Məhkəmə qərarları › İş №2(001)-2880/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2880/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2880/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 2016-cı ilin fevral ayında qeyri-rəsmi ailə həyatı qurmuşlar. Cavabdehlə faktiki nikahdan xx.xx.2017-ci il tarixdə Osman adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri normal olsa da, sonrada pisləşmiş və birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşağın maddi tələbatının ödənilməsi, sağlamlığının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Uşağın təkbaşına bütün maddi tələbatlarını ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Atalığın müəyyən edlməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 312 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyrimüntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar