Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3105/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay onun xeyrinə 100 manat sabit pul məbləğində aliment tutulmasının müəyyən edilməsi, eləcə də mediasiya qurumuna rüsum olaraq ödədiyi 60 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Bu ailələrindən xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5260/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 1857 sayla qeyd edilmiş nikah qeydi pozulmuşdur. Birgə nikahlarından doğulmuş X2 həddi-büluğa çatana qədər saxlanması üçün onun himayəsinə verilmişdir. Hazırda oğlu 7 yaşına qədəm qoymuşdur, bu il məktəbə gedəcək. Oğlunun daha yaxşı yaşaması, mükəmməl təhsil alması üçün cavabdehin onun xeyrinə müəyyən məbləğdə aliment ödəməsinə ehtiyacı vardır. Bildirir ki, cavabdeh hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, yaxın zamanda cəzasını başa vurub azadlığa çıxacaqdır. Cavabdeh cəzaçəkmə müəssisəsinə düşməzdən əvvəl dəqiq iş yeri yox idi, işləmirdi və ailənin də qayğısına qalmırdı. Cəzasını başa vurduqdan sonra hansısa işdə işləyib-işləməyəcəyi bilinmir. Onun hər hansı bir maaşlı işdə işləyəcəyi inandırıcı deyil. Hesab edir ki, cavabdeh müəyyən məbləğdə sabit pul məbləğində aliment ödəməlidir. Cavabdehin hər ay ardıcıl olaraq 235 manat məbləğinə alimenti ödəyəcəyinə inamı yoxdur. O, adətən işləmək istəmir, tənbəllik edir, ailənin də qayğısına qalan şəxs deyil. Odur ki, cavabdehin alimenti müntəzəm ödəməsi, borcunun yaranmaması, zəhmətlə qazanc əldə edib xeyrinə ödəməsi üçün hesab edir ki, hə ay 100 manat sabit pul məbləğində aliment ödəməsinin müəyyən edilməsi məqsədə uyğun olardı. Aliment tələbi ilə 3 saylı Mediasiya təşkilatına müraciət etsə də ancaq cavabdeh mediasiya sessiyasının iclasına gətirilməmişdir. Mediasiya üçün 60 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentiensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh müəsissəsinin rəhbərliyi vasitəsi ilə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-5260/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 1 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 1857 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikah pozulmasından sonra tərəflərin birgə nikahlarından olan X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. AZ-İ seriyalı, 468790 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 813 №-ilə qeyd edilmişdir. 27 fevral 2024-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən iddia tələbi, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi nəzərə alınaraq uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2024cü ildə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 02.04. 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən hazırki iddianın verilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya ödənilməli və dövlət nəfinə 32 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh sabit pul məbləğində hər ay 100 (yüz) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq, İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3105/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3105/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver