Məhkəmə qərarları › İş №2(001)-3029/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3029/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3029/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş avtonəqliyyat vasitəsinin hərracda satılması və əldə olunmuş pul vəsaitinin mülkiyyətçiləri arasında paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına rəsmiləşdirilmiş “Renault Megane” markalı, 2010-cu il buraxılışlı, tip universal, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında bərabər surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 avqust 2007-ci ildə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahları Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsində 982 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 28 fevral 2009-cu il tarixdə X4 və 03 aprel 2011-ci il tarixdə X3 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(001)-1707/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşaq onun himayəsində qalması müəyyən edilmişdir. 28 avqust 2007-ci ildən birgə yaşadıqları dövrdə onlar “Renault Megane minik” markalı (buraxılış ili 2010-cu il), **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(001)-4884/2020 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Cavabdeh məxsus “Renault Megane” minik markalı AZ **-RK-*** qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı avtomobilin üzərində İddiaçı ½ (ikidə bir) hissədə mülkiyyət hüququ tanınmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəciyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, tərəflərin birgə nikahı dövründə 2010-cu il buraxılışlı Renault Megane minik markalı avtomobil alınmışdır. Tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh məxsus Renault Megane minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququ tanınmış və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehə avtomobilin bazar qiymətinə satılaraq onlar arasında bölünməsi barədə yazılı təklif də ünvanlamış, lakin cavabdeh bununla bağlı heç bir münasibət bildirməmişdir. Avtomobilin hazırki bazar dəyəri 11-12 min manatdır. İddiaçı cavabdeh tərəfindən ona 6000 manat kompensasiya ödənilərsə, avtomobilin cavabdehin mülkiyyətində qalmasına razıdır. Bu barədə məhkəməyə ərizə təqdim etmiş və onların cavabdehə təklifləri kimi qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, 2010-cu il buraxılışlı Renault Megane minik markalı avtomobil birgə nikah dövründə alınmış və Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin avtomobil üzərində ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Avtomobilin dəyəri azdır. Cavabdeh iddiaçıya 6000 manat kompensasiya məbləği ödəməyə razı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4884/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi ilə əmlakın bölünməsi” tələbi barədə iddiası qismən təmin edilməsi, Cavabdeh məxsus “Renault Megane” minik markalı, AZ **-RK-*** qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı avtomobilin üzərində İddiaçı ½ (ikidə bir) hissədə mülkiyyət hüququ tanınması, iddia qalan hissədə rədd edilmiş və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əövəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Həmin qətnamənin iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh 28 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 28 fevral 2009-cu il təvəllüdlü X4 və 03 aprel 2011-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(001)-1707/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların analarının yanında saxlanmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 05 fevral 2020-ci il tarixli məktubundan və məktuba qoşma edilmiş çıxarışdan görünür ki, “Renault Megane” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 dekabr 2018-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2007-ci il tarixində rəsmi nikah bağlanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(001)-1707/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4884/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh məxsus “Renault Megane” minik markalı, AZ **-RK-*** qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı avtomobilin üzərində İddiaçı ½ (ikidə bir) hissədə mülkiyyət hüququ tanınmışdır.

13. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına rəsmiləşdirilmiş “Renault Megane” markalı, 2010-cu il buraxılışdı, tip universal, **- RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında bərabər surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Əvvəli məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X1 məhkəməyə ərizə verərək İddiaçı Cavabdeh “Renault Megane” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət payı olaraq 6000 manat kompensasiya ilə cavabdehin mülkiyyətinə verilməsinə razı olmuşdur, lakin cavabdeh iddiaçıya 6000 manat kompensasiya ödəməyə razı olmamışdır. Tətbiq edilən hüquq:

15. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

16. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

17. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

18. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

19. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

20. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

27. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

28. İşin hallarından görünür ki, tərəflərin ümumi mülkiyyəti olan daşınar əmlak üzərində bərabər həcmdə payları müəyyən edilmişdir, iddianın obyektinin naturada bölünməsi fiziki cəhətdən mümkün deyildir, iddiaçının özünə ödənilməsini təklif etdiyi kompensasiya məbləğinə cavabdeh razılıq verməmişdir.

29. Odur ki, iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı ilə müəyyən edilmiş əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formasına əməl etdiyindən, onun əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə:

30. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş avtonəqliyyat vasitəsinin hərracda satılması və əldə olunmuş pul vəsaitinin mülkiyyətçiləri arasında paylara uyğun bölünməsi” barədə iddiası təmin edilməli, Cavabdeh adına rəsmiləşdirilmiş “Renault Megane” markalı, 2010-cu il buraxılışlı, tip universal, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun olaraq bərabər surətdə bölüşdürülməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh adına rəsmiləşdirilmiş “Renault Megane” markalı, 2010-cu il buraxılışlı, tip universal, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın və satışdan əldə edilmiş pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında bərabər surətdə bölünsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar