Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2889/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasi üçün hər ay sabit məbləğdə 250 (iki yüz əlli) manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 oktyabr 2020-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək evlənib ailə qurmuşlar. Birgə nikahlarından bir uşağı 29 oktyabr 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar və xx.xx.2020-ci il təvəllüdlü X3 anasının himayəsinədə qalmışdır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir, uşağla maraqlanmır, uşağın sağlamlığının qayğısına qalmır. Lakin uşağın maddi tələbatlarının ödənilməsində, sağlamlığın qayğısına qalınması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Cavabdeh öz valideyinlik borclarını yerinə yetirməkdən yayınır, halbuki, uşağın sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşağın hüquqları nəzərə alınmalıdır və alimentin ödənilməsi uşağın maddi tələbatlarının ödənilməsi üçündür. Qeyd olunmalıdır ki, xx.xx.2020-ci il X3 bağçaya gedir, cavabdeh bir valideyn kimi uşağın bütün maddi tələbatlarının ödənilməsində iştirak etməlidir. Cavbdehdən 29 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat aliment tutulmalıdır. Qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak etmişdir, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediassiaya sessiyasında iştirak edilməməsi barədə arayış vermişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, halhazırda atasının evində qalır, ev çox balacadır. Birgə yaşadıqları müddət ərzində aralarında alimentlə bağlı razılıq olmayıb, əlavə olaraq cavabdehin ona xəyanət etdiyini, buna dair sübutları anasının telefonunda saxladığını bildirmişdir. Ancaq cavabdeh xəyanət etməyini bildirməklə və aliment ödəmir. Hazırda cavabdehdən 235 manat aliment tələb edir. Yoldaşı ilə birgə qalanda uşağı özəl bağçaya qoyublar. Lakin o, getdikdən sonra uşağı baxçadan çıxartmaq istəyib, yoldaşı icazə verməyib ki, bağça xərclərini özü ödəyəcək. Cavabdeh aylıq bağçaya 200 manat ödəniş edirdi, dekabr ayında bağçadan zəng olunub ki, artıq aylıq ödənişləri ödəmir. Uşağın ehtiyaclarını öz atası ilə birgə qarşılayırlar. Bildirir ki, cavabdeh uşaq xəstə olanda bəzən dərman alıb. Cavabdeh onun uşaqla ünsiyyətə mane olduğunu düşünür, lakin atasının görüşmək istədiyi vaxt uşağın qızdırması olduğundan görüşə icazə verməyib.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 2023-cü ilin may ayından ayrı yaşayır. Cavabdeh 2023-cü ilin may ayından 2023-cü ilin noyabr ayının sonuna kimi Dağıstan Respublikasında olmuş, 2023-cü ilin may ayından ayda 200 manat ona pul vermişdir. 2023-cü ilin noyabr ayının axırında Dağıstan Respublikasından gəlmiş və yenidən 2023-cü ilin dekabr ayından cavabdehlə birgə yaşamağa başlamışlar. Cavabdeh Dağıstandan gəldikdən sonra atası ona 500 manat pul verir, cavabdeh isə həmin pulu qızlara göndərirdi. Bundan başqa 2024-cü ilin fevral ayında cavabdehin xəyanət etdiyini öyrənmişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmək üçün maddi imkanım yoxdur. Cavabdehin kredit borcu olması barədə məlumatı yoxdur. Hazırda restoranda günü 15 manata xadimə işləyir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşağını saxlamaqdan boyun qaçırmır, sadəcə tələb edilən həcmdə alimenti ödəməyə maddi imkanı yoxdur. Dekabr ayına kimi əmək haqqısı yüksək olduğu müddətdə aliment ödənişini edib. Daha sonra borcu olduğu üçün kredit götürüb. Səhhəti ilə əlaqədar hər il müalicə alır, müalicə aldığı dövrdə isə işdən icazəli olur. Müalicənin puluna valideynləri dəstək olacaq, həmçinin məzuniyyət pulu da, alacaq. Uşağının onunla görüşməsinə icazə verilmir, ancaq uşaq xəstə olanda ona məlumat verilir. Hazırda aliment ödəməsə də uşağın ehtiyaclarını özü qarşılayır. Onunla hər görüşəndə müəyyən qədər uşağa pul xərcləyir. Uşaq xəstə olanda onu həkimə özü aparmış, dərman və müalicəsi üçün tələb olunan vəsaiti özü xərcləmişdir. İddiaçı uşağı onun xəbəri olmadan rayona aparıb. Sonralar uşağla ünsiyyət kəsilib və cavabdehə buna görə aliment ödəməyi dayandıracağını bildirib. Ancaq ödəmədiyi vaxtlarda da uşağın qayğısına qalıb, istədiklərini alıb. Bu müddət ərzinədə iddiaçının iddiadan geri çəkiləcəyini düşünüb, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir, 2023-cü ilin dekabr ayınadək iddiaçıya ayda 200 manat ödəniş etmişdir. 2023-cü ilin dekabr ayında uşağı görməyə gəlmiş, lakin iddiaçı ona xəbər vermədən uşağı rayona aparmışdır. İddiaçı ilə birgə yaşayan zaman ona qarşı hörmətsizlik edir, harasa getdikdə ona məlumat vermirdi. Bundan başqa iddiaçı hər dəfə onu təhqir edirdi. Hazırda Xonça MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 400-450 manat təşkil edir. Bundan başqa başqa şəxslərlə birgə kirayədə qalır. həmçinin kredit ödənişləri vardır. “Müvəqqəti alimentin təyin edilməsinə dair” qərarla bağlı icra məmuru onu icra şöbəsinə dəvət etmişdir, lakin işi ilə bağlı icra şöbəsinə gedə bilməmişdir. İddiaçı ilə birgə yaşayan zaman əmək haqqı 730 manat təşkil edirdi. Dağıstan Respublikasında işləyən zaman möhkəm xəstələnmiş və dostundan borc alıb özümü müalicə etmişdir. Daha sonra bankdan 7000 manat kredit götürüb, dostunun pulun qaytarmışdır. Hazırda kredit ödənişlərinə aylıq 300 manat ödəniş edir. 80-90 manat arası kirayə pulu verir. Nə evi, nə də ki, avtomobili yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 410942 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2020-ci il tarixində nikah bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2346 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.
8. 1 saylı Bakı Asaab Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin subrətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı 3 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
10. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, Cavabdeh “Xonça" Məhdud Məsuliyyətli Cəmiyyətində yükdaşıyan, mal anbarı kimi vəzifəsində işləyir və əmək haqqı 345 manatdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı ilə Cavabdeh arasında alimentin tutulması ilə bağlı mübahisə üzrə qətnamə qəbul edilənədək xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Cavabdeh ilə X4 arasında xx.xx.2020-ci il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Onların birgə nikahlarından 29 oktyabr 2020-ci il təvəllüdlü X3 adlı uşaqları vardır.Tərəflər arasında olan rəsmi nikaha xitam verilməmişdir, lakin tərəflər ayrı yaşayırlar.
13. İddiaçı iddia edir ki, cavabdeh valideynlik borcunu yerinə yetirmir, uşağın saxlanmasında iştirak etmir.
14. Cavabdeh isə aylıq qazancına, kredit borcuna və səhhətinə görə tələb edilən məbləğdə aliment ödəməyə imkanının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
16. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.
24. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2024-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.
25. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, cavabdehin etirazının dəlillərinin yaşayış minimumu miqdarında alimentin müəyyən edilməsini istisna etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olmaqla yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay üçün 235 manat məbləğində müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
27. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Həmçinin aliment məbləği hesablanarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
32. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
33. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:
35. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 18 mart 2024-cü il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli, aliment tutularkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)- 115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulan alimentin miqdarı nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev