Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3045/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Bəybalayeva Leylafər Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-4505/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi və hazırki vaxtadək ödənilməmiş yığılıb qalmış 20.000 aliment borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Dini kəbinlə ailə həyatı qurmuşlar. Onların birə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Onların ailə münasibətləri artıq pozulmuşdur. Uşaqlar onun himayəsindədir. Hazırda uşaqların saxlanılması ilə bağlı çox çətinlik çəkir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-4505/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-4505/2020 saylı qətnaməsinə əsasən hesablanmış aliment borcunun silinməsi və alimentin ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə və ailə qanunvericiliyinin tələbinə əsasən o, aliment ödəmək öhdəliyindən azad edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan çıxarışa əsasən müəyyən olunmuşdur ki, o, rəsmi olaraq hazırki iddi üzrə Cavabdeh 6337 manat aliment ödəmişdir. Bundan əlavə, faktiki olaraq birlikdə yaşadıqları müddətdə 6000 manata qədər ərzaq alınmış və ailənin tələbatının ödənilməsinə xərclənmişdir. 2022-ci ilin avqust ayında hazırki iddia üzrə Cavabdeh və birgə nikahından doğulmuş uşaqlar İran İslam Respublikasına getmiş və hazırki vaxtadək geri qayıtmamışlar. Bundan əlavə, onun övladları ilə ünsiyyət hüququ pozulmuş, belə ki, cavabdeh övladlarını ondan gizlədərək, xarici ölkəyə aparmış və o, övladlarını görməyə həsrətdir, onların sağ olub-olmaması barədə məlumatsızdır. Göstərilən xüsusatlar onun aliment məbləğinin ödənilməsindən azad edilməsi ilə nəticələnməsinə əsas verə bilər. Belə ki, hazırki vaxtadək imkanı olduğu qədər alimenti ödəmiş və hazırda övladlarının sağ olub-olmaması barədə məlumatının olmaması, yüksək şəkər xəstəliyi onun aliment ödəmək öhdəliyindən azad olunması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Həmçinin iddiaçı ona verilmiş suala cavab olaraq bildirdi ki, o, davamlı olaraq bu xəstəliyə görə müalicə alır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-4505/2020 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, ali təhsilini davam etdiyinə görə İran İslam Respublikasına köçmüş və bu səbəbdən övladını məktəbdən çıxarmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü X2 təhsil aldıqları müəssisənin müəyyənləşdirilməsi məqsədilə “Ümumi təhsil müəssisələrinin informasiya sistemi”ndə axtarış aparılmış, onların adları Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin hər hansı birində aşkar edilməmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xeyrinə xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 50 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022ci il tarixdə 90 manat məbləğlərində ödənişlər etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi- Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev X1 dəfə İAMAS bazasında xx.xx.2022-ci il tarixdə X9 Hava Limanından Bakı-Tehran aviareysi ilə dövlət sərhədindən hərəkətləri qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 4505/2020 saylı icra sənədinə əsasən İddiaçı ödəməli olduğu məbləğ 22.440 manat, ödənilmiş məbləğ 890 manat, qalıq borc isə 21.550 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı 2006-cı ildən Şəkərli diabet xəstədir. Xəstəlik irsi xarakter daşıyır (Ailədə 5 nəfər Ağır Şəkər xəstəsidir). Bu illər ərzində daima REM-də müayinə və müalicələr alıb. Şikayətləri-susuzluq, ağızda quruluq, ayaq və baş ağrıları, tez-tez sidik ifrazı, çoxlu maye qəbulu, əsəbilik, görmənin zəifləməsi, ümumi zəiflik, halsızlıqdandır. Dəfələrlə stasionar müalicələr qəbul edib. Dermoid kista səbəbi ilə əməliyyat keçirib. 10 ilə yaxındır ki, REMdə ambulator mualicə alır. Tez-tez hipo və hiperqlikemik vəziyyətlərə düşür. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, iddiaçının iki tələbi var:
1. 20.000 manat aliment borcunun silinməsi;
2. Aliment ödəməkdən ümumiyyətlə azad edilməsi. İddiaçının göstərilən tələbləri irəli sürməkdə əsasları isə bunlardan ibarətdir ki, cavabdeh uşaqları İran İslam Respublikasına apardığından və geri dönmədiklərindən o, uşaqlarını görə bilmir və ünsiyyət qura bilmir. İkinci əsası isə ondan ibarətdir ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir və onun müalicə xərcləri aliment ödəməsinə yol vermir. Üçüncü əsası isə onun işsiz olmağıdır. Məhkəmə birinci əsasla bağlı qeyd edir ki, cavabdehin uşaqları ilə birlikdə İran İslam Respublikasına getməsi, onların orada yaşaması, iddiaçının uşaqları ilə ünsiyyət qura bilməməsi iddiaçının bir ata kimi öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Əgər iddiaçı uşaqları ilə ünsiyyət qurmaq arzusundadırsa və cavabdeh tərəfindən bu ünsiyyətə maneələr yaradılırsa o, uşaqları ilə ünsiyyət tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Belə ki, Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə ikinci əsasla bağlı isə qeyd edir ki, iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, onun müalicə alması barədə dəlilləri də iddiaçının bir ata kimi öz uşaqlarını saxlamaq vəzifəsindən azad edə bilməz. Çünki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Məhkəmə üçüncü əsasla bağlı isə qeyd edir ki, iddiaçının hazırda işləməməsi də onu uşaqları saxlamaq, aliment ödəmək vəzifəsindən azad etmir. Çünki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə vurğulamağı lazım bilir ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqları cavabdehin himayəsində olduğundan onların bütün qayğıları, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü hazırda cavabdehin üzərindədir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların maddi tələbatlarının ödənilməsi yükünü tək cavabdehin üzərinə qoyulması əsassız olmaqla yanaşı həmçinin ədalətsizdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən Rəşad Qoşqarlı