Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2786/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment, əlavə xərclərdə iştirak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment, əlavə xərclərdə iştirak və müavinət kartlarının alınıb-verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il doğumlu Yusifov Yusif Elcan oğlu və xx.xx.2015-ci il doğumlu Yusifov Elgün Elcan oğlunun yetkinlik yaşına çatanadək hər uşağa sabit pul məbləğində ayda 200 manat, cəmi 400 manat olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi, ev 36 yataqxanada qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq ona verilməsi, sağlamlıq imkanları məhdud olan oğlu Elgünün saxlanmasında iştirak etməyə və cavabdehdən əlavə olaraq 100 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxx 2014-cü il tarixində Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il doğumlu Yusif və xx.xx.2015-ci il doğumlu Elgün adlı azyaşlı övladları vardır. Hal-hazırda o özü heç bir yerdə işləmir. Qazancı yoxdur. Cavabdeh isə xırda-para işlərdə çalışmasına və qazanc əldə etməsinə baxmayaraq, on vaxtlar uşaqlarına baxmır. Onlara maddi yardım göstərmir. O, uşaqlarının mənəvi və psixoloji cəhətdən sağlam böyüməsi üçün cavabdehlə boşanmaq istəmir. Oğlu Elgünün sağlamlıq imkanları məhdud olduğundan dövlət ona müəyyən məbləğdə muavinət verir. Ona baxmayaraq, həmin vəsaiti dərmanlarına çatdıra bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin bankdan kredit götürməsinin səbəbkarı o olmamışdır. Belə ki, kreditə götürdüyü puldan uşaq arabası almış və 2-ci uşağın əməliyyatı üçün 700 manat pul vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Elcan meyvəlidə mal qəbulçusu işləyir. Uşağı Elgün iflic xəstəsidir və epilepsiyası vardır. Bu düzələn xəstəlik deyildir. Uşağım əvvəlcə sağlam olmuşdur. Peyvəndlərdən sonra bu vəziyyətə gəlmişdir. Doğuş vaxtı uşağın başı əzilmişdir. Lakin kağıza uşağı sağlam yazıblar. Eyni zamanda yoxlanmamış uşağa hər ay peyvənd vurublar. Cavabdehin maaşı 700 manatdır. Cavabdehlə faktiki olaraq qonşuluqda qalırlar. Ayrı-ayrı evlərdə qalırıq. Özü işləmir. Uşağın qıc olmaları da vardır. Faktiki olaraq cavabdehlə 2 ay yarımdır ki, ayrılmışlar. Cavabdeh uşağın saxlanılmasına kömək edir. Hər ay 300 manat pul verirdi. Sonuncu dəfə isə 3 həftə qabaq 280 manat vermişdir. Bu ay da pul vermişdir. Lakin bəzi hallarda maddi sıxıntılar yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, rəsmi əmək haqqı 450 manatdır. O gecə növbəsində işləyir. Hər ay evə 350 manat pul verir. 50 manat isə avans alandan alana vermişdir. Uşaqlarının pulunu kəsməmişdir. Onun 300-.350 manat alimenti verməyə imkanı çatır. Aylıq orta gəliri 550-600 manatdır.Arada 700 manat aldığı olur. İndi krediti vardır. Özü siqaret çəkir. Aylıq 100 manatı yol xərcinə və siqaretinə xərcləyir. 220 manat ev kreditidir. Ev üçün götürdüyü krüdit 3-cü kreditidir. Birinci kreditində sürücülük vəsiqəsi almışdır. 2-ci uşağının doğumu üçün 3000 manat kredit götürmüşdür. Lakin əlində 2400 manat qalmışdır. Özünə isə həmin puldan heçnə almışdır. Başqa uşağı isə yoxdur. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli, AZ-İ seriyalı, 940046 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə X2 arasında xx xxxxx 2014-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 309 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Yusifov”, arvada isə “Yusifova” soyadı verilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 11 dekabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 389996 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixində 7111 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 18 dekabr 2015-ci il tarixli, AZ- İİİ seriyalı, 668022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yusifov Elgün Elcan oğlu xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 dekabr 2015-ci il tarixində 1130 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. DSMF-nın Binəqədi rayon Şöbəsi tərəfindən verilən 027005 saylı, xx.xx.2019-cu il tarixli vəsiqədən görünür ki, Yusifov Elgün Elcan oğlu sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X7 tərəfindən xx.xx.2018-ci il traixli krenital MRT-dən görünür ki, Yusifov Elgün Elcan oğlunda serebral artofiya əlamətləri müşahidə olunur. Mülki iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh oğlu ilə X2 arasında xx xxxxx 2014-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 309 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Yusifov”, arvada isə “Yusifova” soyadı verilmişdir. Birgə nikah münasibətlərindən xx xxxxxx 2019-cu il təvəllüdlü X5 və 18 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlu doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, hal-hazırda birlikdə yaşamırlar. Uşaqar faktiki olaraq analarının himayəsindədir. Cavabdeh ayrı yaşadıqları müddət ərzində uşaqlarınn saxlanmasında iştirak etməkdən yayınmamışdır. Cavabdehin əmək haqqı 450 manatdır və elektron məhkəmə informasiya sistemində də bu məlumat doğruluğunu tapır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.Lakin məhkəmə uşağların saxlanılması üçün tələb olunan aliment miqdarını qismən əsaslı hesab edir. Belə ki, cavabdehin əmək haqqının 450 manat həcmində olması nəzərə alındıqda, hər uşaq üçün tələb olunan 175 manat, cəmi 350 manat məbləğində alimentin cavabdehdən tutulması həm aliment ödəməli olan şəxsin, həm uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Çünki əmək haqqından 350 manat aliment tutulduğu halda cavabdehin aylıq qazancı cəmi 100 manatla məhdudlaşır. Uşaqların mənafeyinə ona görə uyğun hesab edilə bilməz ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment şərtsiz icra edilməli olduğundan, aylıq qazancı minimal həddə olan şəxsin alimentin borcunun yaranması qaçılmazdır. Bu halda aliment ödəməli olan şəxsin inzibati, cinayət məsuliyyətinə cəlb edilməsi və digər məhdudiyyətlərə məruz qalması mümkündür, dolayısı ilə alimentin ödənilməsində gecikmələr olmaqla uşaqların mənafeyinin pozulması ilə nəticələnəcəkdir. Bundan başqa uşağı saxlamaq hər iki valideynin borcudur. Cavabdehin məhkəmə iclasında 300-350 manat aliment ödəmək istədiyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulacaq aliment miqdarının hər ay, hər uşaq üçün 150 manat müəyyən edilməsini məhkəmə ədalətli və işin hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, müəyyən edilən aliment məbləği Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Plenum qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələblərə yaxındır. Məhkəmə yetkinlik yaşına çatmayan 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun və xx xxxxxx 2019-cu il təvəllüdlü X3 mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq, hər iki tərəfin mənafeyini işin hallarına uyğun qiymətləndirərək hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, yetkinlik yaşına çatmayan 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməli olan aliment məbləği hər ay, hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin birgə nikahından olan xx xxxxxx 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun saxlanması üçün cavabdehdən əlavə olaraq 100 manat pul vəsaitinin tutularaq ona verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün hamin halların şamil edilməsini istisna etməmişdir. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı Yusifov Elgün Elcan oğlu körpə vaxtlarından xəstədir. Ona serebral atrofiya diaqnozu qoyulmuşdur. Həkim müayinəsinin nəticələrində göstərilmişdir ki, uşaq doğulandan xəstədir və tez-tez qıcolmalar olur, erkən psixi-fiziki inkişafı ləngidir, gəzmir, danışmır. Uşağın xəstə olması işin halları ilə təsdiq olunmasına baxmayaraq, onun müalicəsi ilə bağlı konkret olaraq hansı məbləğdə vəsait tələb olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab edir. Məhkəmə birgə nikahdan olan uşağın sağlamlıq imkanlarını, cavabdehin maddi vəziyyətini, uşaqları saxlamasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən xx xxxxxx 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə 50 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, uşaqların saxlanılması saxlanılması və əlavə xərcə görə alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun müalicəsi üçün əlavə xərclərə görə 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Alimentin və əlavə xərcin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalı, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun və xx xxxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 13 dekabr 2015-ci il təvəllüdlü Yusifov Elgün Elcan oğlunun müalicəsi üçün əlavə xərclərə görə hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Telman oğlundan tutularaq İddiaçı ödənilsin. Uşaqların saxlanılması üçün və əlavə xərclərə görə alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixindən hesablansın İddiaçının iddia ərizəsi verilərkən ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2786/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2786/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver