Məhkəmə qərarları › İş №2(001)-2929/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2929/2021

07.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2929/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat Ofisi cəlb edilməklə) alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat Ofisi cəlb edilməklə) alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2019-cu il tarixdə Bakı şəhəri 32 saylı Notariat Ofisində Cavabdeh ilə onun arasında ünvan 1də yerləşən ümumi sahəsi 0,014 ha olan torpaq sahəsinə dair bağlanmış AN-İ nömrəli, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 23 iyul 2019-cu il tarixdə, Bakı şəhəri 32 saylı notariat ofisində AN-İ nömrəli, 080733 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh ilə onun arasında Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 3059-cu məhəllədə yerləşən ümumi sahəsi 0,014 ha olan torpaq sahəsinin alqı-satqısı aparılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı 34.000 manata alıcıya satmağı üzərinə götürmüşdür. Belə ki, yuxarıda qeyd edilən ünvan 1də yerləşən ümumi sahəsi 0,014 ha olan torpaq sahəsinin alqı-satqısına əsas atası Qasımov İlhamın iş üzrə Cavabdeh 23 iyul 2019-cu il tarixdə 20.000 ABŞ dolları (34.000) manat aylığı 7%-dən kredit pul götürməsi olmuşdur. Həmin pulun təminatı kimi onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, ünvan 1dəki 0,014 ha torpaq sahəsinin daxilində ümumi sahəsi 100 kv.m artıq iki mərtəbəli tam təmirli, ilkin hüquqi qeydiyyatdan keçməyən fərdi yaşayış mənzili də mövcuddur. Həmin torpaq sahəsi və onun üstündə olan fərdi yaşayış evi ilə birlikdə bu günkü bazar qiyməti ilə dəyəri 100.000- 150.000 manat təşkil edir. 23 iyul 2019-cu il tarixdən 2020-ci ilin mart ayına kimi cavabdehə atası 20.000 ABŞ dollarının aylığı 7%-dən hesablananda hər ay 1.400 ABŞ dolları 8 ay üçün ümumilikdə 11.200 ABŞ dolları, dolların manata münasibətdə kursla hesablananda 17.000 manatdan artıq faiz ödəmişdir. Pandemiya COVİD-19-un dünyada tüğyan etdiyi bır vaxtda Azərbaycan Respublikasında da bu xəstəliyə qarşı mübarizə bu günə kimi davam edir. Bu səbəbdən də atası götürülmüş pulun müqabilində cavabdehə faiz borcu ödəyə bilmədiyi bir halda o mənzilin tez bir vaxtda boşaldılmasını onlardan tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsində onunla arasında borc münasibətlərinin olmasını və həmin torpağın borcun zəmanəti kimi ona verdiyini göstərsə də buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının mübahisələndirdiyi müqavilə 23 iyul 2019-cu ildə imzalanmışdır. Qeyd edilən müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,014 olan torpaq sahəsini ona 34.000 manata satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı Bakı şəhəri, 32 saylı notariusa ərizə ilə müraciət edərək 34.000 manat məbləğinin notariusun depozit hesabı vasitəsilə ödənilməsinə razılıq bildirmişdir. O, 34.000 manat məbləğini ’’Muğanbank” ASC vasitəsilə 22 iyul 2019-cu ildə notariusun depozitinə köçürmüşdür. Bu barədə notariat işində ödəniş qəbzi mövcuddur. Müqavilənin 18-ci bəndinə əsasən müqavilənin şərtləri ilə iddiaçının hüquq və vəzifələri, həmçinin müqavilənin hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Müqavilənin sonuncu bəndində iddiaçının hüquq və vəzifələri izah edilmiş, iddiaçı notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Həmin müqaviləni iddiaçı öz iradə ifadəsinə uyğun imzalamışdır, əmlakın dəyəri qarşılıqlı razılıq əsasında müəyyən edilmişdir. O, iddiaçının öz iradə ifadəsinə uyğun olaraq ona satdığı əmlakla bağlı müqavilə üzrə öhdəliklərini icra etmişdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi onunla iddiaçı arasında olan müqavilənin torpağın alqı-satqısı barəsində olmasını, iddiaçının ona həmin torpağı satmaq niyyətini və iradə ifadəsini təsdiq edən sübutdur. Əgər qeyd edilən müqavilə iddiaçının iradə ifadəsinə uyğun olmasa idi o, torpaq sahəsini satdıqdan 16 ay sonra iddia qaldırmazdı. İddiaçının torpaq sahəsi üzərində ev olması barədə bildirdikləri ilə bağlı isə qeyd ki, torpağın təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardır. Yəni torpaq yaşayış məntəqəsinin kateqoriyasına aid torpaq deyildir. O, həmin əmlakı torpaq kimi almışdır. Hazırda həmin əmlak (torpaq sahəsi) onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Həmin torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Bunlardan əlavə, iddiaçı müqavilələrin bağlandığı andan 1 il 4 ay keçdikdən sonra, yəni qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. Ona görə iddianın həm əsassız olduğuna görə, həm də iddia müddəti buraxıldığına görə hazırki işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili cavabdehin izahatını müdafiə edərək, hazırki işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 32 saylı Notariat ofisində, 23 iyul 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ, 078733 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, birinci mülkiyyətində olan ünvan 1də yerləşən 0,0140 ha torpaq sahəsini 34.000 manata sonuncuya satmışdır. "xxxx" ASC-nin 22 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinə görə 34.000 manat məbləğində vəsait ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1də yerləşən 0,0140 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 12 noyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. 11 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında Bakı şəhəri 32 saylı Notariat ofisində, 23 iyul 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan ünvan 1də yerləşən 0,0140 ha torpaq sahəsini 34.000 manata cavabdehə satmış və torpaq sahəsinin razılaşdırılmış dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Hazırda mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki qanunvericiliyin normalarından göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda, habelə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında ləğv edilə bilər. Hazırki iş üzrə isə cavabdeh 23 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin şərtlərini pozmamış, satılmış torpaq sahəsini qəbul edərək, dəyərini qanuna uyğun şəkildə ödəmişdir. Bundan əlavə, tərəflərin müqavilə bağlayarkən hər hansı şəraitin əsas götürməsi və onun əhəmiyyətli dərəcədə dəyişməsi də iş materialları ilə təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hər hansı əsas olmadığından, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin, cavabdehin iddia müddaətinin tətbiqi barədə ərizəsi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. İş materiallarından isə müəyyən olunur ki, tərəflər arasında daşınmaz əmlakın alqısatqısı barədə müqavilə 23 iyul 2019-cu il tarixdə bağlandığına görə, iddiaçı qanunvericiliklə müəyyən olunmuş 6 illik iddia müddətini ötürməmişdir. Ona görə də hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.4-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat Ofisi cəlb edilməklə) alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat Ofisi cəlb edilməklə) alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar