Məhkəmə qərarları › İş №2(001)-2916/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2916/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2916/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 yanvar 2022-ci il tarixdən başlayaraq qazancından tutulmaqla, sabit pul məbləğində hər ay 300 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Təvəkkül oğlu ilə 02 Mart 2012-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahdan xx.xx.2015-ci ildə X5 adlı oğlu dünyaya gəlmişdir. Rəsmi nikaha daxil olmaları Kürdəmir rayon Qeydiyyat Şöbəsindən verilmiş AZ-İ No 729237 saylı, xx.xx.2012-ci il tarixli nikah haqqında Şəhadətnamə ilə, uşağın birgə nikahdan doğulması isə 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsindən 31 avqust 2015-ci ildə verilmiş AZ-İİİ No 594866 sayli doğum haqqında Şəhadətnamə ilə təsdiq olunur. Nikaha daxil olduqları vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yaşamışlar. Ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da kənar müdaxilələr nəticəsində mütamadi olaraq ailələrində söz-söhbət olmuşdur. Ailə daxili münasibətlərinin gərginləşməsi nəticəsində bir ildən çoxdur ki, uşaqla birlikdə atası evinə qayıtmışdır. Bu müddət ərzində cavabdeh uşaqla maraqlanmamış və uşagın saxlanılması üçün hər hansı bir formada maddi köməklik göstərməmişdir. Hətta oğlu Tərlan 2021-ci ilin sentyabr ayında birinci sinifə gedərkən atası valdeyn olaraq nəinki maddi köməklik göstərmiş, heç onu təbrik belə etməmişdir. Atası təqaüdçüdür, özü isə işləmir. Ona görə də maddi cəhətdən cətin vəziyyətə düşmüş və uşağın saxlanılması üçün iş üzrə cavabdeh olan atasından aliment tələb etmək məcburiyyətində qalmışsır. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh Təvəkkül oğluna 26 yanvar 2022-ci il tarixdə Mediasiya prosessinin tətbiqi barədə təklif göndərmiş və ona uşağin saxlanılması və digər zəruri xərclər üçün hər ay 300 manat aliment ödəməsini təklif etmişdir. Bundan bir müddət sonra, 15 fevral 2022-ci tarixində tarixdə Mediasiya təşkilatına ərziə ilə müraciət edərək aliment tələbinə dair ailə mübahisəsi ilə əlaqədar mediator təyin edilməsini xahiş etmişdir. Tərəfindən cavabdehə mediasiya ilə bağlı takliflər göndərildikdən sonra o, oğlu ilǝ maraqlanmağa başlamış, uşağın təhsil aldığı məktəbə getmiş, uşaqla birlikdə müvvəqəti yaşadığı ata evinə gəlmiş, bəzi hallarda söz-söhbət salaraq gərginlik yaratmışdır. Ailə münasibətlərini bərpa etmək üçün cəhd göstərməmiş, təklif etdiyi aylıq 300 manat aliment ödənişi ilə razılaşmamış, ayda 200 manat aliment təklif etmişdir. O isə onun bu təklifi ilə razılaşmamışdır. Belə ki, o, təqaüddə olan hərbiçi kimi Dövlətdən hər ay 700-800 manat təqaüd və digər əlavə ödənişlər almaqla yanaşı Bakı şəhərində, yuxarıda qeyd edilən ünvanda mülkiyyətində olan mənzildə yaşamağına baxmayaraq hərbi hissədən guya həmin ərazidə kirayədə yaşamağına görə 250 manat kirayə haqqı alır. Ona görə də onun uşağın saxlanılması üçün aylıq 300 manat aliment ödəmək imkanı vardır. Cavabdeh Təvvəkül oğlu mediasiyanın təqbiqi ilə bağlı təkliflə razılaşmadığından Bakı 3 saylı Mediasiya təşkilatından təyin olunmuş mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə 11 mart 2022-ci il tarixli, MSH/3-00369 nömrəli arayış verilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, uşaq nevroloji xəstədir. Təkbaşına onun tələbatlarını ödəyə bilmir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Belə ki, cavabdeh alış-verişlə məşğul olur. Əlavə gəliri var. Odur ki, cavabdehdən 300 manat sabit pul məbləğində aliment iddiaçının mediasiya mərhələsinə müraciət etdiyi vaxtdan hesablanmalıdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya 193 manat aliment ödənilməsinə razıdır. Həmçinin ailənin ehtiyacı ilə əlaqədar iddiaçı ilə birgə yaşadıqları dövrdə “Kapital Bankdan” 10600 manat miqdarında kredit götürmüşdür. Hal-hazırda aldığı təqaüdlə həmin kreditdən ödənişlər edir. Mediasiya mərhələsində iddiaçıya uşaq üçün aylıq 200 manat aliment ödənişi edilməsi ilə bağlı təklif etsə də, iddiaçı bununla razılaşmamışdır.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. 628 manat pensiya alır və müharibə veteranı olduğu üçün 80 manat təqaüd alır. Əlavə gəliri yoxdur. Əvvəllər bazarda paltar satışı ilə məşğul olmuşdur. İddiaçı bilmədiyi səbəbdən evi tərk etdiyindən, hal-hazırda ayrı yaşayırlar. Uşağa 193 manat aliment ödəməyə razıdır.

8. Cavabdeh həmçinin xx.xx.2022-ci il tarixində iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. İddiaçı ilə həmişə münasibətləri çox yaxşı olmuş, aralarında aliment tutulmasına dair hər hansı əsaslı səbəb olmamışdır. Sadəcə xeyli müddətdir ki, iddiaçının valideyinləri onlara sərbəst yaşamalarına imkan verməmişdir. İddiaçı da onların sözü ilə oturub-durur. Onun valideyinləri ailə işlərinə qarışır, ailədə narazılıq yaradır. Hətta xeyli müddətdir ki, iddiaçı valideyinlərinin təkidi ilə köçərək özünə məxus evində valideyinləri ilə yaşayır. İddiaçı dəfələrlə əsassız olaraq uşağı məktəbdən yayındırdıqları üçün o, evə zəng vuran zaman qaynanası ona nəlayiq söyüşlər söyərək onu təhqir etdiyi üçün o, DİN-in 102 xidəmətinə zəng edərək bu barədə məlumat vermişdir və bununla bağlı Yasamal RPİ-nin 29-cu PB-da araşdırma apardılar. Hətta bu barədə Yasamal İH-nə, Təhsil Nazirliyinə, Ailə uşaq komitəsinə şikayətlər etmişdir. Həmin vaxt onlar bildirdilər ki, güya uşaq xətədir. Bununla bağlı Binəqadi rayon 21 saylı uşaq poliklinikasınada müraciət etmiş və oradan da ona şifahi bildirmişdirlər ki, uşaq sağlamdır, onun hər hansı ciddi problemi yoxdur. Bundan başqa o təqaüddə olmaqla 628 manat pensiya va müharibə veterani kimi 80 manat Prezident təqaüdü alır. Əlavə heç bir gəliri yoxdur. İddiaçı tərəfindən göstərilən digər ev və sair gəlirləri mövcud deyil. İddiaçı tərəfindən göstərilənlərin heç bir hüquqi əsasi yoxdur. Onlarda bu barədə hər hansı sübutlar varsa məhkəməyə təqdim etsin. Onun əsas məqsədi uşağın sağlamlığı, tərbiyəsi və təhsilidir. Onlar uşağa qarşı çox laqeyd davranırlar ki, söz-söhbətlərdə həmişə onun üstündə olur. O, yuxarıda göstərilənlərlə bağlı, 628+80= cəmi 708 manat gəlirinin ¼ hissəsini və ya Azərbaycan Respublikasının Prezidentinin 2022-ci ildə ölkǝ üzrə uşaqlar üçün məyyən edilmiş 193 manat mabləğində aliment ödəməyə razıdır. O, bu barədə hətta mediasiya zamanı da bildirmişdir və 200 manat aliment ödənişin edilməsi ilə bağlı barışıq etmək təklif etmişdir. Lakin onlar bununla razılaşmadılar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 729237 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02 mart 2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 94 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Səlimov”, arvada isə “Məmmədova” soyadı verilmişdir.

11. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 01 avqust 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 594866 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 iyul 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 avqust 2015-ci il tarixində 4267 № ilə qeyd edilmişdir. Atası Cavabdeh Təvəkkül oğlu, anası İddiaçıdır.

12. İddiaçı və onun vəkili tərəfindən tərtib edilən və Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh uşağın saxlanması üçün 300 manat məbləğində alimentin ödənilməsi, razı olduğu təqdirdə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi təklif edilmiş əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. Bakı 3 saylı Mediasiya Təşkilatına İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edilmiş və Cavabdeh Təvəkkül oğluna qarşı aliment tələbinə dair ailə mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmişdir.

14. X6 tərəfindən verilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞH/3-00369 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə ailə mediasiyası tələbi üzrə xx.xx.2022-ci il tarixində 11:00- 12:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiyaya dair xərci ödəmişdir.

15. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli GTKR3813755A142 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, bank tərəfindən kredit alan Cavabdeh 35 ay müddətinə aylıq ödəniş 440,83 manat olmaqla, 10600 manat məbləğində kredit verilmişdir.

16. Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından xəstəlik tarixindən olan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X2 tərəfli bronxopinevmaniya diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Cavabdeh ilə İddiaçı arasında 02 mart 2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 94 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Səlimov”, arvada isə “Məmmədova” soyadı verilmişdir. Birgə nikah münasibətlərindən 10 iyul 2015-ci il təvəllüdlü X5 doğulmuşdur.

18. Tərəflər arasında nikah pozulmasa da, hal-hazırda birlikdə yaşamırlar. Uşaq faktiki olaraq ananın himayəsindədir.

19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını və bunun xx.xx.2022-ci il tarixindən-cavabdehə mediasiya mərhələsində iştirakla bağlı təklif irəli sürdüyü vaxtdan hesablanmasını xahiş edir.

20. İddiasını isə cavabdehin pensiyasının 700-800 manat olması, əlavə gəlirlərinin olması ilə əsaslandırmaqla, cavabdehin tələb edilən aliment miqdarını ödəmək üçün maddi imkanı olduğunu bildirir.

21. Cavabdeh isə iddiaçının iddiasının əsassız olduğunu, hazırda təqaüddə olan hərbiçi kimi 628 manat pensiya aldığını, müharibə veteranı olduğu üçün əlavə 80 manat təqaüd aldığını və başqa gəlirinin olmadığını bildirir.

22. Hazırda isə iddia tələbini qismən qəbul edərək, uşağın saxlanması üçün iddiaçıya 193 manat sabit pul məbləğində aliment ödənilməsinə razı olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

24. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. Həmin Məcəllənin 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

26. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideyn digər valideyndən aliment tələb etməkdə haqlıdır. Lakin məhkəmə uşağın saxlanılması üçün tələb olunan aliment miqdarını qismən əsaslı hesab edir.

33. Belə ki, işin mübahisə edilməyən halı cavabdehin müntəzəm olaraq hər ay 700 manat məbləğində gəliri olmasıdır. İddiaçı tərəf cavabdehin əlavə gəlirlərinin olmasını iddia etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

34. Məhkəmə cavabdehin müntəzəm gəlirə malik olmasına baxmayaraq, iddiaçının ondan sabit pul məbləğdə aliment tələb etməsini nəzərə alaraq o qənaətə gəlir ki, bu zaman aliment məbləği müəyyən edilərkən uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu və cavabdehin sübut olunan ümumi gəliri meyar olaraq qiymətləndirilməlidir.Yəni iddiaçı cavabdehdən uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan artıq məbləğdə aliment tələb edirsə, o, cavabdehin həmin məbləği qarşılamaq iqtidarında olduğunu sübut etməli idi. Halbuki cavabdehin mübahisəsiz olan gəlirlərindən hissəvi olaraq aliment tələb edilsə idi, bu zaman alimentin məbləği təqribən 175(700/4) manat təşkil edəcəydi.

35. Bu səbəbdən məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələb etməsini, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, cavabdehin 193 manat miqdarda aliment ödəməyə razılığını, uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan alimentin miqdarı 193 manat məbləğində müəyyən edilməlidir.

36. İddiaçı həmçinin məhkəmədən cavabdehdən tutulmalı olan alimentin xx.xx.2022-ci il tarixdən hesablanmasını xahiş etmişdir ki, bunu da məhkəməyə müraciət etməzdən əvvəl cavabdedə ilk dəfə mediasiya mərhələsində iştirakla bağlı təklif etmiş olması ilə əlaqələndirmişdir.

37. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

38. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

39. Sadalanan normalardan da göründüyü kimi alimentin əvvəlki dövr üçün tutulması üçün əsas aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması ilə şərtləndirilmişdir. Halbuki mediasiya prosesində iddiaçının tələbi ilə razılaşmaq öhdəlik yox, hüquqdur. Eyni zamanda mediasiya könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Bu səbəbdən iddiaçının mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehin razılaşmaması, sonuncunun aliment verməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz.

40. Odur ki, uşağın saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən tarixdən başlanmalıdır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

47. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

48. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

49. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

50. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 iyul 2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 06 aprel 2022-ci il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

51. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 43,16(193X12=2316- 1000=1316X0.1%+30=43.16) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. 10 iyul 2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixindən hesablansın İddia qalan hissədə təmin edilməsiin. İddiaçının ödəməkdən azad edildiyi 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar