Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3133/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması barədə ərizəsinin təmin edilib, Cavabdeh 10 may 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu X1 üçün əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olaraq ailə həyatı qumuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(001)-4073/2020 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 üçün 80 (səksən) manatdan artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq uşağının saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, cavabdeh bu müddət ərzində "xxxx" ASC-də, daha sonra isə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin əməkdaşıdır. 1000 manat civarında və daha çox əmək haqqı alır. Bu barədə onun iş yerinə sorğu göndərilsə də, cavabdehin işlədiyi iş yeri tərəfindən cavablandırılmamışdır. Cavabdeh qazandığı pulları öz doğma övladına xərcləməyə əli gəlmir. Bir xüsusatı da qeyd edir ki, cavabdehdən olan övladı anadangəlmə allergik astma xəstəliyindən əziyyət çəkir, daimi olaraq pediatr-allerqoloq nəzarətində olmaqla müalicə olunur. Buna xeyli iynə-dərman tələb olunsa da, cavabdeh bu xərclərdə ona köməklik göstərmir, heç bir xərcdə iştirak etmir. Həmçinin uşağının böyüdükcə onun saxlanması, zəruri olan nemətlərlə təchiz olunması, həmçinin tədrisi, geyimi və müalicə olunması üçün 170 manat aliment kifayət etmir. Bu səbəbdən də alimentin cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsindən tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 26-cı maddəsində ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri, 29-cu maddəsində isə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyalarının keçirilmə xüsusiyyətləri müəyyən edilmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; Göründüyü kimi hazırki iddia ərizəsi ailə mübahisəsi ilə bağlı olmasına baxmayaraq, iddiaçı mediasiya ilə bağlı sənəd təqdim etməmişdir və bu iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Bundan başqa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, göründüyü kimi qanunvericilikdə qətnamə ilə müəyyən edilmiş alimentin artırılması və azaldıması nəzərdə tutulmuşdur. İddiaçı isə cavabdehdən tutulan aliment məbləğinin artırılmasına nail olmaq istəsə də, faktiki olaraq məhkəmədən müəyyən edilməsini xahiş etdiyi tələb alimentin tutulması olmuşdur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır və iddiaçıya izah edilməlidir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin iddiaçının nəzərinə çatdırılsın ki, yenidən iddia ərizəsi verilərkən sadalanan məqamlar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3133/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3133/2022
22.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver