Məhkəmə qərarları › İş №2(001)-301/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-301/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-301/2022 18.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, xx.xx.2003-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, nikahları 2021-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə 2003-cü ildə ünvan 1 ünvanında cavabdehin anası olan Zahirə Adilovanın istifadəsində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün işlərə başlamış, tikinti işlərinin aparılması üçün zəruri olan tikinti materiallarını öz hesabına almış, bununla bağlı zəruri işçi heyəti cəlb etmiş, işci heyətinin əmək haqqını ödəmiş, tikinti işləri 2006-cı ilin may ayında başa çatmışdır. Həmin torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, Leylanın atası Mustacab özünə ümumi sahəsi 160 m2 olan ev inşa etmiş, o, isə qaynatasının evindən bir az kənarda sahəsi təxminən 300 m2 ev inşa etmişdir. Qaynatasının özünə sahəsi 160 m2 sahəsi olan evi, onlara isə sahəsi 300 m2 evi tikməsi inandırıcı deyildir. Hal-hazırda onun inşa etdiyi evin bazar dəyəri 500000 manata yaxındır. Ev inşa etdiyi vaxt onun özünün 6 həkimin işlədiyi tibbi klinikası olmuş, bundan başqa o, Tibb Universitetində işlədiyindən ev inşa etmək üçün kifayət qədər vəsaiti olmuşdur. Həmin vaxt onun mülkiyyətində iki təzə, xaricdə istehsal olunan nəqliyyat vasitəsi olmuşdur. O, da digər ailə üzvləri kimi həmin ünvana qeydiyyata alınmışdır. Hər iki evin sənədi olmadığından bir ünvanda yerləşir. Tikinti işləri 2003-2006-cı illərdə aparıldığından o, tikinti materialarının alınmasına dair hər hansı bir sənədi saxlamamışdır. Mərhum qaynatası ilə münasibəti yaxşı olduğundan torpağın pulu onun tərəfindən verilsə də, qaynatası torpağı öz adına almışdır. Həmin vaxt, həyat yoldaşına, qaynatasına inandığından sənədləşmənin öz adına aparılmasını tələb etməmişdir. O, 2006-2018-ci illərdə mübahisəli evdə həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, sonra həmin evdən təmirlə bağlı çıxmışlar. Bundan sonra həmin evin əsaslı təmirinə o, 40000 manat vəsait sərf etmişdir. Cavabdeh2 ilə onun arasında olan nikah münasibətləri 2020-ci ilin avqust ayından kəskinləşdiyi üçün, xx.xx.2020-ci ildən etibarən Cavabdeh2 onu evə buraxmır. Buna görə də o, bacısı X9 məxsus olan ünvan 2 ünvanda yerləşən evdə yaşamağa başlamış, cavabdeh isə hal-hazırdada onun övladları ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla onun tərəfindən inşa olunan həmin evdə yaşayır. O, bir necə dəfə birgə nikah dövründə onun tərəfindən inşa olunan yaşayış evinə daxil olmaq istəsə də, Cavabdeh2 tərəfindən evin giriş qapısının qıfılı dəyişdirildiyi üçün o, evə daxil ola bilməmişdir. Ona məxsus geyim əşyalarını cavabdeh bu yaxınlarda ona vermiş, şəxsi kitabxanası, elmi işi hal-hazırda da onun inşa etdiyi evdə qalmış və o, bu əşyalardan istifadə edə bilmir. Sözügedən yaşayış evi Cavabdeh2 ilə birgə nikah dövründə onun tərəfindən inşa edildiyindən həmin evin tikintisinə, materialların alınmasına sərf olunan vəsaitin ½ hissəsi də ona məxsus olduğundan cavabdeh tərəfindən törədilən maneələr onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Sözügedən fərdi yaşayış evinin tikintisinə və tikinti işlərinin aparılması üçün işci heyətinə o, ümumilikdə 150000 manat məbləğinlə pul sərf etmişdir. Cavabdeh2 mülkiyyətində hal-hazırda 2012-ci il buraxılışlı olan X44 markalı 9-CN-701 dövlət qeydiyyat nişanlı və 2013-cü il buraxılış ili olan Honda CR-V model **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Eyni zamanda cavabdeh rəsmi əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olmaqla əmək haqqı alır. Onun isə hər hansı bir əmlakının olmaması ilə yanaşı hal-hazırda rəsmi gəlirləri də yoxdur. Ona görə də, ünvan 3 ünvanında yerləşən onun tərəfindən inşa olunan fərdi yaşayış evinin tikintisinə sərf etdiyi 150000 manatın 100000 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh2 izahatında mübahisəli evdə nikah dövründə İddiaçıla birlikdə yaşadıqlarını, həmin yaşayış sahəsinin atası X4 qardaşı X10 tərəfindən tikildiyini qeyd etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş İ.M.Zahidov mübahisəli evin onun tərəfindən deyil, atası tərəfindən tikildiyini və bu məlumatı mərhum atasından aldığını qeyd etmişdir. Məhkəmə prosesinin gedişatı zamanı İ.M.Zahidova atasının tikdirdiyini iddia etdikləri evin tikintisinə nəzarət edib etmədiyinə dair sual verildikdə o, ümumiyyətlə tikintiyə onun tərəfindən nəzarətin edilmədiyini bildirmişdir. Bu hal Cavabdeh2 verdiyi ifadələrlə cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid İ.M.Zahidovun ifadələri arasında kəskin zidiyyətin olduğunu sübut edir. Proses zamanı mübahisəli evin tikintisində iştirak edən bir cox şahidlər dindirilmiş həmin şahidlər evin tikildiyi dövrü, yerləşdiyi ərazini, evin təqribi ölçülərini və dizaynını dəqiqliklə bildirmiş, şahidlərin ifadələri arasında hər hansı zidiyyət mövcud olmamışdır. Şahidlərin öyrədilməsi barədə cavabdehin vəkilinin dedikləri isə həqiqət deyil. Belə ki, onun şahidləri öyrətmək fikri olmuş olsaydı bunu məhkəmənin binasında etməzdi. Cavabdeh sübut qismində Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mərhum atasının adına mübahisəli evin yerləşdiyi binanın altında olan torpaq sahəsini sərəncam əsasında ayrılması və həmin sərəncamla mərhum M.A.Zahirova yaşayış evinin layihələndirilməsinə icazənin verilməsi haqqında sərəncamı məhkəməyə təqdim etmişdir. Sözügedən sərəncamdan görünür ki, həmin sərəncam M.A.Zahirova yalnız yaşayış evinin layihələndirlməsi üçün verilmiş, həmin sənəd əsasında M.A.Zahirov hər hansı tikinti işi apara bilməzdi. İcra Hakimiyyəti tərəfindən verilmiş sözügedən sərəncamda və ya digər sənədlərdə M.A. Zahirovun həmin sahədə hər hansı tikinti işini aparmasına dair hec bir qeyd mövcud deyidir. Cavabdeh2 məhkəməyə sübut qismində Binəqədi Rayon Məhkəməsinin 2-2200/2005-saylı xx.xx.2005-ci il tarixli qətnaməsini təqdim etmişdir. Həmin qətnamənin məhkəməyə sübut qismində təqdim edilməsində məqsəd mübahisəli evin tikintisinin M.A.Zahirov tərəfindən aparıldığını sübut etməyə çalışmaqdır, lakin qeyd olunan qətnaməyə nəzər yetirən zaman məhkəmə tərəfindən həmin evin kimin tərəfindən tikilməsi barədə işin faktiki hallarına ümumiyyətlə qiymət vermədiyini həmin məsələnin araşdırılmadığını yalnız həmin iş üzrə ərizəçi M.A.Zahirovun, Cavabdeh2 və İddiaçı həmin evə qeydiyyata düşmələri barədə məsələyə baxaraq işə müvafiq qiymət verdiyi müəyyən olunur. Bundan başqa torpaq sahəsində iki ev inşa edilmişdir. Həmin evin biri cavabdehin valideynlərinə məxsusdur. Digəri isə tərəflərin birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evidir. Cavabdeh tərəfin təqdim etdiyi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikintinin layihələndirilməsinə dair sərəncam və Binəqədi Rayon Məhkəməsinin 2- 2200/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi hazırki mübahisəyə hər hansı aidiyyatının olmadığından mötəbər sübur kimi qiymətləndirilməməlidir. İddia tələbində qeyd etdilən 150000 manat məbləğin eynilə ekspert rəyi ilə təsdiq edilməsi tikinti materiallarına sərf oluan və ustalara ödənilən vəsaitin İddiaçı tərəfindən ödənildiyini bir daha təsdiq edir. Çünki tikintinin aparılmasına nəzarət edən və tikintiyə vəsait sərf edən şəxs dəyəri tam dəqiq bilə bilər. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, mübahisə predmeti olan tikinti materiallarındandan istifadə olunmaqla ünvan 3 ünvanında tikilmiş yaşayış sahəsi Cavabdeh2 və onun anası Cavabdeh1 da istifadəsindədir və hal hazırda həmin tikinti materiallarından faydalanan şəxslərdən biri olmaqla sonuncu hazırda həmin ünvanda yaşayır. Eyni zamanda məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2200/2005-ci il tarixli xx.xx.2005-ci il tarixli qətnamədəndə görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh1 həmin torpaq sahəsinin qanuni istifadəsində olması ilə bağlı məlumat iddiaçıya məhkəmə baxışı dövründə cavadeh tərəfindən verilmiş izahatlar və təqdim edilmiş sənədlərdən sonra məlum olmuşdur. Bundan başqa iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etdiyindən onun tələbinə iddia müddəti təbiq edilə bilməz. Ona görə də cavabdehlərdən müştərək qaydada 100 000 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçı ilə nikaha daxil olduqdan sonra Axundov küçəsində olan mənzilə gəlin köçmüş, sonra bir müddət qohumlarının mənzilində yaşamış, daha sonra 2006-cı ildə mübahisəli evə köçmüşlər. 2012-ci ildə yenidən onlar uşaqlarının məktəbinə görə Axundov küçəsində olan mənzilə qayıtmış, 2012-2020-ci illərdə mübahisəli ev boş qalmış, 2020-ci ilin oktyabr ayında iddiaçı onları evdən qovmuş və o, övladları ilə birlikdə mübahisəli evə qayıtmışdır. 2006-2012-ci illərdə Axundovdakı mənzildə İddiaçı bacısı yaşamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin 524 saylı xx.xx.2002-ci il tarixli sərəncamında dəyişiklik edilərək Sumqayıt şossesi kənarında Rifah BC-yə məxsus olan sahədən fərdi yaşayış evi tikmək üçün R.S.Xəlilovun adına ayrılmış 600 m2 torpaq sahəsinin yaxın qohumu X2, yəni onun atasına, bağışlanması barədə notarial qaydada razılıq sənədi nəzərə alınaraq həmin torpaq sahəsi istifadə məqsədi dəyişdirilməməklə onun atasının adına keçirilmişdir. Onun atası şirkət müdiri olumuş, buna görə də atasının verdiyi pul hesabına ev tikilmişdir. İddiaçının həmin vaxt istifadəsində köhnə maşın olmuş, onun atasının isə yeni avtomobilləri olmuşdur. İddiaçı bu evi onun atasının puluna tikdirmişdir. İddiaçı yalnız tikiliyə nəzarət etmiş, ustaları tapıb dəvət etmiş, hər şeyin pulunu isə onun atası vermişdir. Torpaq sahəsində birinci inşa olunan evin sahəsinin az, ikinci evin sahəsinin çox olmasının səbəbi atasının birinci evdə etmədiyi əlavələrin ikinci evdə etməsidir. Evin pulunu atası ya ona, ya İddiaçı, ya da, ustaların özünə vermişdir. Pul ona veriləndə o, həmin pulları da İddiaçı vermişdir. Onun atası 6-7 il serroz xəstəsi omuş, daha sonra vəfat etmişdir. Evdə təmir işlərini onun qardaşı aparmışdır. Hal-hazırda həmin evdə o, qızları və anası ilə birlikdə yaşayır. İddiaçı ev tikməyə heç vaxt maddi imkanı olmamışdır. H.X. Bayramovun özünə məxsus evi bacısının adına qeydiyyata alınmışdır. Evin tikintisində Hikmətin qardaşı X22, X11 iştirak etsə də, ev onun atasının puluna tikilmişdir. Atasının birinci inşa etdiyi ev mübahisəli evə yaxın olduğundan o, həmin evdə gedən işlərə baxmışdır. Atasının maddi imkanı yaxşı olduğundan onun əmisinə və digər qohumlarına da ev tikmişdir. Hal-hazırda iddiaçıya məxsus kitabxana onun yaşadığı evdədir, bu kitabxanda olan kitablar ona lazım deyil. İddiaçıya məxsus elmi iş isə onun yaşadığı evdə yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 vəkili Vəkil2 izahatında göstərmişdir ki, iddiaçının tələbi Cavabdeh2 qarşı yönələ bilməz. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 məxsus torpaq sahəsində yerləşir. İddiaçının tələbinin qanuni əsası əsassız varlanma olduğundan o, Cavabdeh1 qarşı olan iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 16 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilən şahidlər fərdi yaşayış evinin ünvanını dəqiq göstərə bilməmişlər. İki şahid evin Sulutəpədə yerləşdiyini qeyd etmişdir. Bundan başqa şahidlər iddiaçının vəkili tərəfindən öyrədilmişlər. Bu halı onun məhkəməyə təqdim etdiyi fotoşəkildə təsdiq edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı onun qızı Cavabdeh2 Müstəcab qızına qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə 150000 manat xərcləndiyini və həmin pulun 75000 manatını Cavabdeh2 tutulub H.X. Bayramova ödənilməsini xahiş edir. Sonuncu məhkəmə iclası zamanı iddiaçının ərizəsi əsasında o, da cavabdeh qismində cəlb edilmişdir. İşin mahiyyəti ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış sahəsi onun adına olan torpaq sahəsində yerləşir və həmin ev həyat yoldaşı Müstəcab tərəfindən tikilmişdir. Belə ki, onların kifayət qədər imkanı olmuş, həyat yoldaşı şirkət müdiri olmuşdur. Bəzi hallarda qızı Cavabdeh2 və onun həyat yoldaşı İddiaçı evin tikintisində nəzarət baxımından köməklik etmiş ola bilərlər. Amma bu o demək deyildir ki, həmin ev onun tərəfindən tikilmişdir. İddiaçı elə bir imkanı var idisə niyə gedib özünə torpaq alıb ev tikmirdi, gəlib qaynanasının adına olan torpaqda özünə ev tikirdi. Bir daha bildirir ki, həmin ev onun həyat yoldaşı tərəfindən tikilmiş, oğluda köməklik etmiş, hazırda evdə o, yaşayır. Həmin ev 2006-cı il tarixdə artıq tikilib başa çatmışdır. Artıq 16 il vaxt keçmişdir. Ev onlar tərəfindən tikilmişdir. İddiaçı dediklərinə məhkəmə inansa belə hesab edir ki, iddiaçı artıq iddia müddətini keçirmişdir. Ona görə də məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Səhhəti ilə bağlı məhkəmədə iştirak etməsi mümkün olmaycaqdır. Ona görə də İddiaçı tərəfindən verilmiş iddianın əsassız olması və iddia müddətini tətbiq etməklə iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 017235 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X15 nikaha daxil olmuş, bu barədə 102 saylı nikah akt qeydi tərtib olunmuş, nikaha daxil olduqdan sonra arvada Bayramova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3989\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Səadət Sarayında bağlanmış xx.xx.2003-cü il tarixli 102 saylı nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X12 analarının yanında saxlanması, hər ay hər bir uşağın saxlanması üçün 200 manat olmaqla cəmi 400 manat alimentin İddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamının surətindən müəyyən olunur ki, Rifah BC-nə ayrılmış torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün X16 adına keçirilməsi barədə Binəqədi RİHB-nin 524 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ləğv edilərək qüvvəsini itirmiş hesab edilməsi, Sumqayıt şossesi kənarında Rifah BC-nə məxsus olan sahədən fərdi yaşayış evi tikmək üçün R.S.Xəlilovun adına ayrılmış 600 m2 torpaq sahəsinin yaxın qohumu X2 bağışlanması barədə notarial qaydada razılıq sənədi nəzərə alınaraq həmin torpaq sahəsinin istifadə məqsədi dəyişdirilməməklə vət. M.A.Zahirovun adına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2200/2005 saylı qətnaməsindən müəyyən olunur ki, ərizə təmin edilərək ərizəçi X1, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir. Qətnamədən daha sonra müəyyən olunur ki, ərizəçi X5 Bakı şəhəri Binəqədi rayonu İHB-nin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən ona ayrılan Sumqayıt şossesinin kənarında, 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 600 m2 torpaq sahəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi evin inşa işlərinin başa şatmasını, həmin evin iki mərtəbəli olmaqla 5 otaq, 2 dəhliz, 2 açıq eyvan, 1 mətbəx, 1 hamam tualet və həyətyanı sahədən ibarət olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdən X44 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2013-cü il tarixdən Honda CRV markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. X8 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı uzun müddətdir tanıyır, tanışlığının səbəbi 2003-cü ildə Bakı şəhəri 1May Y\M döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində fəhlə kimi işləməsidir. Fərdi yaşayış evinin tikintisi zamanı ona əmək haqqını, habelə tikinti materiallarına sərf olunan xərcləri İddiaçı ödəmişdir. X3 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı uzun müddətdir tanıyır, tanışlığının səbəbi 2003-cü ildə Bakı şəhəri 1May Y\M döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində malyar kimi işləməsidir. Fərdi yaşayış evinin tikintisi zamanı ona əmək haqqını, habelə tikinti materiallarına sərf olunan xərcləri İddiaçı ödəmişdir. X13 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı uzun müddətdir tanıyır, tanışlığının səbəbi 2003-cü ildə Bakı şəhəri 1May Y\M döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində dam ustası kimi işləməsidir. Fərdi yaşayış evinin tikintisi zamanı ona əmək haqqını, habelə tikinti materiallarına sərf olunan xərcləri İddiaçı ödəmişdir. X6 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı uzun müddətdir tanıyır, tanışlığının səbəbi 2003-cü ildə Bakı şəhəri 1May Y\M döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində malyar kimi işləməsidir. Fərdi yaşayış evinin tikintisi zamanı ona əmək haqqını, habelə tikinti materiallarına sərf olunan xərcləri İddiaçı ödəmişdir. X17 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, 2003-cü ildə Bakı şəhəri 1May Y\M döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində usta kimi işləmiş, həmin evin tikintisində çalışdığı zaman ona əmək haqqını və tikinti materiallarına sərf olunan xərcləri İddiaçı ödəmişdir. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, o, qardaşı İddiaçı inşa etdiyi evin prorabı olmuş, evin tikintisi başlayandan tamamlananadək tikintiyə nəzarət etmiş, qardaşının tapşırığı ilə ustaları dəvət etmiş, tikinti materiallarını sifariş vermiş, tikintinin bütün pulunu onun qardaşı Hikmət vermiş, 2004-cü ilin fevral ayında tikinti başlayıb 2006-cı ildə 2 mərtəbəli ev tikib qurtarmış, ev Himət ilə Leyla üçün tikilmişdir. Evin ustası Leylanın atasının qonşusu Əyyub adlı usta olmuşdur. Leylanın atası, qardaşı evin tikintisinə pul verməmiş, evi tikməmişlər. Evin tikintisi üçün tələb olunan materialları onlar açıq bazardan almış, tikinti materialları ilə bağlı onlara heç kim sənəd verilməmişdir. Hikmətin tikdirdiyi evdə Leyla, Hikmət və uşaqları yaşamışdır. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, dəmir qapılar, darvazalar düzəltməklə məşğuldur. 2005-2006-cı illərdə İddiaçı ona tikdirdiyi həyət evinin girişi qapısı üçün darvaza, çərçivə sifariş vermiş, onun ustaları darvazanı, çərçivəni həkimin həyətində, evində qurqşdırmışlar. Gördüyü işin pulunu ona Hikmət vermiş, Hikmətdən başqa o, tikintidə heç kimi görməmişdir. Onlar darvazanı quraşdırarkən evin tikintisi başa çatmışdır. Hazırda o, Hikmət həkimin onlara gördükləri işə görə verdiyi pulun məbləğini xatırlamır. Məhkəmə iclasında şahid X23 ifadəsində göstərmişdir ki, o, fəhlədir, Hikmət həkimin qardaşı təxminən 2004-2005-ci illərdə onu fəhlə kimi dəvət etmiş, o, Biləcəri yolundan sol tərəfdə yerləşən evin tikintisində fəhlə kimi yük boşaltmış, tapşırılan digər işləri görmüşdür. O, tikintiyə gələrkən evin birinci mərtəbəsinin tikintisi getmiş, tikintinin baş ustasının adı Yusif olmuş, evin tikintisinə Şahidlə Hikmət nəzarət etmiş, evin tikintisi üçün alınan materialları Şahid və ya Hikmət qəbul edib, pulunu vermiş, o, fəhlə kimi həmin materialları boşaltmış, ev Hikmət həkim üçün tikilmiş, o, tikintidə 1-2 ay işləmiş, onun pulunu Hikmət həkim və onun qardaşı Şahid vermişdir. Leylanın atası və qardaşı tərəfindən ona pul verməmişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, o, Hikmət həkimin evində təxminən 2004-2005-ci illərdə fəhlə kimi işləmiş, evin ünvanı dəqiq yadında deyil, təxminən evin Sulutəpədə Xirdalan yolu tərəfdə Ekologiya postunun yanında yerləşən evin arxa tərəfində yanacaq doldurma məntəqəsi də var idi. Ona fəhlə kimi gördüyü işin pulunu Əyyub adlı usta vermişdir. Əyyub ustaya pulu isə Hikmət həkim vermişdir. Tikintidə o, başqa adamın pul verməsini görməmişdir. İnşa olunan iki mərtəbəli evin sahibi kimi o, Hikməti bilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, İslam Səfərli küçəsində yerləşən lepka sexində fəhlə işləyir. 2005-2006-cı illərdə onun midiri Baxışın məsləhəti ilə Hikmət həkim onu 1 May küçəsində yerləşən evinin tikintisinə dəvət etmiş, o, həmin evdə alçıban, malyar, rəngsaz işlərini görmüş, onun pulunu Hikmət həkim vermişdir. O, inşa edilən iki mərtəbəli evdə 3-4 ay işləmişdir. Ona tələb olunan materialların siyahısını o, Hikmət həkimə vermiş, ona gördüyü işlərin pulunu Hikmət vermişdir. Malyar işinə görə Hikmət ona 700 ABŞ doları vermişdir. Hikmətdən başqa ona heç kim pul verməmişdir. O, Leylanı tikilidə iki dəfə görmüş, Xolun rəngini Leyla seçərək gəlincik rəngində istəmişdir. Leyla ilə Hikmətin evinin qonşuluğunda Leylanın atasının evinin yerləşməsini ona Leyla demişdir. Məhkəmə iclasında şahid X24 ifadəsində göstərmişdir ki, Hikmət həkimlə o, qonşusu Rüfətin vasitəsi ilə təxminən 2003-2004-cü illərdə tanış olmuş, Binəqədi rayonunda Rahat Marketin arxasında, yanacaqdoldurma məntəqəsinin yanında Hikmət həkimin 2 mərtəbəli ev tikdirməsini bilmişdir. O, həmin evdə beton işində işləmiş, onun pulunu Əyyub usta vermişdir. O, ev sahibi kimi Hikmət həkimi tanımış, Əyyuba pulun Hikmət həkimin verməsini bilmişdir. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərmişdir ki, o, İddiaçıla bir məktəbdə oxumuş, 2004-2005-ci illərdə Hikmət onu kafel ustası kimi evinə dəvət etmişdir. Evə gələrkən o, 2 mərtəbəli evin suvaq olunmasını görmüşdür. O, Hikmətlə birlikdə kafelləri seçmiş, xatırlayır ki, İspaniya istehsalı olan yaşıl rəngli kafel almışlar. O, Hikmətin evində yuxarıda hamama, aşağıda pilləkənin altına, sanuzelə, mətbəxə kafel vurmuş, aşağıda pilləkənin altına mozaikaya bənzər kafel vurmuşdur. Bir ay Hikmətin evində işləmiş, gördüyü işin pulunu ona Hikmət vermiş, Hikmət onun gördüyü işə nəzarət etmişdir. O, Hikmətin evinin Sumqayıt şossesi tərəfdə yerləşməsini, evin arxasında yanacaqdoldurma məntəqəsinin olmasını xatırlayır. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Cavabdeh2 Müstəcəb qızı onun bacısıdır. Onun atası özünə məxsus 6 sot torpağında əvvəl bir ev daha sonra ikinci evi tikdirmişdir. Əvvəl 3 saylı ev daha sonra 4 saylı ev tikilmişdir. Tikinti işlərini o, atası ilə birlikdə aparmış, həmin illərdə onun 25-26 yaşı olmuşdur. 2003-cü ildə onlar birinci evi tikmişlər. Həmin evdə birinci mərtəbədə 1 zal, mətbəx, bir yataq otağı, ikinci mərtəbədə 3 yataq otağı, hamam sanuzel vardır. İkinci evdə birinci mərtəbədə hol, zal, mətbəx, sanuzel, ikinci mərtəbədə sanitar qovşağı, 3 yataq otağı vardır. Usta kimi onlar qonşunu dəvət etmişlər. Evin qapı pəncərələrini onların şirkətinin ustaları quraşdırmışlar. Tikinti xərclərini onun atası çəkmişdir. O, indi 4 saylı evin tikintisinə sərf olunan məbləği bilmir. Ailənin yaxını kimi tikintiyə İddiaçı da ustaları tapıb dəvət etmişdir. Həmin vaxt atası onunla tikinti barədə ümumi söhbətlər aparmış, o, tikinti işlərində birbaşa iştirak etməmiş, tikintiyə nəzarət etməmiş, tikintiyə nəzarəti atası etmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, o, Müstəcəbin şirkətində işləyir. 2004-2005-ci illərdə Müstəcəb qızına ev tikməsini demişdir. Müstəcəbin evinin yanında yerləşən evdə o, Əjdər usta ilə birlikdə Müstəcəbin dediyi pəncərələri quraşdırmışdır. Həmin vaxt ona əmək haqqını Müstəcəb vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6997 saylı rəyindən müəyyən olunur ki, tədqiqat ünvan 8 ünvanında inşa olunan fərdi yaşayış evi üzrə aparılmışdır. Tədqiq olunan ünvan 8 ünvanına baxış keçirilən zaman həyətyanı torpaq sahəsinin daxilində iki yaşayış evinin və hər biri iki mərtəbəli yaşayış evinin olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında tədqiq olunan yaşayış evinin layihəyə uyğun inşa olunduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan B literli yaşayış evinin qarşısında yaşayış evinə bitişik vəziyyətdə tikililərin əlavə tikililərin inşa olunduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evində aparılan tikinti-təmir və yenidən quraşdırma işləri ekspert tərəfindən, fərdi yaşayış evinə baxış zamanı aparılmış müşahidələrə və tərəflərin sözlərinə əsasən müəyyən olunmuşdur. Qeyd olunur ki, tədqiq olunan fərdi yaşayış evinin təmiri yaxşı təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 8 ünvanında inşa olunmuş B literli yaşayış evində aparılmış müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 m2 sahəyə təqribən 600 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq fərdi yaşayış evinin inşa olunmasına 150240 manat (250,7x600) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ər-arvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti isə ərarvadın ümumi vəsaitinin daşınmaz əşyada maddiləşmiş formasıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 atası X2 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, Sumqayıt şossesi kənarında Rifah BC-nə məxsus olan sahədən 600 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ünvan 9 ünvanında iki ədəd təcrid olunmuş fərdi yaşayış evləri inşa edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, X5 məhkəməyə müraciət etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2200/2005 saylı qətnaməsinə əsasən təmin edilərək X1, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir. Cavabdehlər etirazlarında ünvan 8 ünvanında inşa olunmuş B literli yaşayış evinin mərhum X2 məxsus vəsait hesabına inşa edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatı, şahid ifadələri, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında inşa olunmuş B literli yaşayış evi İddiaçı və Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilmiş, fərdi yaşayış evinin inşa edilməsi üçün ustaları, fəhlələri İddiaçı dəvət etmiş, görülən işlərin dəyərini, alınan tikinti materiallarının dəyərini İddiaçı ödəmişdir. Bu səbəbdən də M.A. Zahirov ərizə ilə məhkəməyə müraciət etmiş, ailə üzvləri ilə birlikdə İddiaçı da, həmin ünvana yayış hüququnun tanınmasını, qeydiyyata alınmasını məhkəmədən xahiş etmiş və onun müraciəti təmin edilmişdir. Məhkəmə iddiaçının vəsatəti əsasında dindirilən şahidlərin ifadələrinə münasibət bildirib qeyd edir ki, 2003-2006-cı illərdə aparılan tikinti işlərinin ünvanını şahidlərin xatırlamaması müddət baxımından təbii haldır. Eyni zamanda bu şahidlər hər biri tikintiyə iddiaçı tərəfindən dəvət olunmalarını, gördükləri işin dəyərinin onlara iddiaçı tərəfindən ödənilməsini, tikintidə sərf olunan materialların iddiaçı tərəfindən şifariş edilərək alınmasını, onlara iddiaçıdan başqa hər hansı bir şəxsin pul vermədiyini təsdiq etmişlər. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibət bildirib qeyd edir ki, cavabdehlərdən birinin oğlu, digərinin qardaşı olan İ.M.Zahirov hər iki evin mərhum atası və onun tərəfindən inşa olunmasını bildirsə də, daha sonra ifadəsini dəyişib tikinti işlərində birbaşa iştirak etmədiyini, tikintiyə nəzarət etmədiyini bildirmişdir. Şahid N.V.Hümbətov isə B literli yaşayış evində yalnız pəncərələri quraşdırmasını, buna görə ona işlədiyi şirkətdən əmək haqqı verilməsini bildirmişdir. Məhkəmə tərəflərin ünvan 8 ünvanında inşa olunmuş B literli yaşayış evinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, X2 ayrılan torpaq sahəsində inşa edildiyindən, X1 arvadı olan Cavabdeh1 halhazırda həmin evdə yaşaması səbəbindən onun da iddia tələbləri üzrə cavabdeh olmasına dair dəlillərinə münasibət bildirib qeyd edir ki, istinad olunan sərəncama əsasən ayrılan torpaq sahəsi Cavabdeh1 adına keçirilmədiyindən, cavabdehlərin hər ikisi M.A.Zahirovun birinci dərəcəli vərəsələri siyahısına daxil olduqlarından, məhkəmə araşdırması zamanı B literli yaşayış evinin İddiaçıla Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilməsi, bu evdə İddiaçıla L.M. Bayramovanın ailə nikah münasibətləri pozulanadək, yalnız sonuncuların öz övladları ilə yaşaması, həmin torpaq sahəsində M.A.Zahirovun özü tərəfindən, öz ailəsi üçün başqa bir evinin inşa edilməsi müəyyən olunduğundan Cavabdeh1 İddiaçı iddia tələbləri üzrə cavabdeh ola bilməz. Bu səbəbdən də bu cavabdehin iddia tələblərinə iddia müddətinin təbiqi barədə ərizəsi də əsassızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı ünvan 8 ünvanında inşa olunmuş B literli yaşayış evinin İddiaçıla Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilməsi, evin inşasına 150240 manat sərf edilməsi müəyyən edildiyindən, iddiaçı bu vəsaitin 150000 manat olmasını iddia etdiyindən, Cavabdeh2 işləməsi və ya mülkiyyətində nəqliyyat vasitələrinin olması halı tərəfərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü aparılarkən bölgünün bərabər aparılmaması üçün əsas ola biləcək hal olmadığından iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə 75000 manat alınaraq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 75000 manat Bayramov Hı̇ kmət Xalı̇ d oğlunun xeyrinə tutulsun. Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Bayramov Hı̇ kmət Xalı̇ d oğlundan ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar