Məhkəmə qərarları › İş №2(001)-3131/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3131/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3131/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ümumi dəyəri 11080 manat olan cehiz əşyaları və 1 ədəd 900 manat dəyərində 8 qram 30 sot 583 əyarlı brilyant nişan üzüyü, 2000 manat dəyərində 2 karat 583 əyarlı sırğa dəsti və üzük gül, 2400 manat dəyərində 30 qram 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon olmaqla, ümumilikdə 16380 manat dəyərində cehiz və qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. O, Cavabdeh ailə həyatı quraraq ünvan 1 ünvanına gəlin köçmüş, bütün cehiz əşyalarını və ona hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarını gəlin köçdüyü evə yerləşdirmişdir. İlk vaxtlar münasibətləri normal olsa da sonradan pisləşmiş və nəticədə cavabdehlə aralarında münaqişələr baş vermişdir. Artıq 1 ilə yaxındır ki, gəlin köçdüyü evdən zorla qovulmuşdur. Evdən qovularkən cehiz əşyaları və qızıl-zinət əşyaları gəlin köçdüyü ünvanda qalmışdır. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək, iddianın yalnız qızıl-zinət əşyaları tələbi üzrə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsinə qarşı etiraz: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının dəyəri həddindən artıq şişirdilmiş və həqiqəti eks etdirmir, iddiaçıya alınan qızıl-zinət əşyalarının cəmi dəyəri 1200 manat olmuşdur. Həmin qızıl-zinət əşyaları birgə nikah dövründə satılmış və onun müalicə olunmasına sərf edilmişdir. Həmçinin iddiaçının öz istəyi ilə getdiyini və gedərkən ona məxsus üzüyü də özü ilə apardığını bildirdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları iddiaçıya bağışlanmışdır. Lakin iddiaçıya toy zamanı cəmi 1200 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə olunmuşdur ki, onlar da iddia ərizəsində qeyd edildiyi kimi brilyant deyil, svarovski qaşlı olmuşdur. İddiaçının qızıl-zinət əşyaları birgə nikah dövründə onun razılığı ilə cəmi 500 manata satılmış və özünün müalicəsinə xərclənmişdir. Daha sonra bildirdi ki, iddiaçının bəzi hərəkətlərinə görə cavabdehlə mübahisələri olmuş və iddiaçı evdən çıxıb getmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mülki işin materialları: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2656/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh Cəfərova (Axundova) Pərvanə Əlibala qızı arasında xx.xx.2018-ci ildə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı aid olan qızıl-zinət əşyaları onun şəxsi istifadəsində olmuşdur. - iş materiallarına əlavə edilmiş flaş (flash) kartda olan toy görüntülərindən müəyyən edilir ki, toy zamanı iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları iddiaçıya bağışlanmışdır. Həmin qızıl-zinyət əşyalarının üzərində olan qiymət kağızlarından görünür ki, onların ümumi dəyəri 1950 manatdır. - Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xəstəliklə əlaqədar müayinələrdən keçmiş və müalicələr almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. - 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin həqiqi halları, iddiaçının və cavabdehin verdiyi izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuş, sonradan tərəflərin münasibəti pisləşmiş, tərəflər arasında mübahisə yarandığına görə iddiaçı evdən getməyə məcbur olmuş, cehiz əmlakları və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qızıl-zinət əşyalarının gəlin köçərkən hədiyyə şəklində verilməklə ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehdə qalmasını məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirmişdir. Lakin cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə, o cümlədən 500 manata satılmasına dair heç bir sübüt təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyaları mövcud olmadıqda onların dəyəri cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçıya toy zamanı qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə mübahisə nəticəsində gəlin getdiyi evi tərk etmiş və bundan sonra bir daha ora qayıtmamışdır. Sonradan onların ailə kimi bir yerdə yaşaması mümkün olmamış və aralarında olan nikah pozulmuşdur. Tələb olunan qızıl zinət əşyaları isə cavabdehə məxsus evdə qalmışdır. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq subuta yetirilmişdir. Həmçinin cavabdeh mübahisəli qızıl-zinət əşyalarının onda qalmasını, sonradan isə həmin əşyaların satılmasını məhkəmə iclasında etiraf etmişdir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) 27. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və mülki işin məhkəmə tərəfindən yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına istinad edən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları İddiaçı gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız onun əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş flaş (flash) kartda olan toy görüntülərini sübut kimi qiymətləndirərək qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 1950 manatdır (bir üzük 600 manat, bir üzük 150 manat, komplekt 1200 manat). Odur ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyərinin 5300 manat olduğunu qeyd etsə də bu, iş materialları ilə qismən, yəni 1950 manat hissədə təsdiq olunur. Ona görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mövcudluğunu və ona hədiyyə olunduğunu sübuta yetirə bildiyi, hazırki iddiası ilə tələb etdiyi qızıl-zinət əşyaları (1 ədəd 583 əyarlı brilyant nişan üzüyü, 583 əyarlı sırqa dəsti və üzük gül, 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri 1950 manat olan pul vəsaiti tələb üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd 583 əyarlı brilyant nişan üzüyü, 583 əyarlı sırqa dəsti və üzük gül, 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat olan pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar