Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2812/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir, uşaqlarla maraqlanmır, uşaqların sağlamlığı qayğısına qalmır. Uşaqların maddi tələbatlarının ödənilməsi, sağlamlığı qayğısına qalınması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Cavabdeh öz valideynlik borclarını yerinə yetirməkdən yayınır, halbuki uşaqların sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşaqların hüquqları nəzərə alınmalıdır. Dəfələrlə cavabdehə aliment ödəməsi bildirilsə də cavabdeh buna əhəmiyyət verməmişdir. Alimentin ödənilməsi uşaqların maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Ona görə də Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat alimentin və iki uşağın 3 yaşına çatanadək saxlanılması üçün iddiaçının özünə görə hər ay 100 manat olmaqla cəmi 200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, cavabdehlə 2019-cu ildə nikaha daxil olmuş, birgə nikahdan iki övladı dünyaya gəlmiş, övladlarından biri 2020-ci il, digəri isə 2022-ci il təvəllüdlüdür. Nikah qüvvədə olsa da, üç ay yarımdır ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdeh evdən çıxıb getmişdir. Müvəqqəti təminat tədbiri barədə qərardad qəbul olunduqdan sonra cavabdeh təyin olunan alimenti ödəyir. Yaşadıqları ev cavabdehin atasının mülkiyyətində olmuş, o, ərizə ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh evi kiçik bacısının adına keçirmişdir. Cavabdeh əmək haqqından başqa mükafatlar da alır. Uşaqlarının mədə-bağırsaq xəstəstəliyi, birinin gözündə isə problem vardır. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazından müəyyən olunur ki, o, Penitensiar Xidmətin 1 saylı X2 İşinin Təşkili şöbəsinin böyük inispektoru vəzifəsində çalışmaqla aylıq əmək haqqı 811,16 manat təşkil edir. Hazırda iddiaçı ilə aralarında olan ailə münasibətləri faktiki olaraq bitmiş və ayrı yaşayırlar. İddiaçı hazırda onun bacısına məxsus evdə yaşayır. O, uşaqlarına hər zaman maddi yardım etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar isə tamamilə əsassızdır. Uşaqların saxlanması üçün o, əmək haqqının 1/3 hissəsində aliment tutulmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehin əmək haqqı ilə bağlı rəsmi arayışından görünür ki, cavabdeh 811,16 manat əmək haqqı alır. Cavabdeh dövlət qulluqçusu olduğundan töhmət və ya bu kimi digər hallarda ona mükafatlar ödənilmir. Cavabdeh iki uşaq üçün əmək haqqının 1/3 miqdarında aliment ödəməyə etiraz etmir. Cavabdeh ailə münasibətlərinin bərpa olunması üçün daim cəhdlər göstərir. Hal-hazırda cavabdeh kirayədə yaşayır. Cavabdehə uşaqları ilə ünsiyyətinə maneələr yaradılır. Ona görə də hər iki uşağın saxlanması üçün cavabdehin əmək haqqının 1/3 miqdarında və ya hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 336979 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X10 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1341 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Kosayeva soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 534302 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 7581 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 750687 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3046 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 17/17718 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 1 saylı X2 İşinin Təşkili şöbəsinin böyük inspektoru (psixoloq) vəzifəsində işləməklə aylıq əmək haqqısı 811,16 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-109\2023 saylı qərardadından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla iş üzrə qətnamə çıxarılanadək xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alıb, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşınadək özünə görə pul tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Məhkəmə iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb hesab edir ki, iddia ərizəsi bu hissədə qismən təmin edilərək bu tələb üzrə tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşınadək iddiaçının özünə görə hər ay cavabdehdən 50 manat tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh hər ay 50 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2812/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2812/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver