Məhkəmə qərarları › İş №2(001)-3030/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3030/2020

28.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3030/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci ildə onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, xx xxxxxx 2017-ci il tarixədək 9720 manat pulu hər ay 405 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin kredit müqaviləsi Cavabdehla aralarında şifahi olaraq bağlanılan alqı-satqı müqaviləsinin təminatı olaraq bağlanılmışdır. Belə ki, o, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə VAZ 21214 markalı (Niva) **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili 6200 manata almış, lakin faizi ilə birlikdə cəmi 9720 manat pulu hər ay 405 manat olmaqla ödəyəciyini şifahi olaraq razılaşmışlar. O, ilkin ödəniş qismində 1300 manat pulu Cavabdeh ödəmiş, Niva markalı avtomobil ona Cavabdeh qohumu X1 tərəfindən verilən nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə vasitəsilə verilmişdir. Bundan təxminən 10 gün sonra o, istifadəsində olan Niva markalı avtomobil ilə yol nəqliyyat qəzası törətmiş və avtomobili öz hesabına təmir etdirdikdən sonra Cavabdeh özünə şifahi razılığa əsasən qaytarmışdır. Niva markalı avtomobilin əvəzinə BMW markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh almışdır. Bundan sonra həmin borcun təminatı olaraq aralarında yuxarıda göstərilən kredit müqaviləsini notariusda rəsmiləşdirmişlər. İddiaçı 8 ay ödəniş etdikdən sonra Cavabdeh aldığı BMW markalı avtomobili şifahi razılığa əsasən qalan borcun müqabilində özünə qaytarmış və aralarında olan öhdəliyin ləğv olunduğuna əmin olmuşdur. Təxminən 2019-cu ilin noyabr ayının sonunda ona məlum olmuşdur ki, Cavabdeh 2017-ci il tarixdə ona qarşı 9720 manat pulun tələb edilməsi haqqında Ağdam rayon məhkəməsində iddia qaldırmış, həmin iddiadan xəbəri olmadığından məhkəmə qətnamə çıxararaq 8100 manat pulun ondan tutulması barədə qiyabi qətnamə qəbul etmişdir. Cavabdehlə aralarında kredit münasibətləri deyil, alqı-satqı münasibətləri olmuşdur. Göründüyü kimi, Cavabdehla aralarında guya faizsiz olaraq bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi başqa müqaviləni pərdələmək üçün bağlandığından həmin kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, xx xxxxxx 2015-ci ildə onunla İddiaçı arasında kredit müqaviləsi real olaraq bağlanmış, hər hansı başqa əqdi pərdələmək xarakteri daşımamışdır. O, özünə məxsus olan maşını satmaqla iddiaçıya pul vermiş və bu borcu notarial qaydada təsdiqlətmişdir. Həmin müqavilədən irəli gələn öhdəlik icra edilmədiyindən məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. İddiaçı həmin prosesi uzatmaq məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış reyestrdə 3“M”2-60 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il müddətinə 9720 manat faizsiz kredit (hər ay 405 manat qaytarmaq şərti ilə) verilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələgəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görəmüqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Eyni Məcəllənin 331.1-ci maddəsinə görəyazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Eyni Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Bu məqamda qeyd edilməlidir ki, kredit müqaviləsinin başqa əqdi pərdələmə nəticəsində bağlanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada kredit müqaviləsinin başqa əqdi pərdələmək nəticəsində bağlanmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfin bununla bağlı təqdim etdiyi yeganə sübutu nümayəndəsinin (vəkilinin) izahatı olmuşdur ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının kredit müqaviləsinin başqa əqdi pərdələmək nəticəsində bağlanması ilə bağlı ərizədə bildirdiklərinin inandırıcılığına, mötəbərliyinə və sübut kimi qəbul edilə bilməsinə də tənqidi yanaşaraq qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəf kredit müqaviləsinin başqa əqdi pərdələmək nəticəsində bağlanmasını sübut edə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisələndirilən kredit müqaviləsi notariat kontorunda bağlanaraq notariat qaydada təsdiq edilmiş və həmin müqavilələdə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Təsadüfü deyildir ki, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, əqdləri notariat qaydasında təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah edir və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır (38-ci bənd). Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin başqa əqdi pərdələmək nəticəsində bağlanmasını sübut edə bilməmiş, tərəflər arasında bağlanmış sözügedən müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış reyestrdə 3“M”2-60 nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsinə səbəb ola biləcək qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın rədd edilməsi əsas götürülərək məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsində göstərilir ki, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar