Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2619/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.000.000 (beş milyon) manat mənəvi ziyana görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(101)-1477/2010 saylı hökmünə əsasən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı xx.xx.2010-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X18 xx xxx 2010-cu il tarixdə saat 05:45 radələrində Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı- Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində avtobusu icazə verilən sürət həddindən artıq sürətlə idarə edərək, Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun surətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol nəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətə heç bir maneə olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X8 təmir etdiyi “Kamaz-5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə əməli ehtiyatsızlıqdan təmir işləri ilə məşğul olan X8 köməkçisi X6, avtobusda olan sərnişinlər X3, X9, X1və X7 ölümünə səbəb olmuşdur. Qəza nəticəsində vəfat edən şəxslərdən X17onun anası, həmçinin qəzada vəfat edən digər şəxslərdən biri də onun bacısı X4olmuşdur. Hökmdən görünür ki, X18 təqsirini etiraf edərək ifadəsində göstərir ki, hadisəni törədərkən Cavabdeh1 MMC-də sürücü işləməklə Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşımaqla məşğul olmuşdur. Göründüyü kimi hadisənin baş verməsi Cavabdeh1 MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Anasının həlakında həm də Cavabdeh2 də səbəbkardır. Çünki, sərnişindaşımanın təşkilindən həm də Cavabdeh2 məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 1-(106)-95/2011 saylı qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində anasınınvə bacısınınfaciəvi şəkildə ölməsi onu çox sarsıtmışdır. Bu səbəbdən hər gün davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum anasının və bacısının faciəvi şəkildə ölməsindən bu günədək ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada alınaraq ona ödənilməsi ədalətli olar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X19 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh1 MMCnin və X12 əməllərinin Cavabdeh2 MMC-yə aidiyyatı yoxdur və bu səbəbdən ona aid hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşdə olan AЗ seriyalı № 662203 saylı doğum haqqında şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1965-ci il təvəllüdlü İddiaçı atası X14, anası X13r. İşdə olan AЗ seriyalı № ******* saylı doğum haqqında şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü X2 atası X14, anası X13r. İş materiallarına əlavə edilmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X18 xx xxx 2010-cu il tarixdə saat 05:45 radələrində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C 4572” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində avtobusu icazə verilən sürət həddindən artıq sürətlə idarə edib, Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun surətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol-nəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətə heç bir maneə olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X8 təmir etdiyi “Kamaz-5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə əməli ehtiyatsızlıqdan təmir işləri ilə məşğul olan X8, onun köməkçisi X6, avtobusda olan sərnişinlər X3, X9, X1və X7 ölümünə..... səbəb olmuşdur. İş materiallarından görünür ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə X18 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından həmçinin görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-95/2011 saylı, xx xxxx 2011-ci il tarixli qərarına əsasən sözügedən hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və sözügedən hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhz yuxarıda qeyd olunan hallara əsaslanmaqla iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mülki Prosessual Məcəllənin 82.4-cü, Mülki Məcəllənin 21-ci, 23-cü, 1096-cı, 1097.1-ci, 1099-cu və 1108-ci maddələrinə istinad edərək cavabdeh təşkilatın işçisinin qanunazidd əməlləri səbəbilə baş vermiş hadisə nəticəsində mənəvi zərərə məruz qaldığını irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin istinad edilən maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası isə digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İndiki halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin delikt ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Bu mənada iddiaçının anası X9 və bacısı X1 xx xxx 2010-cu il tarixdə Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C 4572” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən X12 əməli ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölməsi işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmənin qənaətinə görə, hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində iddiaçının mənəvi sarsıntı keçirmiş olduğu da şübhəsizdir, həmin qanunsuz hərəkətlər ilə iddiaçının keçirdiyi mənəvi iztirablar arasında səbəbli əlaqə vardır. Odur ki, iddiaçı məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Yuxarıda şərh ediənlərə əsasən məhkəmənin qənaəti həmçinin bundan ibarətdir ki, X12 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh1 MMC məsuliyyət daşıyır. Mənəvi ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və X21 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilən qərarın nəticə, ...Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; ...məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının anasının və bacısının həlak olması onun fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, anasının və bacısının həmin hadisə nəticəsində vəfatının iddiaçının şüuruna həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Həmçinin iddiaçının keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, bu hadisə müəyyən vaxtın keçməsi ilə aradan qalxan ya da unudulan hadisə deyildir. Şərh olunanlara əsasən məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin həddinin 30000 (otuz min) manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 5.000.000 (beş milyon) manatın iddiaçının xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox onun zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Zərərin həmçinin Cavabdeh2 MMC-dən tutulmasına gəldikdə isə məhkəmə, adı çəkilən cavabdehə münasibədə iddia tələbini əsaslı hesab etməməklə bu hissədə geniş əsaslandırmanın zəruri olmadığını vurğulayır. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iddiaçı özünün iddia ərizəsində də iddiası həmin cavabdehə münasibədə qətiyyən əsaslandıra bilməmişdir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 30000 (otuz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2619/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2619/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver