Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2975/2022 08.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, tərcüməçi X1, iddiaçı X8 (X9) iştirakı ilə X8 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş pulun, habelə maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X12 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 21 avqust 2020-ci il tarixli, 06 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən avans kimi ödənilmiş 17000 manatın, gecikdirilmiş faiz borcu kimi 2380 manatın və mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla ümumilikdə 24380 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X12 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, öz evini mebellə təchiz etmək üçün dostlarının məsləhəti ilə 21 avqust 2020ci il tarixdə bu işlə məşğul olan cavabdeh MMC-nin direktoru X6 ilə sonuncunun işlədiyi, ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüş, təkliflərlə tanış olduqdan sonra həmin tarixdə aralarında 06 saylı müqavilə bağlanmışdır. Müqavilədə satılacaq malların adı, təsviri, qiyməti, çatdırılma, quraşdırma və ödəniş şərtləri öz əksini tapmışdır. Görüləcək işlərin ümumi dəyəri 23555 manat olaraq razılaşdırılmış, o, həmin məbləğdən 17000 manatı avans kimi cavabdehə ödəniş, 6555 manat ödənilməmiş qalmışdır. Lakin, cavabdeh öhdəliklərini icra etməmiş, müqavilədə adları göstərilən mebellərdən bir çoxu ümumiyyətlə təqdim edilməmiş, təqdim edilənlər isə lazımi keyfiyyətdə olmadığından, onun tərəfindən qəbul edilmədən geri qaytarılmışdır. O, cavabdehə dəfələrlə müraciət edərək öhdəliklərinin lazımınca icrasını, adları göstərilən bütün mebellərin tam keyfiyyətli halda təhvil verilməsini və ya pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh MMCnin direktoru Roman Yusifov ilk öncə pandemiya səbəbindən materialların gəlməsində çətinliklərin olduğunu, tezliklə yeni, keyfiyyətli materiallarla mebelləri quraşdıracaqlarını bildirsə də, sonradan bununla bağlı heç bir hərəkət etməmiş, daha sonra o, pulunu geri tələb etdikdə isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. O, avans ödənişini etdiyi tarixdən təxminən 2 il müddət keçmişdir, bu müddət ərzində cavabdeh pulu geri qaytarmadığından cavabdehdən gecikdirilmiş faiz borcu tələbi də vardır. Həmçinin, cavabdehin hərəkətləri nəticəsində o mənəvi sarsıntı keçirmiş, ailəsi qarşısında utanılan vəziyyətə düşmüş, özünü aldadılmış kimi hiss etmiş, əsəb-stress keçirmişdir. Buna görə də, cavabdehdən həm də mənəvi zərərin əvəzi kimi 5000 manat pul tələb edir. Sonda Ç.P.Çokarov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə hüquqi ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı Azərbaycan dilində yaxşı bilmədiyindən o, iddiaçıya mebel alınması məsələsində köməklik etmişdir. Belə ki, iddiaçı ilə birlikdə mebeli sifariş vermiş olduğu sexə getmiş, sexin rəhbəri ilə görüşmüşlər. O, sexin rəhbərinə iddiaçının idman sahəsində tanınmış şəxs olduğunu, onu incitməməli olduğunu demiş, sexin rəhbəri isə üzrxahlıq edərək işin ləngimə səbəbinin pandemiya ilə bağlı qapanmalar olduğunu qeyd etmiş, onlardan işi yekunlaşdırmaq üçün 1 ay vaxt istəmişdir. Lakin, həmin 1 ay keçmiş, heç bir iş görülməmişdir. 3 aydan sonra 1 ədəd TV altlığı və 1 ədəd moydadır gətirilmiş, onlar da tam yararsız vəziyyətdə olmuşlar. Belə olan halda iddiaçı cavabdehdən pulunu geri tələb etmişdir. Cavabdeh iddiaçıdan 17000 manat beh almış, dediklərinə görə 3000 manatı xərclənmiş, qalan pulu qaytarmağa razıdırlar. Lakin, hal hazıradək pul qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 digər şahid Kamran Bayramovun ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan: - kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X3. - İddiaçı ilə cavabdehin qanuni təmsilçisi Roman Yusifov tərəfindən qarşılıqlı olaraq imzalanmış 21 avqust 2020-ci il tarixli “Qiymət təklifi”ndən görünür ki, iddiaçı ümumi qiyməti 23555 manat olan 17 adda mebel əşyasını sifariş vermiş, avans qiyməti kimi 17000 manat ödənilmiş, qalıq məbləğ isə 6555 manat göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. - 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış razılmaşaya baxmayarq cavabdeh iddiaçı tərəfindən ödənilmiş pulun əvəzində iddiaçının mənzilini müxtəlif adda mebellərlə təmin etməyi öhdəsinə götürsə də, öhdəliklərini icra etməməklə aralarındakı müqavilə şərtlərini pozmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış, “Qiymət təklifi” adı ilə göstərilən 21 avqust 2020-ci il tarixli, 06 nömrəli müqavilə ləğv edilməli, iddiaçı tərəfindən həmin müqavilə üzrə ödənilmiş 17000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. - 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. - 599.4-cü maddəsinə əsasən, satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “...Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin (MM-in) 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür... Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməməsi halında kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırki halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmaqla öhdəliklərini icra etməmiş, beləliklə 2020-ci ilin avqust ayından iddiaçıya məxsus 17000 manatı özündə saxlamışdır. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq 2020-ci il üzrə 6,5 faiz, 2021-ci il üzrə 7,5 faiz olmaqla ümumilikdə 2380 manat faizin tutulmasını tələb edir. Müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot faiz dərəcəsi 2020-ci il üzrə 6,5 faiz, 2022-ci il üzrə 7,5 faizdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia faizin ödənilməsi hissəsində də təmin edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki,... Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. ... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. ... Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı mebel alınması ilə bağlı cavabdehlə razılaşdırdıqları ümumi qiymət olan 23555 manatın böyük bir hissəsini, yəni 17000 manatını razılaşma günü, yəni 21 avqust 2020-ci il tarixdə cavabdehə ödəmiş, hazırki tarixədək təxminən 2 il keçməsinə baxmayaraq, cavabdehin iddiaçını mebellə təmin etməməsi, habelə pulunu geri qaytarmaması iddiaçının mənəvi zərərə uğraması nəticəsinə gəlməyə əsas verir və məhkəmə mənəvi zərərin miqdarını 500 manat məbləğində müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ləğv edilməli, iddiaçı tərəfindən avans kimi cavabdehə ödənilmiş 17000 manat, həmin məbləğə hesablanmış 2380 manat faiz, habelə, mənəvi zərərin əvəzi kimi 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki qətnamə ilə müəyyən edilmiş tutulmalı məbləğ, yəni iddia qiyməti 19880 manat olduğundan bu iddia üzrə cavabdehdən dövlət nəfinə tutulmalı dövlət rüsumunun məbləği 149,64 manatdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X12 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 avqust 2020-ci il tarixli, 06 nömrəli alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən avans kimi ödənilmiş 17000 manat, faiz məbləği kimi 2380 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla ümumilikdə 19880 manat məbləğində pul vəsaiti tutularaq X11 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2975/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2975/2022
08.07.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver