərhum arvadına münasibətdə mövcuddur və X4 ölümünə görə iddiaçıya vurulmuş mənəvi zərərin həcmi 6000 manat həddində müəyyən edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 6000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3 – cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə dövlət rüsumundan azad olunur. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən olunduğuna görə məhkəmə hesab edir ki, 5 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi kimi 5 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq dövlət budcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar