Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3006/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, yetkinlik yaşına çatıb və atası onun üçün daha aliment ödəmir. Lakin onun atanın maddi dəstəyinə ehtiyacı var. Belə ki, o, tələbədir Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində oxuyur və eyni zamanda görmə qabiliyyəti çox aşağıdır, müalicəyə ehtiyacı var. Cavabdeh nümayəndəsi və vəkili X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dillər Universitetinin Filologiya (ingilis dili və ədəbiyyat) faklültəsinin əyani şöbəsinin ikinci kurs tələbəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab olunurlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. İddiaçı 18 yaşı tamam olduğuna görə atası - Cavabdeh onu saxlamaq vəzifəsi xitam olunmuşdur. Valideynlər yetkinlik yaşına çatmış uşaqlarını o hallarda saxlamaq vəzifəsi daşıyırlar ki, uşaqların əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun. İddiaçı 18 yaşına çatması və əmək qabiliyyətinin olması işin mübahisəsiz halıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə iddia tələbinin hüquqi əsası olmadığına görə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3006/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3006/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver