Məhkəmə qərarları › İş №2(001)-2807/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2807/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2807/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə 14 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh birgə evliliklərindən olan 14 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat, onun üçün isə övladının 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdehla ailə qurmuş və evliliklərindən 14 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. O, övladı ilə cavabdehdən ayrı yaşayır. Bir övladları olmasına baxmayaraq cavabdeh uşağın saxlanılmasına köməklik etmir və o, tək başına bu xərcləri ödəyə bilmir. Uşağın saxlanılması üçün xərclər tələb etdiyindən cavabdeh özüdə aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdeh hazırda yük avtomobili ilə yük daşıyaraq sürücülük edir. Hesab edir ki, uşağın saxlanılmasında onunda iştirakı vacibdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və iddiaya öz yazılı münasibətini bildirməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 14 yanvar 2023-cü il təvəllüdlü X2 atasıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə evliliyindən 14 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmənin mövqeyi: Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını və s. nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği hər ay 235 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 11 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Məhkəmə iddia tələbinin uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat pulun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsində ümumi uşağın doğulduğu gündən 3 il ərzində arvadın buna zəruri vəsaiti olan ərdən aliment almaq hüququ müəyyən edilmişdir. İddiaçı öz tələbində uşaq 3 yaşa çatanadək cavabdehdən 100 manat aliment tələb edir və məhkəmə iddia tələbinin bu hissəsinə Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri baxımından da yanaşaraq qeyd edir ki, həmin maddələrdə “buna zəruri vəsaiti olan” ifadəsi göstərilmişdir. İddiaçı isə hazırki halda cavabdehin vəsaiti (aylıq gəliri) barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, o, yalnız izahatında cavabdehin yük daşıyaraq sürücülüklə məşğul olmasını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdehin birgə evliliklərindən olan uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin hesablanmasının əvvəli 11 mart 2024-cü il tarixdən aparılmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2820 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 45 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 14 yanvar 2023-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. 45 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya xərcinin əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar