Məhkəmə qərarları › İş №2(001)-3045/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3045/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3045/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2004-cü il tarixdə X4, xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin və Mediasiya xidmətləri üçün ödədiyim 60 manat rüsumun tutulub ona ödənilməsi, eləcə də 2015-ci ilən hazıradək öənilməyən alimentin də ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə tanışlığı valideyn və qohumlarının vasitəsi ilə olmuş, bu tanışlıqdan sonra cavabdehlə el adəti üzrə ailə qurub evlənmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2004-cü il tarixdə X4, xx.xx.2011-ci il tarixində X5 və xx.xx.2012-ci ildə X6 adlı övladları doğulmuşdur. Göstərilən xüsusat təqdim etdiyi doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən öz təsdiqini tapmışdır. Uşaqları sağ və salamat olaraq onunla birlikdə valideynlərinin himayəsində yuxarıda göstərdiyi ünvanda yaşayır. İş üzrə cavabdeh ilə artıq sonuncu oğlu anadan olandan sonra ər-arvad kimi yaşamır. Həmin vaxtdan ayrılmışlar. O, heç bir yerdə işləmir, uşaqları saxlaya bilmir, azyaşlı uşaqlarının normal vəziyyətdə saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Odur ki, cavabdehdən 3 uşağın normal saxlanmasını üçün sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2015-ci il tarixindən alimentdən yayınaraq halhazıradək 2023-cü ilin noyabr ayının 24-nə qədər alimenti ödəməyib. Ona görə də alimentin miqdarı hazırki vaxtda nəqədərdirsə və nə qədər aliment borcu qalıbsa ödənilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edib, hazırki vaxtadək aliment almamağının səbəbi cavabdeh onu hədələdiyi üçün müraciət etməmişdir. İndi müraciət edib və bütün alimenti tələb edir. Məhkəmə iclsasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2004-cü il tarixdə X4, xx.xx.2011-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi şəhadətnamələrinə əsasən iş üzrə Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 atası olması işin mübahisəsiz halıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdehin 2015-ci il tarixdən alimentdən yayınaraq ödəmədiyi üçün həmin vaxtdan nə qədər aliment borcu qalıbsa ödənilməsi qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki işdə isə iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi (cavabdehə alimentlə bağlı rəsmi qaydada müraciət edib, imtina alması) barədə məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qətnamə qəbul edilərkən alimentin tutulması müddəti iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə evliliklərindən olan xx.xx.2004-cü il təvəllüdlü X4 20 yaşı olmaqla, yetkinlik yaşına çatmışdır. Məhkəmə yetkinlik yaşına çatmayan digər uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, geyimləri ilə bağlı xərci, istirahət vaxtlarının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 29 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (2820 manat) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 58.20 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirakla bağlı 50 manat dövlət rüsumu ödəmişdir. Həmin xərc məhkəmə xərclərinə aid edildiyindən, iddianın qismən təmin edilməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar