Məhkəmə qərarları › İş №2(001)-2821/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2821/2022

02.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2821/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-in direktoru X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, məzuniyyət pulunun və son haqq-hesabın verilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 13 ay 19 gün müddətində ona ödənilməmiş 3407 manat məbləğində əmək haqqının hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla tutulmasına, istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzinin, son haqq-hesabın hesablanaraq ödənilməsi, əmək müqaviləsi qüvvəyə minənədək işin yerinə yetirilməsinə cəlb edildiyi üçün 750 manat məlbəğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, işəgötürən “Azlənd Plaza" MMC üzrə şirkətin istismar şöbəsinə avtobus sürücüsü vəzifəsinə iyul ayından işə başlamış, 01 oktyabr 2020-ci il tarixdən əmr verilib və hər ay 250 manat məbləğində əmək haqqı təyin edilmişdir. 57 saylı marşrutda sürücü kimi işləmişdir. İşə qəbul edildikdən sonra , işlədiyi müddət ərzində ona əmək haqqı verilməmişdir. Onun əvəzinə əmək haqqını imza edərək alıblar. Bundan başqa onun məzuniyyət hüququnun yaranmasına baxmayaraq məzuniyyətdə verilməmiş və işdən çıxarkən də məzuniyyətlər üzrə pul əvəzi verilməmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir , lakin əmrin surəti ona təqdim edilməmiş və elan edilməmişdir . O 16 ay 19 gün işlədiyi halda 13 ay 19 gün rəsmiləşdirilmişdir və 3 ay üçün də əmək haqqı hesablanıb ona ödənilməlidir, belə ki, həmin müddətdə məcburi əməyə cəlb edilmişdir. Ona görə də cavabdeh tərəfin təqsiri üzündən işlədiyi müddətdə və işdən çıxarıldığı vaxt əmək haqqı verilmədiyindən hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla ödənc verilməlidir. Sonda iddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-in direktoru iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə əmək müqaviləsi bağlansada o gördüyü işin müqablində gündəlik gəlir əldə etmişdir. Həmçinin ona ödənilməli olan bütün vəsaitlər vaxtında ödəlmiş və bu barədə onun imzaları var. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının bu qədər vaxtı əmək haqqı almadan işləməsi inandırıcı görünmür. Bundan başqa o Əmək Müfətdişliyinə müraciət etmişdir və onların barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsi cərimə etsədə sonra Bakı Apellyasiya Məhkəməsi həmin Qərarı ləğv etmişdir. İddiaçı Müfətdişliyə verdiyi izahatında da günəmuzd pul aldığını təsdiqləmişdir. Göründüyü kimi iddiaçı hazırda səhf məlumat verir. İddia tam əsassızdır və rədd olunmalıdır. Mülki iş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (xxxxxxx000800 nömrəli) görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi üzrə işəmuzd, əmək haqqı 250 manat olmaqla Cavabdeh avtobus qarajına avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. - Cavabdeh direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 214 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu sürücü vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İlk növbədə məhkəmə iddiaçının tələbi üzrə aşağıdakıları qeyd edir. İddiaçının tələbi 1) cavabdeh "xxxx" MMC-dən 13 ay 19 gün müddətində iddiaçıya ödənilməmiş 3407 (üç min dörd yüz yeddi) manat məbləğində əmək haqqının və hər gecikdirilmiş gün üçün 1% hesablanmaqla tutulması; 2) ödənilməmiş məzuniyyət üzrə pul əvəzinin və son haqq-hesabın hesablanaraq ödənilməsi; 3) əmək müqaviləsi qüvvəyə minənədək işin yerinə yetirilməsinə cəlb edildiyi üçün 750 (yeddi yüz əlli) manat məbləğində pulun alınaraq ona verilməsi ilə bağlıdır. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh avtobus qarajına avtobus sürücüsü işləməsi və ona əmək müqaviləsi üzrə hər ay 250 (iki yüz əlli) manat məbləğində əmək haqqının ödənilməsinin nəzərdə tutulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçının işlədiyi dövrdə aylıq əmək haqqının verilmədiyi barədə dəlili ilə razılaşaraq qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə görə ekspertizaya təqdim edilmiş, 2(001 )-2821/2022 saylı mülki işin 31-ci vərəqində İddiaçı adına olan 9 sentyabr 2021-ci il tarixli kassa məxaric orderinin “imza” qrafasındakı imza, 32-ci vərəqində olan dekabr 2020 - sentyabr 2021-ci il tarixli “Əmək haqqının hesablanması və ödənilməsi cədvəli”ndə 12 ədəd “İddiaçı” yazılarının qarşısinda “İmza”,qrafasındakı imzalar, 33-cü vərəqədə İddiaçı adından olan 9 sentyabr 2021-ci if tarixli Cavabdeh MMC-nin direktor Ş.İ.Gülmalıyevə ünvanlanan ərizədə “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərafındən icra olunmuşdur (işdə olan xx.xx.2022-ci il tarixli 4/796 nömrəli ekspert rəyi). Göründüyü kimi iddiaçının əmək haqqının almaması barədə dəlili öz təsdiqini tapsada, cavabdeh tərəf iddiaçının xx.xx.2021-ci il tarixdə işdən azad olunması barədə ərizə verməsini və ona aylıq əmək haqqı ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə iddiaçının 2020-ci ilin iyul ayından işə başlaması və buna görədə 3407 (üç min dörd yüz yeddi) manat məbləğində əmək haqqının tələb etməsini də əsaslı saymır. Belə ki yuxarıda da göründüyü kimi iddiaçı ilə əmək müqaviləsi xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya həmin dövr (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) üzrə də hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc də nəzərə alınmaqla əmək haqqı cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddia tələbinin “ödənilməmiş məzuniyyət üzrə pul əvəzinin və son haqq-hesabın hesablanaraq ödənilməsi” hissəsini də məhkəmə aşağıdakı normalara görə əsaslı sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 110: 1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. - 135: bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. - 143: 1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. - 144: 2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. - 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İşin məhkəmə araşdırılması ilə cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya münasibətdə yuxarıda göstərilən normaların tələbləri pozulduğundan məhkəmə hesab edir ki, iddiaçıya son haqq-hesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr cavabdeh tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına əsasən “ əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir.”. İddia tələbinin “əmək müqaviləsi qüvvəyə minənədək işin yerinə yetirilməsinə cəlb edildiyi üçün iddiaçıya 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdehdən tutluması hissəsini məhkəmə heç bir sübut olmadığından əsasslı saymır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı əmək müqaviləsi qüvvəyə minənədək cavabdeh tərəfindən əməyə cəlb olunmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən məhkəmələrə verilən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləği Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti Cavabdeh MMC – dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar