Məhkəmə qərarları › İş №2(001)-2819/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2819/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2819/2022 04.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin ləğv edilməsinə, mülkiyyətində olan daşınar əmlakların qaytarılması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin ləğv edilməsinə, mülkiyyətində olan daşınar əmlakların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1.-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İstinad olunan normalardan müəyyən olunur ki, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Nikahın pozulmasına dair iddia tələbi ilə birlikdə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasına, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasına, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünə, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən edilməsinə dair tələblərə bir icraatda baxa bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı nikahın pozulmasına dair iddia tələbi ilə bir icraatda birgə nikah dövründə əldə olunan əmlakın deyil, qızıl və cehiz əmlakının cavabdehdən alınaraq ona qaytarılması tələbini birləşdirmişdir. Daha sonra iddiaçı iddia ərizəsində cavabdehlə birgə nikahından uşağının olubolmaması barədə məlumatı qeyd etməmişdir. Bu hal isə iddiaçının nikahın pozulmasına dair işlər üçün qanunla nəzərdə tutulan cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsini yoxlamağa imkan vermir. Belə ki, Ailə Məcəlləsinin 17.1.-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etmədiyindən, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin ləğv edilməsinə, mülkiyyətində olan daşınar əmlakların qaytarılması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar