Məhkəmə qərarları › İş №2(001)-2869/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2869/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2869/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə birdəfəlik sığorta ödənişlərinin ödənilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə birdəfəlik sığorta ödənişlərinin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə əlil kimi hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə 6600 manat məbləğində birdəfəlik sığorta ödənişinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1975-ci il tarixində Qubadlı rayonunda anadan olmuşdur. 1993-cü ildə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində doğma Qubadlı rayonundan məcburi köçkün olub ailəlikcə Sumqayıt şəhərində məskunlaşmışdır. O, Qubadlı RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissədə xidmət keçmişdir. Hərbi xidmət dövründə ağır xəstəliyə tutulmuşdur. Belə ki, xx xxxxxx 1994-cü ildə Tərtər rayonu uğrunda gedən döyüşlərdə ağır odlu silahdan güllə yarası aldıqdan sonra əməliyyat olunsa da, sağlamlığını bərpa edə bilməmiş və hərbi həkim komissiyasının xəstəlik haqqında 471 saylı şəhadətnaməsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə nizamı orduya yararsız sayılmışdır. xx xxxxxx 1994-cü ildən hərbi hospitalda müalicəsini davam etdirmiş, ixtisaslı stasionar müayinədə olmuşdur. Lakin almış olduğu müalicələrin müsbət effekti olmamışdır. Halhazırda əlildir. Azərbaycan Respublikası DSKŞ özünün xx xxxxxx 2021-ci il tarixli 11/S-01 saylı məktubu ilə ona nəzərdə tutulmuş sığorta ödənişinin verilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, bu sahədə mütəşəkkil iş aparılır. Lakin müvafiq qərar qəbul edilməmişdir. Halbuki, bu barədə qanun var və o icra olunmalıdır. Hesab edir ki, imtina əsasızdır. Belə ki, Azərbaycan Respublikasının “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin ç bəndinə əsasən xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunanan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində İİ qrup əlillik təyin olunduqda, 60 % sığorta ödənişini almaq hüququna malikdir. Beləliklə də, qanuna əsasən 6600 manat məbləğində sığorta ödənişi cavabdeh tərəfindən ona ödənilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı AZ1014, ünvan 1 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. İddiaçı cavabdehin ünvanı kimi qeyd etdiyi ünvan 4 ünvan cavabdehin faktiki ünvanı olmasına baxmayaraq hüquqi(rəsmi qeydiyyata alındığı) ünvanı deyildir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanının olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə birdəfəlik sığorta ödənişlərinin ödənilməsi tələbi” barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar