Məhkəmə qərarları › İş №2(001)-303/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-303/2022

13.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-303/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Etibarlı MTK-ya qarşı müqavilənin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Etibarlı MTK-ya qarşı müqavilənin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Q.Vəliyev küçəsi 13 saylı evin 6 saylı mənzili 12.05.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və onun mülkiyyətində olmuşdur. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 07.05.2018-ci il tarixli 63 saylı sərəncamına əsasən İddiaçılə Etibarlı MTK arasında 02.03.2019-cu il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Q.Əliyev küçəsi 13 saylı evin 6 saylı mənzilinə dair mülkiyyət hüququndan Etibarlı MTK-nın xeyrinə imtina etmiş və bunun müqabilində MTK iddiaçını ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-cı binasının 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 61,3 m2 olan tam təmirli 2 otaqlı 7 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə, yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icraçı 14 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə bağlandığı gündən ən geci 24 ay müddətində mənzili tikib, təmir edib, təhvil vermək və sifarişçiyə hər üç aydan bir tikinti başa çatana qədər 300 manat əlavə kirayə haqqı ödəməyi, əgər tikintinin başa çatması müəyyən səbəblərdən gecikərsə sifarişçi evə köçənədək hər ay 300 manat kompensasiya ödəmək icraçının vəzifələri kimi müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və lazımınca icra edilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə (dəymiş ziyanın və əldən çıxmış gəlirlərin əvəzinin) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilə üzrə hər hansı bir öhdəliyin pozulması tərəflərə müqavilənin digər şərtlərinin pozulması və həmin pozuntulara görə nəzərdə tutulmuş məsuliyyətin yaranmaması üçün əsas vermir. İddiaçılə Etibarlı MTK arasında müqavilə 02.03.2019-cu il tarixdə bğlanmış və cavabdeh müqavilənin 2.2.4-cü bəndinə əsasən l4 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə bağlandığı gündən ən geci 24 ay müddətində mənzili tikib, təmir edib, təhvil verməyi öhdəsinə götürsə də, həmin vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq, binanın tikintisi nəinki başa çatmamış, iddiaçı məhkəməyə müraciət edənədək tikinti işləri hələ də başlanmamışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə müqavilənin müddəti bitməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Əgər mənzil nəzərdə tutulan 24 ay müddətində 02.02.2021-ci il tarixinədək tikilsəydi, iddiaçı hal-hazırda həmin mənzildə yaşayar və kiraydə yaşamaq məcburiyyətində qalmazdı. İddiaçı məhkəməyə müraiət etdikdən sonra tikintiyə başlayan cavabdehin tikinti-təmir işlərini nə vaxt tamamlayacağı da məlum olmadığından iddiaçı hələ bundan sonra daha 2-3 il müddətində ailəsi ilə birlikdə kirayə yaşamaq məcburiyyətində qalmalıdır. İddiaçı isə ailə vəziyyəti ilə əlaqədar bundan sonra da kirayə yaşaya bilməz. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Q.Əliyev küçəsi 13 saylı evin 6 saylı mənzilinin real dəyərinə uyğun dəyərinin ona ödəməsini tələb etsə də, cavabdeh pulu qaytarmaqdan və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. İddiaçının mülkiyyətində olan mənzilin qonşuluğunda cavabdeh tərəfindən başqa tikilmiş yaşayış kompleksi olsa da, cavabdeh həmin mənzilləri satışa çıxarsa da, boş mənzillərdən birini iddiaçının sökülmüş mənzilinin əvəzinə verməkdən belə imtina edir. İddiaçı 2 müqavilə üzrə üzərinə düşən öhdəklikləri lazımınca yerinə yetirmiş, lakin hal-hazırda həmin binada tikinti işlərinin nə vaxt tamamlanacağı məlum deyildir. Başqa yaşayış sahəsi olmayan iddiaçının oğlu ailə qurduğundan yeni ailə quran gənclər də kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Cavabdehin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksində mənzillərin tam təmirli 1 m2 hissəsini 2000 manata satışa çıxarmasını nəzərə alaraq, ümumi sahəsi 61,3 m2 olan mənzilin dəyəri 122600 manat təşkil edir. Cavabdeh tərəfindən ödənilən 300 manat kirayə haqqına iddiaçı ailəsi ilə birlikdə təmirsiz mənzildə kirayə yaşadığından evdə vəziyyət dözülməz həddədir. Başqa təmirli mənzildə kirayə yaşamaq üçün əlavə vəsait tələb edilir. İddiaçı rəsmi qaydada 17.05.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona ünvan 2 ünvanında Etibarlı MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində tikintisi basa çatmış, halhazırda satışa çıxarılmış mənzillərdən ümumi sahəsi 61,3 m2 olan tam təmirli 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsini təmin edilməsini, əks halda ünvan 2 ünvanında, inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının, 1-ci blokunun, 4-cü mərtəbəsindəki ümumi sahəsi 61., m2 olan tam təmirli mənzilin dəyəri olan 122600 manat pul vəsaitinin ona ödənilməsinin təmin olunmasını xahiş etmiş, lakin həmin vaxtdan 45 gündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh onun müraciətinə cavab belə verməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və ailə üzvlərinin mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir ki, iddiaçı həmin mənəvi zərərin məbləğini 10000 manat məbləğində qiymətləndirir. Müqavilə ləğv olunduğu halda qətnamə icra olunub iddiaçının yaşayış sahəsi ilə təmin edilənədək hər ay ödənilməli olan 300 manat kirayə haqqı iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənzilindən məhrum olmuşdur. Bundan başqa iddiaçıya cavabdehin nümayəndələri tərəfindən verilmiş sxemə əsasən MTK-nın inşa etdiyi 2 otaqlı mənzilin sahəsi 76,81 m2 təşkil edir. Cavabdehin başqa sakinlərlə olan məhkəmə çəkişmələrinin iddiaçı ilə bağladığı müqavilə öhdəliklərinin icrası ilə heç bir bağlılığı yoxdur. Cavabdeh tərəfindən binanın inşasının 2022-ci ilin iyun-iyul aylarında tamamlayacağı da inandırıcı deyildir. Ona görə də İddiaçı ilə Etibarlı MTK arasında bağlanmış 02.03.2019-cu il tarixli müqavilənin ləğv edilməsinə, bu müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Q.Əliyev küçəsi 13 saylı evin 6 saylı mənzinin sökülərək, əvəzində icraçının iddiaçıya ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının, 1-ci blokunun, 4-cü mərtəbəsindəki ümumi sahəsi 61,3 m2 olan tam təmirli 2 otaqlı 7 saylı mənzili verməyi öhdəsinə götürdüyündən, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya verilmiş sxemə uyğun olaraq mənzilin sahəsinin 76,81 m2 hesablanmaqla maddi ziyana görə 153620 manatın, Etibarlı MTK tərəfindən öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədiyinə görə dəymiş mənəvi ziyana görə 10000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun Etibarlı MTK-dan İddiaçı xeyrinə tutulmasına, qətnamə tam olaraq icra olunan günədək müqavilənin şərtlərinə uyğun olaraq hər ay 300 manat kirayə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh müqavilənin şərtinə əsasən ən geci 24 aya mənzili tikib ona təhvil verəcəyini öhdəsinə götürsə də, bu öhdəliyini icra etməmişdir. O, uzun müddətdir ki, ailəsi ilə birlikdə mənzilinin tikilib təmir edilərək ona təhvil verilməsini gözləyir. Artıq cavabdeh tərəfindən mənzilinin qısa müddət ərzində tikilib, təmir edilərək ona təhvil verilməsinə inanmır. Gözləməyin mənasız olması görüb oğlunu evləndirmiş, yeni ailə quranların yaşamaları üçün hər ayı 350 manat olmaqla kirayə mənzil tutumuşdur. Özü ailə üzvləri ilə birlikdə təmirsiz, şəraiti olmayan mənzildə kirayədə yaşamaq məcburiyyətindədir. Çünki cavabdehin verdiyi kirayə haqqına yalnız belə mənzilin kirayələnməsi mümkündür. Cavabdehə inşası artıq başa çatan binada ona mənzil verilməsini təklif etsə də, cavabdeh onun təklifləri ilə razılaşmamışdır. Cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində o, ailə başçısı kimi maddi ziyanla yanaşı mənəvi iztirablar, sarsıntılar da keçirmişdir. Ona görə də iddia ərizəsinin tam həcmdə təmin edilməsini xahiş edir. Məkəmə iclasında cavabdeh Etibarlı MTK-nın nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassız olmaqla iddia tələbi düzgün qoyulmamışdır. Etibarlı MTK hər zaman müqavilə bağladığı şəxslərlə hər hansı mübahisənin yaranmasının əleyhinə olmuşdur. Hazırki İddiaçılə də mübahisənin məhkəmədən kənar həlli üçün çalışılsalar da müsbət nəticə əldə edə bilməmişlər. Lakin bu hal hazırki müqavilə üzrə öhdəliklərini icra etməyəcəkləri mənasına gəlməməkdədir. İddiaçıya nəzərdə tutulan ünvanda mənzil verilməsini öhdəlik kimi MTK üzərinə götürmüş və bu öhdəliyi icra edib qurtarana qədər hər ay iddiaçıya kirayə haqları ödənilir. Hal-hazırda da həmin kirayə haqları iddiaçıya ödənilmək davam etdirilir. Hazırkı vəziyyət bilavasitə Etibarlı MTK-nın maddi cəhətdən ciddi sıxıntılara düşməsinə səbəb olur. Mənzil sahibi olmaq istəyən sakinlərin sayı olduqca çoxdur. Belə olan halda binanın tez bir zamanda tikilib təhvil verilməsində elə MTK özü də maraqlıdır və ən qısa vaxt ərzində bu proses MTK tərəfindən yekunlaşdırılacaqdır. Sözügedən ərazidəki mənzil sakinləri ilə MTK arasında uzun müddət məhkəmə çəkişməsi olmuşdur. Sakinlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarının və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 07.05.2018-ci il tarixli, 63 nömrəli sərəncamının icra edilməsinə əngəl yaratmış və maneəçilik törətmişlər. Suraxanı Rayon Məhkəməsinin qərardadından göründüyü kimi mənzil sakini olan şəxsin tikintiyə müdaxiləsi və tikintinin gedişatına süni maneələr törətməsi səbəbindən məhkəmə mübahisəsi başlanılmışdır. Yaranmış situasiya isə sözün əsl mənasında cavabdeh olaraq Etibarlı MTK-nı olduqca çətin vəziyyətə salmaqdadır. Suraxanı rayon İcra Hakimiyyətinin göstərişi əsasında ərazi MTK-ya ayrılmış, vətəndaşların əksəriyyəti ilə köçürülmə ilə bağlı müqavilə bağlanmış, lakin bir neçə vətəndaş MTK-dan əsassız pul tələb ediklərindən və tikintinin gedişinə mane olurlar. MTK da məsələlərin hüquq çərçivəsində həlli üçün məhkəmə yolu ilə həmin sakinlərin tikintiyə müdaxiləsini dayandırıb tikinti işlərini davam etdir, lakin bu səfər də hazırki iddiaçı kimi sakinlər müqavilə üzrə göstərilən müddətin keçdiyini bildirərək MTK-dan pul tələb edir. Pandemiyada tikinti işlərinin vaxtında aparılmasına manelər yaratmış, işçilərin sayı azaldılmışdır. Ərazidə heç bir tikinti işlərinin aparılmaması ilə bağlı iddia ərizəsində qeyd olunanlar 5-6 ay əvvəlki vəziyyəti təsvir edir. Hazırda ərazidə binanın təməli qoyulmuş, tikinti işləri sürətlə davam edir, artıq 5-ci mərtəbə inşa edilir, 2022-ci ilin iyun-iyul aylarına tikintinin başa çatdırılması, təmir işlərinə başlanılması planlaşdırılır. MTK olaraq tikinti işləri hər hansı süni maneə olmadıqda olduqca sürətli davam edir və MTK-nın daha əvvəlki binaları da olduqca tez bir zamanda təhvil verilmişdir. Bir sözlə MTK üzərinə götürdüyü öhdəliyi tam formada yerinə yetirərək mənzili iddiaçıya təhvil verənədək kirayə haqınını da ona ödənilməsini davam etdirəcəkdir. İddiaçının hazırda MTK-dan 122600 manat tələb edilməsinin hər hansı bir hüquqi tərəfi mövcud deyildir. Müqavilə ləğv olunduğu təqdirdə iddiaçının MTK-dan tələb edə biləcəyi yeganə pul məbləği ünvan 3 ünvanındakı, ümumi sahəsi 43,2 m2 olan qəzalı vəziyyətdə və istismara yararsız olan mənzilinin dəyəri ola bilər. İddiaçının cavabdehdən ona veriləcək mənzilin məbləğini tələb etməsi qəbul edilməzdir. Pilot layihə çərçivəsində həyata keçirilən xidmət sahəsində istismara yararsız mənzillərin sökülərək sakinlərə yeni və təmirli binaların verilməsi nəzərdə tutulur. İddiaçı məxsus olan Qəzənfər Vəliyev küçəsi 13 mənzil 6 ünvanındakı mənzilin real bazar dəyəri müəyyən edilməlidir. İddiaçı əgər müqavilənin ləğv olunmasını tələb edirsə müqavilə bağlanmazdan əvvəlki hüquqi vəziyyət bərpa olunmalıdır. İddia ərizəsinin əsassız və tələbin heç bir istinad mənbəyinin olmamasını göstərən digər bir fakt isə guya MTK-nın sözügedən 14 mərtəbəli binada təmirli mənzilin hər m2 2000 manatdan satmasının qeyd olunması ilə bağlıdır. MTK hazırda həmin binadan tam təmirli mənzili satacağı təqdirdə hər m2 1150 manata satacaqdır. Belə olan halda iddiaçının iddia ərizəsinin təmin olunması üçün hər hansı bir sübut əhəmiyyətli faktın olmaması görünür. İddia tələbinin bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə istinad etməsi də başa düşülən deyildir. Həmin müddəada qeyd olunur ki, 14 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə bağlandığı gündən ən geci 24 ay müddətində tikib, təmir edib təhvil vermək. İddiaçı isə bu maddəyə əsaslanaraq həmin müddətin artıq keçdiyini bildirir. Mübahisələndirilən müqavilə kompensasiya müqaviləsidir. Maddədə əks olunan 14 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə isə bütün sakinlər binalardan çıxarıldıqdan sonra tikintinin başlanılmasını nəzərdə tutmaqdadır. Müqavilədə nəzərdə tutulan müddətin başlanılmasına dair müqavilə hazırki müqavilə deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi sxem və buklet Etibarlı MTK-ya məxsus deyildir. Məhkəmənin hansı qərar qəbul etməsindən asılı olmayaraq Etibarlı MTK 2022-ci ilin iyin-iyul aylarında mənzili İddiaçı təhvil verəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Şifarişçi İddiaçı ilə icraçı Etibarlı MTK arasında 02.03.2019-cu il tarixdə bağlanmış müqavilənin 1-ci bəndindən müəyyən olunur ki, şifarişçi ona məxsus olan ünvan 4 ünvanında yerləşən 6 saylı ümumi sahəsi 43,2 m2 olan mənzilə mülkiyyət hüququndan icracının xeyrinə imtina etmiş, icraçı isə əvəzində ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının 1-ci blokunun, 4-cü mərtəbəsindəki ümumi sahəsi 61,3 m2 olan tam təmirli 2 otaqlı 7 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə yaşayış, yardımçı sahələr daxildir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən şifarişçiyə 14 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə bağlandığı gündən ən geci 24 ay müddətində tikib, təmir edib təhvil vermək və şifarişçiyə hər üç aydan bir tikintisi başa çatana qədər aylıq 300 manat kirayə haqqı ödəmək icraçının vəzifəsidir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin pozulması və icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə hər hansı bir öhdəliyin pozulması tərəflərə müqavilənin digər şərtlərinin pozulması və həmin pozuntulara görə nəzərdə tutulmuş məsuliyyətin yaranmaması üçün əsas vermir. İddiaçı və nümayəndəsi və vəkili Vəkil Etibarlı MTK-ya ünvanladıqları pretenziyalardan müəyyən olunur ki, şifarişçi icraçıya 02.03.2019-cu il tarixli müqavilənin 2.2.4-cü bəndinə əsasən 14 mərtəbəli yaşayış kompleksinin tikintisinə dair müqavilə bağlandığı gündən ən geci 24 ay müddətində tikib, təmir edib, təhvil verməyi öhdəsinə götürsə də, həmin vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq, binanın tikintisinin nəinki başa çatmaması, tikinti işlərinin hələ başlamamasını, icraçının müqavilə öhdəliklərinin vaxtında icra etməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını bildirib, ünvan 1 ünvanında Etibarlı MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində tikintisi başa çatmış, hal-hazırda satışa çıxarılmış mənzillərdən ümumi sahəsi 61,3 m2 olan tam təmirli 3 otaqlı mənzilin ona təhvil verilməsinin təmin edilməsini, bu münkün olmadığı halda ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının 1-ci blokunun, 4-cü mərtəbəsindəki ümumi sahəsi 61,3 m2 olan tam təmirli mənzilin dəyəri olan 122600 manatın ona ödənilməsinin təmin edilməsi təklif etmiş, əks halda müqavilənin ləğvi və pul tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli 2(010)-4222\2021 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Etibarlı MTK-nın iddianın təmin edilməsinə dair ərizəsi təmin edilərək cavabdeh X1 Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yaşar Əliyev küşəsi 1 ünvanında aparılan tikinti işlərinə süni maneələr yaratması və tikintiyə müdaxilə etməsi qadağan edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi MMC-nin 04.11.2021-ci il tarixli hesabatından müəyyən olunur ki, ünvan 5 ünvanında cavabdeh (Etibarlı MTK) tərəfindən inşa olunan 14 mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 61,3 m2 olan 2 otaqlı tam təmirli mənzilin real bazar dəyəri (1 m2 – 1500 manat) 91950 manat təşkil edir. Hesabatdan daha sonra müəyyən olunur ki, ünvan 6 küçəsi 13 saylı evin 6 saylı mənzilinin mövcud olmadığından (söküldüyündən) real bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Hesabatdan daha sonra müəyyən olunur ki, ünvan 6 küçəsi 13 saylı ev ünvanında (həmin ərazidə) sahəsi 43,2 m2 olan qəzalı vəziyyətdə olan mənzillərin dəyəri 65000- 70000 manat arasında dəyişir. Hesabatdan daha sonra müəyyən olunur ki, ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 76,81 m2 yaşayış sahəsi 61,3 m2 olan 2 otaqlı tam təmirli mənzilin dəyəri 2019-cu ildə real bazar qiyməti (1 m2 – 1300 manat) 99853 manat təşkil etmişdir. Hesabatdan daha sonra müəyyən olunur ki, ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksində 2-ci binasının 1-ci blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 76,81 m2 yaşayış sahəsi 61,3 m2 olan 2 otaqlı tam təmirli mənzilin dəyəri (1 m2 – 1500 manat) 115215 manat təşkil edir. Hesabatdan daha sonra müəyyən olunur ki, aparılmış qiymətləndirmənin dəyəri 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4.-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5.-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən sifarişçi olan iddiaçı ona məxsus olan ünvan 4 ünvanında yerləşən 6 saylı ümumi sahəsi 43,2 m2 olan mənzilə mülkiyyət hüququndan icracı olan cavabdehin xeyrinə imtina etmiş, icraçı isə əvəzində ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış kompleksinin 2-ci binasının 1-ci blokunun, 4-cü mərtəbəsindəki ümumi sahəsi 61,3 m2 olan tam təmirli 2 otaqlı 7 saylı mənzili müqavilə bağlandıqdan sonra ən geci 24 ay keçənədək tikib, təmir edib sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı öhdəliklərini icra etsə də, cavabdeh bu müqavilə ilə müəyyən olunan müddət ərzində mənzili tikmək, təmir edib iddiaçıya təhvil vermək öhdəliyini icra etməmişdir. Cavabdehin müqavilə öhdəliklərinin icrasını pozması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümüd etdiyindən, yəni müqavilə bağlandıqdan ən geci 24 ay sonra özünün və ailəsinin mənzillə təmin olunmaq imkanından, hüququndan məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissəhissə birtərəfli imtina etdikdə. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin bağladığı müqaviləni əhəmiyyətli dərəcədə pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddiaçının 02.03.2019-cu il tarixli müqavilənin ləğv edilməsinə dair tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə cavabdehin nümayəndəsinin müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinin səbəbi kimi bəzi sakinlərin tikintiyə mane olması, pandemiya ilə bağlı işlərin dayandırılması ilə bağlı etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, məhkəməyə təqdim edilən qərardadda cavabdeh tərəfindən ünvan 5 ünvanında deyil, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yaşar Əliyev küşəsi 1 ünvanında aparılan tikinti işləri ilə bağlı maneələrin mövcud olması müəyyən olunduğundan, cavabdeh tərəfindən pandemiya ilə bağlı işlərin dayandırılmasına, işçilərinin sayının azaldılmasına dair sübutlar məhkəməyə təqdim etmədiyindən məhkəmə, bu halları cavabdehin bəhanəsi olaraq qiymətləndirir. Məhkəmə cavabdehin nümayəndəsinin tikinti işlərinin 2022-ci ilin iyun-iyul aylarında tamamlanacağı ilə bağlı etirazında istinad etdiyi hala münasibət bildirib qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən aparılan tikinti işləri ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, araşdırma zamanı faktiki olaraq görülmüş işlərin həcmini, aparılan işlərin intensivliyini, cavabdehin hansı əsasdan bu qənaətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Müqavilənin ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan, tərəflər arasında bağlanan müqaviləyə əsasən, iddiaçı ünvan 5 ünvanında cavabdeh Etibarlı MTK tərəfindən inşa olunan 14 mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 61,3 m2 olan 2 otaqlı tam təmirli mənzili əldə etməli olduğundan, iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ünvan 5 ünvanında Etibarlı MTK tərəfindən inşa olunan 14 mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 61,3 m2 olan 2 otaqlı tam təmirli mənzilin real bazar dəyərinin 91950 manat olması müəyyən edildiyindən məhkəmə maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 91950 manatın tutlması, iddia tələbinin maddi ziyanla bağlı qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, özünün və ailəsinin mənzil şəraitinin yaxşılaşdırması üçün bağladığı müqavilə üzrə qarşı tərəfin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının əsəb, sters, ümidsizlik, inamsızlıq, narahatlıq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1000 manat tutulmasını məhkəmə ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının qətnamə tam icra olunan günədək müqavilənin şərtlərinə uyğun olaraq hər ay 300 manat kirayə haqqının cavabdeh tərəfindən ona ödənilməsi tələbini də əsaslı hesab edib təmin edir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində vaxtında yaşayış sahəsi ilə təmin edilmək hüququndan məhrum olmuş, onun bu pozuntunun aradan qaldırılması, mübahisənin öz aralarında həll edilməsi ilə bağlı cavabdehə etdiyi təkliflər isə sonuncu tərəfindən araşdırılmamış, qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Şifarişçi İddiaçı ilə icraçı Etibarlı MTK arasında 02.03.2019-cu il tarixdə bağlanmış müqavilə ləğv edilsin. Etibarlı MTK-dan maddi ziyana görə 91950 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 92980 manat İddiaçı xeyrinə tutulsun. Etibarlı MTK tərəfindən hazırkı qətnamə tam icra olunanadək kirayə haqqına görə hər ay 300 manat Etibarlı MTK-dan İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar