Məhkəmə qərarları › İş №2(001)-2927/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2927/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2927/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması və 2800 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasına və 2800 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Novxanı bağ massivi ünvanındakı evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları 500 manat dəyərində boyunbağı, bilərzik, üzük və sırğadan ibarət ağ mirvari qızıl dəstindən, 1000 manat dəyərində çəkisi 8 qram qızıldan olan 5 brilyant qaşdan ibarət İtaliya istehsallı olan nişan üzüyündən, 700 manat dəyərində 3 brilyant qaşlı İtaliya istehsallı olan qızıl üzükdən, 3000 manat dəyərində çəkisi 18 qram qızıldan olan boyunbağı və çəkisi 12 qram qızıldan olan bilərzikdən ibarət İtaliya istehsallı dəstdən, 2050 manat dəyərində çəkisi 21,3 qram qızıldan olan İtaliya istehsallı üzük və sırğa dəstindən, 120 manat dəyərində çəkisi 1,3 qram qızıldan olan Allah sözü yazılmış klondan, 180 manat dəyərində çəkisi 2 qram qızıldan olan Fəqan sözü yazılmış bilərzikdən, 270 manat dəyərində çəkisi 3 qram qızıldan olan Ülkər sözü yazılmış boyunbağından, 100 manat dəyərində çəkisi 1 qram olan qızıl sancaq-gözmuncuğudan, 370 manat dəyərində çəkisi 3,5 qram qızıldan olan firuzə qaşlı sırğadan, 180 manat dəyərində çəkisi 2 qram qızıldan olan halqa sırğadan, 180 manat dəyərində çəkisi 2 qram qızıldan olan İmam şəkilli klondan, 450 manat dəyərində çəkisi 5 qram qızıldan olan firuzə qaşlı boyunbağından cəmi 9100 manat dəyərində olan əşyalardan ibarətdir. Bundan başqa Cavabdeh2 2019-cu ildə onu Unibank KB-dən 2000 manat və Albalı kartından 300 manat pul götürməyə məcbur etmiş və həmin pulları qaynanası özünə götürmüşdür. Lakin Cavabdeh2 krediti bir müddət ödədikdən sonra ödənişlər etmir. Bu səbəbdən həmin borcun məbləği 2800 manata çatmışdır. Məhkəmə iclasında 1 ədəd 28,32 qram boyunbağı, 1 ədəd 12,72 qram qolbaq, 1 ədəd 5,68 qram brilyant qaşlı üzük, 1 cüt 15,83 qram brilyant qaşlı sırğa, yəni ona məxsus 750 əyarlı qızıl dəsti, qızı Ülkərə məxsus boyunbağı, 1 cüt firuzə qaşlı sırğa Cavabdeh2 tərəfindən ona qaytarıldığından iddia tələbini bu hissədə azaldır. İddia tələbində qeyd etdiyi digər qızıl əşyalarının cavabdehlərdə olmasına, aldığı borcu qaynanasına verməsinə dair onun hər hansı bir sübutu yoxdur. Ona görə də iddia ərizəsində qeyd etdiyi cavabdehlər tərəfindən ona qaytarılmayan qızıl əşyaların və ya bu əşyaların dəyərinin ona qaytarılmasına, Unibank KB-dən onun adına götürülmüş 2000 manat və Albalı kartından 300 manat və ona hesablanmış 500 manat faiz olmaqla cəmi 2800 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarından 1 ədəd 28,32 qram boyunbağı, 1 ədəd 12,72 qram qolbaq, 1 ədəd 5,68 qram brilyant qaşlı üzük, 1 cüt 15,83 qram brilyant qaşlı sırğa, yəni 750 əyarlı qızıl dəsti, nəvəsi Ülkərə məxsus boyunbağı, 1 cüt firuzə qaşlı sırğanı o, məhkəmə iclasında iddiaçıya təhvil vermişdir. İddia ərizəsində qeyd olunan digər əşyalar onlarda olmadığından, iddiaçının adından borc götürmədiyindən bu tələbləri qəbul etmir. İddiaçı onun mənzilində yaşadığı müddətdə özünə məxsus bəzi qızıl əşyalarını satıb özünə geyim əşyaları almışdır. İddiaçının aldığı krediti o, kömək məqsədi ilə, iddiaçı ilə birlikdə yaşadıqları müddət ərzində təxminən bir il müddətində ödəmişdir. Lakin iddiaçının onun oğlu ilə nikahı pozulduğundan hesab edir ki, borcu iddiaçı özü qaytarmalıdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Abşeron Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli 2(012)-416/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 07.08.2009-cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış 474 nömrəli nikahın pozulması, birgə nikahdan olan 14.07.2010-cu il təvəllüdlü X2 və 20.03.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə 14.07.2010-cu il təvəllüdlü X2 və 20.03.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.08.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 10.03.2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2927/21 saylı 26.02.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı 10.03.2021-ci il tarixdə Abşeron rayonu Novxanı Bağlar massivi 534 saylı evdə olarkən icra vərəqəsində göstərilən qızıl-zinət əşyalarından çəkisi 18 qram qızıldan olan boyunbağı və çəkisi 12 qram qızıldan olan bilərzikdən ibarət İtaliya istehsallı dəst, çəkisi 21,3 qram qızıldan olan İtaliya istehsallı üzük və sırğa dəsti, çəkisi 3 qram qızıldan olan Ülkər sözü yazılmış boyunbağı aşkar olunaraq üzərlərinə həbs qoyulmuş, saxlanc üçün Cavabdeh2 təhvil verilmişdir. İddiaçı ərizəsindən müəyyən oluunr ki, 1 ədəd 28,32 qram boyunbağı, 1 ədəd 12,72 qram qolbaq, 1 ədəd 5,68 qram brilyant qaşlı üzük, 1 cüt 15,83 qram brilyant qaşlı sırğa, yəni ona məxsus 750 əyarlı qızıl dəsti, qızı Ülkərə məxsus boyunbağı, 1 cüt firuzə qaşlı sırğanı məhkəmə iclas zalında Cavabdeh2 qəbul etmişdir. Borcverən Unibank KB ASC ilə borcalan İddiaçı arasında bağlanmış 04.11.2020-ci il tarixli 1581nkXRD/20 saylı kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank 28.10.2019-cu il tarixli 12907sXRD/19 saylı müqaviləsi üzrə 1202,80 manat borcun bağlanması məqsədilə 36 ay müddətinə 04.11.2023-cü il tarixədək illik 25 % ödəmək şərtilə 1203 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddia tələbində istinad olunan halları ilk növbədə sübut etmək vəzifəsi iddiaçının özünə aiddir. İddiaçı iddia tələbində qeyd etdiyi digər qızıl əşyaların cavabdehlərdə olmasını bildirsə də, bu barədə heç bir sübutunun olmamasını, kredit müqavilələri üzrə aldığı borcu cavabdehlərə verməsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi digər qızıl əşyalarının mövcud olmasına, həmin əşyaların kimdə olmasına, aldığı borcu cavabdehlərə verməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbləri sübuta yetirilə bilinməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasına, borca görə 2800 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar